Iran prezidenti Mahmud Əhmədinejadın 25 köməkçisini cinlər, ruhlar, başqa planetdə yaşayanlarla, bir sözlə, fövqəltəbii qüvvələrlə əlaqəyə girdiyinə görə həbs ediblər. Bu xəbəri oxuyanda XXI əsrin adamı kimi bilmədim gülüm, yoxsa, avtoritarizm girdabında boğulan iranlıların halına ağlayım?
Metafizikaya, gözəgörünməzlərə maraq çox insanda var. Mənim də həyatımın müəyyən hissəsindən belə söhbətlərə, mövzulara xərclənib. Cavanlıq işi idi, göyün o biri üzündən kömək-filan gözləməyin faydasız olduğunu, az keçmədi, öyrəndim.
Ancaq indi cindar-medium məmurların həbsi insanlara vaxt və enerjilərinə qənaət etməli olduqlarını tərtəmiz sübut etdi. Yəni, o fövqəlqüvvə yerdəki dostlarını quruca həbsdən belə qoruya bilmir, odur ki, getsin tullanmağının dalınca. Min o cür fövqəlqüvvə bizim bir Fövqəladə Hallar Nazirliyinin orta çaplı kadrına dəyməz.
Bizdə müxalifəti xaricə işlədiyinə görə tuturlar, Iranda isə xarici qüvvələri özlərinə işlətdiyinə görə iqtidardakıları – buna artıq gülməyə bilmirəm.
Mənə çox maraqlıdır, həbs edilən iranlı məmurların məhkəməsi necə olacaq? Həvəslə o məhkəmədən reportaj hazırlayardım. Təxmin edirəm, prokurorun ittihamında belə cümlələr olacaq: “Ağayi Abbas Qafari vaxtaşırı ruhları öz kabinetinə çağırmış, onları rəqibləri əleyhinə təlimatlandırmış, beləliklə, ölkədəki sabitliyə və əminiyyətə xələl gətirmişdir”.
Gənclər xəbərsiz ola bilər, ancaq bizim hökumətin də fövqəlqüvvələrlə əlaqəsi danılmazdır. Bu ənənənin yaradıcısı mərhum Heydər Əliyevdir. 1998-ci ildə Surət Hüseynovun məhkəməsi gedirdi. Bu məhkəmələrin birində Hüseynov H.Əliyevlə ixtilafının kökündə duran faktı danışdı. O dedi ki, bir gün Əliyev onu otağına çağırıb, həmin vaxt o, dövlət başçısını pərişan görüb. Bunun səbəbini soruşanda Əliyev deyib: “Mənim bir falabaxanım var, qadındı. O mənə dedi ki, sən mənə qarşı planlar qurursan, mənim əleyhinə çıxacaqsan”. Surət deyirdi ki, “mən güldüm və dedim ki, cənab prezident, siz ciddi adamsınız, belə şeylərə inanmayın”.
Mələməyən qoyun
Neçə gündür Anar Niftəliyevin “Ilham Əliyev çoban olmaq istəyir” yazısına kiçik bir əlavə etmək istəyirdim. Anar bəy çox düzgün analiz edib, Ilham Əliyev bizim hamımızı qoyun kimi görmək istəyir. Lakin onun görmək istədiyi qoyunlar da təbii olmamalıdır. Qibleyi-aləm elə qoyunlar arzulayır ki, onlar ot-su istəməsin, ən başlıcası, mələməsin.
Xəstə
Əlahəzrətin Sabirabad səfəri barədə də hər kəs yazdı, 2-3 cümlə mən də yazmasam, paxıl olaram. Onu qarşılayan bir neçə məddahın çıxışından hələ də özümə gələ bilmirəm. Onlardan birini lap yaxşı tanıyıram. Ürəyi ağzından çıxa-çıxa Ilham Əliyevə “qadoyu alım, azaruyu çəkim” deyirdi. Turp kimi sağlam əlahəzrətin hansı azarını canına çəkmək istədiyini anlamadım. Ancaq o zavallının bədənində azı, 42 xəstəliyin olmasına şahidəm. Bir il əvvəl onun özü müalicəsi üçün az qala, qapı-qapı düşüb pul axtarırdı.
Simvolikanın gücü
Dünən yolum Respublika sarayının yanından keçdi. Sarayın qarşısındakı parkı “Qul bayramı” üçün hazırlayırdılar. Heydər Əliyevin heykəlinin böyür-başında güldən düzəldilən tülkü və dovşanı gördüm. Dedim ki, nə gözəl simvolikadır, bu rejim də elə mahiyyətcə dovşan kimi qorxaq, tülkü kimi hiyləgərdir.