İnsanı həbsə nə aparır: ağıl, ağılsızlıq?

Natiq Güləhmədoğlu natnetaz@gmail.com

Kürdəxanı həbsxanasına havaxt gedirəm, maraqlı əhvalatlara şahid oluram. Dünən də belə keçdi. Türmənin içiylə qapısının ağzının bir oxşarlığı var. Azadlıqda olanda insan etdiyi cinayəti cidd-cəhdlə gizlətdiyi halda, kamerada əksinə olur. Əksər dustaq onun cinayət hekayəsini dönə-dönə dinləyən auditoriyaya təşnədi.

Türməyə dustaq balasına, əzizinə baş çəkməyə gələnlər də daha olub, cəzalanan cinayəti gizlətməzlər. Onlar sanki bir-birinə dərdlərini danışaraq yüngülləşirlər. Belə söhbətlər mövzunun qəhrəmanının ünvanına “ağılsız”, “sözəbaxmaz” xitabları ilə müşayiət olunur. Kim nə deyir, desin, əsl “etiraf” verilişi türmə qapılarının qarşısında valideynlər arasında gedir.

Şübhəsiz, türmələrimiz qeyri-siyasi günahsız məhbsularla da zəngindir. Yəni kiməsə elə gəlməsin ki, ancaq siyasətçiləri, partiya üzvlərin şərləyib tuturlar. Yox, necə deyərlər, qeyri-siyasilər də ağlayır.

Ölkədəkı ictimai mühit elədir ki, o bir anın içində insanı cinayətkara çevirə bilər. Bir dəfə mərhum Rafiq Tağı “heç kim mənə qarantiya verə bilməz ki, avtobusda yanımda oturan şəxs heç nə olmadan durub böyürümə bıçaq soxsun” yazmışdı. Doğrudan da belədir, adi ictimai nəqilyyatda elə bir terror mühiti var ki, sən özün bir anın içində qurban da olarsan, qatil də. Bu hələ avtobusdu, dövlət idarələri, məhkəmələr, məktəblər lap dəhşətdi. Elə bu günlərdə “Azadlıq”dan oxuyursunuz, Ağır Cinayətlərə dair Məhkəmənin hakimi heç demə, əsas işi ilə yanaşı həm də maklerlik edirmiş. Ondan-bundan pul alıb direktor, icra başçısı qoydururmuş.

Bunun ucbatındandır ki, Azərbaycanın nə qədər say-seçmə oğlu ömürünün faydalı hissəsini dörd divar arxasında israf edir. Işlər o qədər dolaşıb, adamları gündəlik qayğılar o qədər məşğul edir ki, heç kim cinayətkarlığın nədən bu qədər vüsət aldığının real səbəbini aydınlaşdırmaq istəmir. Cinayətin motivləri unudulub, hamı nəticəyə köklənib. Biz tez-tez Azərbaycanda polisin çoxluğuna qarşı belə bir əks-dəlil eşidirik: Hələ bu qədər polis var, cinayətlər aşıb-daşır, gör onlar olmasa və ya az olsa nələr baş verər? Polisin bir orqan kimi lazımsızlığın iddia eləyəcək qədər anarxist deyiləm. Fəqət bir dəfə o arqumenti səsləndirməyə tənbəllik etməyin ki, sizcə polis yalandan üzə durmasa, cibə nəşə atıb günahsız adamları şərləməsə, işgəncə verməsə, cinayətkarlıq çoxalar, ya azalar?

Dünən belə bir söhbətin tam ortasında idim. Valideynlərin bəzisi uşaqlarının “ağılsızlıq” ucbatından türməyə düşdüyündən giley-güzar edirdi. Onları təəccübləndirdim, dedim dostlar, siz nəyisə deyəsən səhv salırsız, düz danışmırsınız. Axı bu ölkədən nə vaxtdan “ağılsızlıq” ucbatından adam tutulur? 

Sonra sıralamağa başladım; yüksək təhsilli vicdan məhbsularımızı, zindandakı alimlərimizi, vəkillərimizi. Bu adamları axı məhz ağıllı, dərrakəli olduqlarına görə tutublar, siz isə tərsini iddia edirsiniz, dedim. Qısa müddətə çaşqınlıq yarandı.

Sonra söhbətimiz uzandı, o hissənin köşəmizə dəxli yoxdu.

Sadəcə, göstərmək istəyirəm ki, bizim ölkədə vəziyyət elə dramatikləşib, burda elmlə, savadla kiminsə öz həyatını sahmanla yaşayacağını düşünmək kifayət qədər sadəlövhlükdü.

Ağıllı olursan bir zülm, ağılsız olursan iki qatı. Çünki, böhran o həddədir ki, ağıl aciz qalır. Insanlar cinayətə dövlətin yaratdığı münbit şəraitin diqtəsi ilə təhrik olunur. Bunu dərk etmək üçün heç də dərin araşdırmalara gərək qalmır. Normalda dövlət vətəndaşın inkişafı, xəta-baladan qorunmasını ali məqsədi sayırsa, bizdə tərsidir. Fikir verin, adam təsəvvür edəndə belə saçları biz-biz durur. Indi bizim məhkəmədə Azərbaycan Respublikası adından “Azadlıq” qəzetinin 3-cü səhifəsindəki fotolarını gördüyünüz büllur şəxsiyyətlər cinayətkar elan edilir və ediləcək. Respublika onu quran, qoruyan adamları cinayətkar edir, cəzalandırır.

Bu gedişi dəyişməyə məhkumdu. Vətəndaş kimi dövlətin də nankorluğu pisdi, yolverilməzdi.