Siyasət və cadu

Siyasətdə də adamın “Hər şey cəhənnəm olsun!” – demək istədiyi vaxt olur. Bu elə vaxtlar baş verir ki, müxtəlif ehtimalların, gümanların və fərziyələrin kələfini qarışdırmış olursan, ha fikirləşirsən, görürsən ki, elə nəsə çatışmır! Insanlar özlərilə böyük sirlər aparırlar. Çox az siyasət adamı olur ki, özündə güc tapıb memuarlar yazır. Amma bu memuarlar da əslində bizim kimi sadə insanlar üçün bir illüziya olur. Insanlar da illüziyaları sevirlər, bəzən onsuz hətta yaşamağa belə çətinlik çəkirlər. Elmin elə istiqamətləri var ki, hər bir adam bununla bağlı söz deməyə ehtiyac duyur. Siyasət də belədir, dünyada nə qədər adam varsa, bir hadisə haqqında da o qədər mülahizə var. Indi Bin Laden artıq yoxdur. Amma suallar var. Niyə görə öldürüldü? Niyə diri olaraq tutulmadı? Niyə dənizə atıldı? Niyə şəkillərini göstərmirlər? Niyə məhkəmə qarşısına çıxarmadılar? O, nələri danışa bilərdi? Bu suallar hələ çox davam edəcək. Insanlara həm düşünməyi yasaq etmək olmaz, həm də adi həqiqət var: siyasətçilər çalışmalıdırlar ki, onların əməlləri və sözləri mümkün qədər az sual doğursun! Nə isə. Bu məsələni yekunlaşdıraq. Dünya siyasəti yorur və adamı arabir reallıqdan da ayırır. Böyük materiyalar haqda düşünmək bizim haramıza yaraşır? Heç belə düşüncələrin “sifarişçiləri” də yoxdur. Bir sadə həqiqət var: biz çox kiçik dövlətin fərsiz politoloqları və analitikləriyik. Bəlkə də məsələ heç ölkənin kiçikliyində də deyil, çünki dünyanın diqqətini tamamilə zəbt edən çox kiçik dövlətlər və hətta dövlətləri olmayan insanlar var! Məsələ ondarır ki, biz hələ elə bir dövlətdə yaşayırıq ki, burada elə bir siyasət də yoxdur, buranın insanları Amerika, Asiya haqqında mühakimələr yürütməyi daha çox sevirlər, buranın insanları həmvətənləri ilə deyil, başqa ölkələrin insanları ilə həmrəylik nümayiş etdirməyi daha çox xoşlayırlar. Hə, çox qəliz ölkəmiz var. Əllərimizdəki, ayaqlarımızdakı qandallar bizləri elə bir fikrə təhrik etmir, öz əllərimizdəki, ayaqlarımızdakı qandalları görmürük, ona görə ki, başqalarının qulağında sırğa axtarırıq! Və tapırıq da! Bu da olduqca qəribə bir vəziyyətdir! Mən çox istəyirəm ki, öz ölkəmin siyasətindən azacıq olsa da yazım. Qoy, xarici siyasət haqda Ariel Koen danışsın! Ona görə yox ki, o, daha çox bilir, daha çox məlumatlıdır və daha maraqlı danışır. Yox, heç də belə deyil! Ona görə ki, onun böyük siyasətdən danışmağa haqqı çoxdur və danışa bilər, çünki böyük bir ölkəni və bu ölkənin içində böyuk partiyanı təmsil edir. Bəs bizlər kimi təmsil edirik? Buna görə də özümüzdən yazsaq daha yaxşı olar. Bəli, cəhd edirik. Amma daha çox giley-güzar və mərsiyə alınır. Nə etmək olar?

Bu haqda indi niyə danışırlar?

Sən demə, Iran prezidenti cadu ilə məşğul olurmuş. Doğrusu, bu fikir məni zərrə qədər də olsun, təəccübləndirmədi. Molla rejimində, mollaların böyük bir hörmət və səlahiyyət sahibi olduğu ölkədə insanlar nəyə görə də cadu ilə məşğul olmasınlar? Mollanın işi nədir? Ölü basdırmaq, dua yazmaq! Dualar da cürbəcür olur yəqin… Ona görə də mən təəccüblənmədim. Əgər desələr ki, Iranda simfoniya yazırlar, bəlkə də bu, mənə bir qədər təəccüblü görünər və düşünməyə vadar edərdi. Molla rejimində siyasi rəqiblərin “dilini-ağzını bağlamaq” çox məntiqli görünür. Mən ona təəccüblənirəm ki, bu haqda indi niyə danışırlar? Baxaq, görək, nəticəsi nə olur?! Çox güman ki, müsbət bir nəticə versə, elə başqa ölkələr də bu təcrübəyə müraciət edəcək… Elə bir də gördün eşidəcəyik ki, hansısa digər ölkədə iqtidar müxalifətin dilini-ağzını lap möhkəm-möhkəm bağlatdırıb! Ona görə də ehtiyatlı olmaq lazımdır!

Kiçik sözardı

Bəli, vaxt vardı, böyük analitik yazılar yazırdıq. Indisə buna nə köşə janrı, nə də siyasətin özü imkan verir. Mikroskopla baxırsan ki, hansısa siyasi detal tapasan. Yox, saray çəkişmələri davam edir, on səkkiz illik siyasət tamamilə iflasa uğrayır, siyasi rejimin tənəzzülü güclənir. Amma bütün bunlar elə bir dairədə baş verir ki, bizim oralara “girişimiz” yoxdur. Ona görə yazmağa da çətinlik çəkirsən!