Əsəd Qəzzafinin yolunu gedir

Suriya hakimiyyəti etirazları tanklarla yatırmağa çalışır; təhlükəsizlik qüvvələri evlərə basqın edir

12 yaşlı uşaq Əsəd rejiminin qurbanı oldu

Suriya prezidenti Bəşər Əsəd yeddi həftədən bəri davam edən hökumət əleyhinə nümayişləri yatırmaq üçün tank və zirehli hərbi texnikanın istifadəsini sürətləndirib. Dəraa və Banyasdan sonra srağagün Suriyanın üçüncü ən böyük şəhəri Humusa tanklar yeridilib.

Ölkədə fəaliyyət göstərən insan hüquqları müdafiə təşkilatlarından yayılan məlumatlara görə, gecə yarısı əsgərlər tank və zirehli texnikanın müşaiyyəti ilə Humus şəhərinə daxil olub. Şəhərin Ban Səbaa, Bab Əmru və Tel Əl Sur məhəllələrinə basqın ediblər. Ordunun keçirdiyi xüsusi əməliyyat zamanı 12 yaşlı bir uşağın da öldüyü bildirilir. Basqınlar zamanı həlak olanların sayının artacağı istisna edilmir.

Bəşər Əsəd rejiminə qarşı etirazların yatırılması məqsədiylə hökumət qüvvələrinin zorakılıq və hücumları nəticəsində ölü və yaralıların sayı haqda dəqiq məlumatlar əldə etmək çətinləşib. Əməliyyatların keçirildiyi şəhər, qəsəbə və vilayətlərdə elektrik enerjisi və kommunikasiya əşəbəkəsi sıradan çıxarılıb.

Paytaxt Dəməşq isə tamamilə ordunun mühasirəsindədir. Dəməşqin dörd bir ətrafı hökumət qüvvələrinin nəzarəti altındadır. Paytaxta qərb istiqamətdən yaxın olan Muadhamiyə blokadaya alınıb. Bölgədəki antihökumət əleyhdarlarına qarşı əməliyyatlar keçirilir. Ötən gün Muadhamiyədə silah səsləri eşidilib. Əsəd əleydarları ilə tərəfdarları arasında gedən silahlı qarşıdurmaya hökumət qüvvələrinin də qoşulduğu bildirilir. Müxalifət tərəfdərlarının nəzarət etdiyi internet saytlarda yayılan xəbərlərə görə, Muadhamiyə ilə ətraf bölgələr arasında rabitə əlaqəsinin kəsilib. Elektrik enerjisinin verilişi dayandırılıb.

Bundan başqa ordu birləşmələri etirazların mərkəzinə çevrilən Dəraa şəhərindən 10 km şimalda yerləşən Tafas Tafas qəsəbəsinə tank və hərbi texnikanın müşaiyyəti ilə daxil olub. Şahidlərin sözlərinə görə, ən az 8 tank 30 min əhalisi olan qəsəbəyə girib. Bundan sonra qəsəbədə atəş səsləri intensivləşməyə başlayıb. Təhlükəsizlik qüvvələri gəncləri həbs etmək üçün evlərə basqınlar təşkil ediblər.

Suriya Daxili İşlər Nazirliyi növbəti dəfə açıqlama verərək hakimiyyətə qarşı etiraz aksiyalarına qatılmış və xüsusi fəallıq göstərmiş şəxslərin təslim olmaları üçün mayın 15-nə qədər vaxt verilməsinə dair bəyanatı təkrarlayıb. Dövlət televiziyası isə aprelin 29-da Dəraa şəhərinə yaxın Sayda və Tafas qəsəbələrindəki hərbi düşərgəyə hücumda ittiham olunan silahlı qrupun üzvlərinin və onların sahib olduğu hərbi texnikanın fotoşəkillərini yayıb.

Bəşər Əsəd rejimi müxalifətə qarşı sərt addımlarını davam etdirdiyi vaxt dünyanın bir neçə ölkəsində Suriya hakimiyyəti əleyhinə, müxalifətə isə dəstək aksiyaları keçirilib. Almaniyanın paytaxti Berlində və İngiltərənin paytaxtı Londonda keçirilən askiyalarda Bəşər Əsəd rejiminə qarşı şüarllar səsləndirilib. Suriya hakimiyyətindən müxalifətə və dinc aksiyalara qarşı zorakılıqların dayandırılması tələb olunub.

Xatırladaq ki, Suriyada martın ortalarından başlayan etiraz aksiyalarına hökumət qüvvələrinin sərt müdaxiləsi nəticəsində 800-ə yaxın nümayişçi qətlə yetirilib, minə yaxın müxalifət tərəfdarı həbs olunub. Yerli insan haqları təşkilatları təxminən 8 min etirazçının taleyi barədə məlumat ala bilmədiklərini bildirir.

Bəşər Əsəd rejimi etirazlar başlanandan sonra islahatların aparılacağını bildirib. Ölkədə 48 il davam edən fövqəladə vəziyyət aradan qaldırılıb. Siyasi məhbusların bəziləri azadlığa vuraxılıb. Hakimiyyətin bu addımları da etirazların qarşısını ala bilməyib. Mitinqlərin ilk günündə siyasi azadlıqlar və sosial tələblər qaldırılsa da sonradan Bəşər Əsədin istefası gündəmə gətirildi.

İstefası tələb olunan Bəşər Əsəd isə mitinqlərin silah gücünə dağıdılması və etirazların zorakı vasitələrlə yatırılması yolunu seçdi. Onun bu hərəkəti beynəlxalq birlik tərəfindən kəskin tənqid olundu. ABŞ Suriya hakimiyyətinin öndə gələn rəsmilərinə qarşı sanksiya tətbiq etdi. Avropa Birliyi də analoji addım ataraq etirazların silah gücüylə yatırılmasında şübhəli bilinən şəxslərin bank hesablarının dondurulması və onların Avropa ölkələrinə səyahətinin qadağan olunması haqda qərar qəbul etdi.

Tural