Hacı Zeynalabdin Tağıyevin mülkü
Milli Azərbaycan Tarixi Muzeyi qədim və zəngin mədəniyyəti olan xalqımızın ulu keçmişini özündə yaşadan, bu tarixi yolu əks etdirən eksponat və materialların toplandığı ünvanlardan biridir.
Muzeyin yerləşdiyi bina məşhur sahibkar, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin və ailəsinin yaşayış evi olub. Bakı şəhərinin baş memarı olmuş Iosif Vikentyeviç Qoslavskinin (1865-1904) layihəsi əsasında tikilmiş Tağıyev sarayı Bakının ən gözəl binalarından biridir.
Sarayın tikintisi zamanı müxtəlif memarlıq üslublarından istifadə olunmuşdu.
Binanın tikintisi üçün işlədilən inşaat materialı, eləcə də avadanlıq, mebel, çil-çıraqlar və interyer üçün lazım olan hər şey Rusiyadan və Qərbi Avropadan gətirilmiş, yüksək ixtisaslı ustalar və rəssamlar dəvət olunmuşdu. Ikinci mərtəbənin anfiladasında nəbati naxışlı pilyastrlarla bəzədilmiş Avropa zalı yerləşirdi. Şərq zalı isə özünün əzəməti, ornamentlərin təmtəraq və zərifliyi ilə fərqlənirdi. Mərkəzində kiçik fəvvarə olan qış bağı Şərq zalına birləşdirilmişdi. Hacının həyat yoldaşı Sona xanımın öz orijinallığı ilə seçilən buduarının – kiçik qonaq otağının tavanı fiqurlu güzgülü lövhəciklərdən yığılmışdı.
1914-cü ildən sarayda H.Z.Tağıyevin başçılıq etdiyi Bakı Tacir bankı da yerləşirdi.
1920-ci ilin aprelində Azərbaycanda hakimiyyəti ələ almış bolşeviklər Tağıyev sarayını müsadirə etmişdir. Azərbaycan Xalq Maarif Komissarlığının sərəncamı ilə buarda “Doğma diyarın tədris muzeyi” təşkil olunmuşdur. Bu, 1921-ci ildən Azərbaycan Dövlət Muzeyi, 1945-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının tərkibində Azərbaycan Tarixi Muzeyi kimi fəaliyyət göstərib. Azərbaycan müstəqillik qazandıqdan sonra 2004-cü ildə muzeyə indiki status – Milli Azərbaycan Tarixi Muzeyi adı verilmişdir.
Yarandığı ilk dövrdə muzeydə tarix, arxeologiya və etnoqrafiya, botanika və zoologiya, minerologiya və geologiya, təsviri incəsənət və bədii sənət, xalq təhsili, köməkçi tədris müəssisələri şöbələri, eləcə də Azərbaycan Doğma Diyarın Tədqiqi Cəmiyyəti və Qədim abidələrin mühafizəsi komissiyası fəaliyyət göstərirdi. 1923-cü ildə yaradılan və muzeylə sıx əlaqədə fəaliyyət göstərən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti muzeyin tərkibindəki cəmiyyət və komissiyanı özündə cəmləşdirdi. Sonrakı illər dövrün tələbinə uyğun olaraq muzeydə dəfələrlə struktur dəyişikliyi edildi.
1941-ci ilədək həm Tağıyev mülkündə, həm də Şirvanşahlar Sarayında əsasən müxtəlif tarixi mövzularda sərgilər təşkil edən Muzey müharibə və sonrakı illərdə elmi-tədqiqat işlərinə daha çox üstünlük verirdi. Bu isə Muzeydə bilavasitə öz istiqamətinə uyğun işlərin zəifləməsinə gətirib çıxartdı. Yalnız 1953-cü ildə Tağıyev mülkünün yenidən Muzeyə qaytarılması və dövlətin muzey quruculuğu sahəsində gördüyü tədbirlər Tarix Muzeyində xalqımızın ta qədimdən bu günədək tarixini əks etdirən elmi ekspozisiyanın qurulması üçün şərait yaratdı.
Böyük bir tarixi fond
Muzeydə hazırda altı şöbə (Azərbaycanın qədim və orta əsrlər dövrü tarixinin ekspozisiyası, Azərbaycanın yeni dövr tarixinin ekspozisiyası, Azərbaycanın ən yeni dövr tarixinin ekspozisiyası, Etnoqrafiya, Numizmatika və epiqrafika, Elmi-ekskursiya və kütləvi işlər şöbələri), Muzey əşyalarının bərpası laboratoriyası, 12 fond, 4 qrup və kitabxana fəaliyyət göstərir. Azərbaycan Tarixi Muzeyində ekspozisiya, elmi-tədqiqat, elmi-kütləvi və fond işlərinin əsas istiqamətlərini tarix elminin son illərdə əldə etmiş olduğu nailiyyətlərə və muzeyşünaslığın dünya təcrübəsi ilə təsdiq olunan müasir prinsiplərinə əsaslanaraq ekspozisiyanın qurulması, onun daim zənginləşdirilərək təkmilləşdirilməsi, Azərbaycan xalqının qədim dövrdən bu günədək tarixini əks etdirən maddi və mənəvi mədəniyyət abidələrinin toplanması və mühafizəsi, tədqiqi, nəşri, onların ekspozisiya və sərgilərdə nümayişi və təbliği təşkil etmişdir.
2004-2007-ci illərdə muzeyin binası əvvəlki görkəmini saxlamaqla müasir muzey tələbləri səviyyəsində bərpa və təmir olundu. Muzeyin yeni avadanlıqla təchiz olunması, nadir muzey ekponatlarının bir hissəsinin bərpa və konservasiya edilməsi və bunun nəticəsində tariximizin bütün dövrlərinin daha dolğun təqdim olunması muzeyi ölkənin tarixi-mədəni irsinin qoruyucusuna çevirib.
Yarandığı ilk gündən həm mədəni-maarif, həm də elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərən Azərbaycan Tarixi Muzeyinin işi haqqında danışarkən tez-tez “birinci” və ya “ilk dəfə” sözlərini işlətmək lazım gəlir. Belə ki, hələ 1925-ci ildə Xocalıda və Naxçıvanda təşkil olunan arxeoloji ekspedisiyalar Azərbaycan ərazisində qədim maddi-mədəniyyət abidələrinin elmi baxımdan öyrənilməsinin əsasını qoydu. Sonrakı illərdə muzey əməkdaşları Qafqaz Albaniyasının paytaxtı Qəbələdə, orta əsr şəhərləri Gəncədə, Xarabagilanda, Örənqalada arxeoloji tədqiqatlar apardılar. Qəbələ rayonu ərazisində aşkar edilən Yaloylutəpə mədəniyyəti Böyük Qafqaz ərazisindəki maraqlı tapıntılardan oldu.
Muzeydə Azərbaycan tarixinin bütün dövrlərini əks etdirən ekspozisiya zallarında 300 minədək eksponat toplanılıb. Daş dövrü, orta əsrlər və antik dövrə aid əşyalar muzeyin qiymətli eksponatları sırasındadır. Azərbaycan ərazisində mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətləri dövrünə aid maddi-mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verir.
Muzeyin birinci zalında Azərbaycanın kosmosdan çəkilmiş xəritəsi diqqəti cəlb edir. Xəritədə Azərbaycanın ərazisi, əhalisi, relyefi, florası, faunası, faydalı qazıntıları və s. barədə məlumatlar var. Buraya gələnlər elektron gidlərin köməyi ilə Azərbaycan, rus və ingilis dillərində ölkəmiz haqqında ətraflı informasiya ala bilərlər. Böyük ekranda və monitorda kinofilmlərə baxmaq olar.
Tarixin hafizəsində qalan keçmiş
Xəritədən sağ tərəfdəki paneldə tariximizin ayrı-ayrı dövrlərini tamaşaçıların diqqətinə çatdırmaq üçün vitrinlərdə istifadə olunan rəng çalarları müəyyən məna kəsb edir. “Tarixi dövrlərin rənglərlə təsnifatı” planından göründüyü kimi, hər bir tarixi dövr müxtəlif rənglərlə nəzərə çatdırılır.
Ekspozisiyada şüşəli vitrinlər və şkaflar Italiyadan gətirilib. Burada Daş dövrünə, Paleolit, Neolit, Eneolit, Tunc və Dəmir dövrlərinə aid eksponatlar (çaxmaqdaşı və dəvəgözü, əmək alətləri, gil qablar, tunc qılınc və xəncərlər, antik sikkələr, qadın bəzək əşyaları və s.) vitrinlərdə yerləşdirilib. Əvvəlkindən fərqli olaraq, yeni qurulmuş ekspozisiyada Azərbaycan-Türk Islam mədəniyyəti nümunələri nümayiş etdirilir. Zalda qoyulmuş miniatür nümunələri Orta əsrlərdə bu sənətin ölkəmizdə çiçəkləndiyini sübut edir.
Muzeyin 2-ci mərtəbəsindəki Qərb (Avropa) zalında Azərbaycanın xanlıqlar dövründən (18-ci əsr) başlanan yeni tarixinə dair ekspozisiya yerləşib. Qeyd edək ki, vaxtilə Tağıyev Avropadan gələn qonaqlarını məhz bu zalda qəbul edərmiş. Xanlıqlar dövrünə aid müxtəlif eksponatlar, şəhər-qalaların rəmzi açarları, sənədlər, geyimlər, müqavilələr, dövrü əks etdirən şəkillər maraq doğurur. Burada Azərbaycan xanlıqlarının bayraqları, rəmzləri və çar Rusiyası işğalı dövrünə (1801-1828) aid materiallar, həmçinin dövrün etnoqrafik materialları – xalça məmulatları, milli geyim, məişət əşyaları və s. nümayiş olunur.
Sonrakı zallarda Azərbaycanda sənaye, neft, nəqliyyat, din, mədəniyyətin inkişafı ilə bağlı eksponatlar yerləşdirilib. Digər bir ekspozisiya Azərbaycan tarixinin xronoloji ardıcıllığı əsasında ictimai-siyasi hərəkatlar, birinci Dünya müharibəsi və inqilabi hərəkatla bağlı materiallarla davam etdirilir. Muzeyin bu hissəsində Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı materiallar da öz əksini tapıb. Azərbaycanın istiqlalına köməyə gəlmiş türk (Osmanlı) ordusuna və Azərbaycan milli ordusuna aid geyimlər, silahlar, fotolar və s. tariximizin bu dövrünü ziyarətçilərə təqdim edir.
Muzeydə diqqətçəkən faktlardan biri də burada əsaslı təmir-bərpadan sonra Tağıyevin yeni memorial ev-muzeyinin yaradılmasıdır. Əvvəllər muzeydə bunun üçün yalnız bir otaq (Tağıyevin iş otağı) ayrılmışdı və müəyyən əşyalar, mebel və s. saxlanılırdı.
Indi isə böyük xeyriyyəçinin ailə fotoalbomu əsasında 8 otağı və ona məxsus əşya və mebelləri bərpa edilərək, əvvəlki görkəminə qaytarılıb. Tağıyevin əşya və mebellərindən – yazı stolu və kreslosu, stolüstü lampası, royal və stulu, səkkizguşəli stol, iki şkaflı divan, tablolar, heykəllər, xalçalar, güldanlar, şamdanlar, çilçıraqlar və s. bərpa olunaraq öz yerlərində yerləşdirilib. Burada bir sıra maraqlı eksponatlar var. Yemək masası üzərinə qoyulan qabları Tağıyevin qızının nişan mərasimində Buxara əmiri hədiyyə verib. Digər qabları isə təmirdən sonra milyonçunun qohumları muzeyə bağışlayıb. Mesenatın istirahət otağında o dövrdə istifadə olunan və sonradan bərpa olunan bilyard masası qoyulub. Muzeydə Tağıyevin həyat və fəaliyyətinə dair fotoşəkillər, tarixi sənədlər, məşhur xeyriyyəçiyə məxsus qiymətli əşyalar qorunur.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir