Diktatorların aqibəti

“Onlar bəşəriyyətin dəhşətli bəlalarıdır”.
Ünlü Kolumbiya yazarı, Nobel mükafatı laueratı Qabriel Qarsia Markes diktatorlar haqqında belə deyib.
Gerçəkdən Antik dövrlərdən üzü bəri bütün diktatorlar bəşər övladının qəniminə çevrilib.
Cümlə diktatorlar 2 əsas xüsusiyyətə – qəddarlığa və aqibətlərinə görə bir-birinə çox bənzəyirlər.
Onların hərisliyini və qəddarlığını bir tərəfə qoyub, aqibətlərinə nəzər yetirək.
Vaxt almamaq üçün XX əsrin diktatorlarının üstündə dayandım.
Buyurun, Markes demişkən, “dəhşətli bəlaların” bir qisminin acı taleləri ilə tanış olun.
Adolf Hitler – Milyonlarla insanın məhvinə səbəb olmuş bu qəddar diktatorun ölümü barədə müxtəlif versiyalar var. Ən çox hallananı özü-özünü güllələmiş qaniçənin vəsiyyətinə uyğun meyitinin üstünə benzin töküb yandırılmasıdır.
Benitto Mussolini – Italiyada faşizmin banisini, qaniçən diktatoru partizanlar asdıqdan sonra başını kəsdilər.
Iosif Stalin – Saysız-hesabsız sovet vətəndaşını repressiya maşınından keçirən qatil diktatorun meyitini bağ evində aşkar etdilər. Bəzi tədqiqatçılar Stalinin zəhərlənib öldüyünü yazırlar.

Anastasio Samosa Qarsia – Nikaraqua diktatoru 20 il öz xalqını zülmə məruz qoydu. Sui-qəsd nəticəsində öldürüldü.
Antoniu di Oliveyra Salazar – 36 il Portuqaliyaya diktatorluq etdi, ölkəsində faşist rejimi qurdu və 79 yaşında stuldan yıxıldıqdan sonra beyninə qan sızdı. Iki il huşsuz vəziyyətdə xəstəxanada qaldıqdan sonra öldü.

Pol Pot (Salot Sar) – Xüsusi qəddarlığı ilə seçilən və Kambocada hakimiyyəti saxlamaqdan yana misli görünməmiş qətliam törədən diktator. Ömrünün son bir ilini cəngəlliklərdə gizləndi və orada da öldü.

Dada Idi Amin – Afrikanın ən qəddar diktatorlarından biri olaraq tarixə keçib. Hakimiyyəti dövründə Uqandada milyonlarla insanı qətlə yetirdi. Xalqın intiqamından qurtulmaq üçün ölkədən qaçdı. Səudiyyə Ərəbistanında öldü.

Nikolae Çauşesku – Rumıniya diktatorunu arvadı ilə birgə məhkəməsiz-filansız Milad bayramı günü güllələdilər.
Səddam Hüseyn – 24 il Iraqda padşahlıq etdi. Özünü Allaha tay tuturdu. Hakimiyyət hərisliyi dünyanın ən qədim dövlətlərindən birinin xarabalığa çevrilməsi ilə sonuclandı. Özünü isə 2006-cı ilin dekabr ayının 30-da bəşəriyyətin gözləri qarşısında dar ağacından asdılar.

Menqistu Hayle Mariam – Efiopiyada xalqa qarşı genosid gerçəkləşdirən diktator. Haqqında ölüm hökmü var. Zimbabve diktatoru Robert Muqabeyə sığındığından hökm hələ ki, icra olunmayıb.
Hüsnü Mübarək – 32 il qədim fironlar məmləkətində fironluq etdi. Hakimiyyəti oğluna ötürmək ərəfəsində Misir xalqı qəflət yuxusundan oyandı və Mübarəkin taxt-tacını çevirdi.

Indi 82 yaşlı Hüsnü Mübarək oğulları ilə birgə həbsxanadadır və məhkəmənin nə zaman edam qərarı verəcəyi günü gözləyir.
Müəmmər Qəzzafi – 40 ildən artıqdır Liviyada diktatorluq edən bu şəxsin hakimiyyət hərisliyi hələ ki, minlərlə liviyalının, bir oğlunun və üç nəvəsinin ölümü ilə nəticələnib. Sonrakı qurbanlar kimdir? Bunu zaman göstərəcək…

Siyahını uzatmaq da olar. Sudan və Tunis diktatorlarının aqibətindən xəbəriniz var. Suriyada diktatorluğu atasından hədiyyə almış Bəşər Əsədin aqibəti də yaxın günlərdə bəlli olacaq.
Diktatorların hamısının aqibəti bir-birinə bənzəyir.
Maraqlıdır ki, onların əksəriyyətinə ADAM kimi dünyasını dəyişmək müyəssər olmur.
Ondan da maraqlısı diktatorluq eşqinə düşənlərin gözü çıxmış qardaşlarından ibrət götürməməsidir.
Bütün diktatorlar cəllad xislətlidir, qana susayıblar.
Bütün diktatorlar hakimiyyəti qorumaq üçün xalqa qarşı silah işlədir.
Və o silah bir gün onların özünə qarşı tuşlanır.
Tuşlanıb.
Tuşlanacaq da.