Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Bir neçə ayın söhbətidir, təsadüfən uzun illərin sıravi müxalifətçisi ilə qarşılaşdıq. Onunla tanışlığımız 2005 mitinqlərində başlamışdı. Elə ondan sonra da bir qayda olaraq, mitinqlərdə görüşürük. Hərdən də bəy zəng edir, öz təbirincə desək, ordan-burdan danışıb ürəyini boşaldır.
Indi də ayaqüstü bir az dərdləşdik, ayrılmaq ərəfəsində bəy üzündən və səsindən aydın hiss edilən dərin bir kədər və iztirabla dedi: “Axırıncı dəfə nə vaxt sevindiyim yadımdan çıxıb”.
O, təbii ki, şəxsi mənada, hansısa məişət məzmunlu sevinci nəzərdə tutmurdu. Həmin o bir cümlənin altında ictimai əzablarımızın, siyasi ağrılarımızın bizə get-gedə tamamilə yadırğatdığı sevinc hissinin özləmi vardı. Mən, saçları mitinq meydanlarında, azadlıq mübarizəsində ağarmış, alnındakı saysız qırışlar bir az da demokratiyanın gediləsi uzun, incə yoluna bənzəyən bu sadə, ləyaqətli insana ürək-dirək üçün bir neçə cümlə dedim, hər şeyin əvvəl-axır yaxşı olacağını söylədim, hətta hamımız üçün çox dəyərli olan Intiqam Əliyevin məhbəsdən göndərdiyi mesajı xatırlatdım: “Pozitiv olun! Gözəl günlər görəcəyik”.
Amma onu da hiss etdim ki, deyəsən, stajlı müxalifətçi dostum mənim dediklərimin quru təsəllidən başqa bir şey olmadığını düşünür.
Yorğun səslə, ağır-ağır soruşdu:
– Doğrudan belə fikirləşirsən?
– Əlbəttə. – dedim. – Çox keçməz biz də sevinərik.
– Görək də… görək də…
Sonra sağollaşıb ayrıldıq, amma mən yolboyu hələ də ondan eşitdiyim o ilk cümlənin təsiri altında idim: “Axırıncı dəfə nə vaxt sevindiyim yadımdan çıxıb”.
Elə indiyədək də, ara-sıra oturub fikirləşirəm, öz-özümə soruşuram: doğrudan da, biz axırıncı dəfə nə vaxt sevinmişik?
Hər dəfə də bu sual ətrafında düşündükdən sonra belə qərara gəlirəm ki, Lermontov “Sevinclər unudulur, iztirablar əsla!” yazarkən nə qədər haqlı imiş.
Arxada qalan illər bizim yaddaşımıza ancaq əzabları yazır. Ola bilsin, bu illər ərzində kiçik sevinclərimiz olub, amma bu kiçik sevinclərin böyük əzablarla yanaşı yaşaması mümkün deyildi.
Bəli, proses uzanır, insanların ömrü gedir, onlar arzuladıqları işıqlı, ləyaqətli gələcəyi görmək ümidlərindən yavaş-yavaş əl çəkirlər. Belədə hansısa kiçik bir uğurun yaratdığı sevincin arxasından da kədər boylanır. Hansısa xırda bir xoş hadisənin yaratdığı təbəssümlərdə iztirab gizlənir.
Deyəsən, Höte nikbin olmaq üçün belə bir düstur təklif edirdi: “”Çiçəyin tikanı var” deyə üzülməkdənsə, “tikanın çiçəyi var” deyə sevinək”.
Hə, biz ötən illərdə bir az da bununla məşğul olduq, əvvəllər səsimiz saxtalaşdırılanda məyus olurduq, sonra isə onunla təsəlli tapmağa çalışdıq ki, saxtakarlıq varsa – deməli, xalq bunlara səs vermir.
Mən demirəm, bu pisdir. Hötenin nikbinlik düsturuna da etirazım yoxdur.
Hətta fikirləşirəm ki, lap yaxşıdır: bizim bu havasızlıqda, bu cəngəllikdə, bu bataqlıqda, bu qaranlıqda, bu bozluqda və boşluqda yaşamaq, əlbəttə, dürüstcə, alnıaçıq, üzüağ, başı dik yaşamaq imkanlarımız hər gün bir az da azalır, bir az da çətinləşirsə, pislik, Şər qarşısında ayaqda qala bilmək üçün ən kiçik səbəbə də ehtiyacımız var.
Tutaq ki, gözləmədiyimiz anda gözləmədiyimiz bir adamdan ən adi bir həqiqəti eşitmək belə, bizə bu qədər çirkaba, üfunətə qarşı dayanmaq gücü verə bilər. Sevinməyi unutsaq belə, bizə kədərlərimizə, iztirablarımıza məğlub olmamaq gücü bağışlaya bilər.
Hələ o da ayrı məsələdir ki, bu torpaqlarda dürüst, vicdanlı bir ömür yaşayaraq qazanılan kədərin, çəkilən iztirabların işığı haram pullar hesabına əldə edilən, yalanla, yaltaqlıqla qazanılan şöhrətin və sərvətin yaratdığı sevincdən daha parlaq, daha gözəldir.
Bu da sizə axırıncı dəfə nə vaxt sevindiyinizi unutmağınıza rəğmən, ayaqda qalmaq, dik durmaq üçün başqa bir səbəb!