Heydər Əliyev qapalı müşavirədə bu rəqəmləri elan etmişdi
Müəllif Ilya Zemtsov 70-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində şöbə rəisi işləyib. Sonradan Azərbaycanda əldə etdiyi təəssüratlar və faktlar əsasında kitab yazıb
Susmağın əvəzi…
Ciddi bir qayda formalaşıb: birinci katibi tənqid edirlər, o özünə haqq qazandırmağa cəhd belə göstərmir, müqəvva kimi susur. Səbəbi aydındır: Kim günahkar deyil ki? Sabirabad rayon partiya komitəsinin katibi Bulayev öyrənir ki, onun yeri satılıb. Katiblər arasında “kişi sövdələşməsi” bağlanmışdı: “diri” vəzifəyə heç kim pul vermirdi. “Vurulmuş” yer uğrunda mübarizə aparmaq olar, açıq alqı- satqıda iştirak etmək mümkündür. 100-200 min rubla qədər… Kim çox verir. Bulayev yaxşı işləyirdi, vaxtında hamının haqqını verirdi, onun qonşusu olan rayonun katiblərindən biri daha varlı rayona tamah saldı. Deyirlər, təşkilat şöbəsinin müdiri Bağırova 300 min rubl rüşvət verdi. Bulayevə vəzifədən getmək təklif edildi. Ona qarşı ədalətsizlik edilmişdi. Bulayev şikayət etmədi, düşündü ki, bundan birinci katib Axundovun da xəbəri olmamış deyil. Yaxud çoxillik partiya təcrübəsi onu daha ağır nəticələrdən çəkindirdi. Bulayevin nəzakətliliyini MK-da qiymətləndirdilər. Onu Qəbələyə birinci katib göndərdilər. Özü də bunu Azərbaycanda görünməyən formada – təmənnasız etdilər. Azərbaycan KP MK-nın birinci katibi şöhrət qazanmış adamdı və təvazökarlığı qiymətləndirə bilirdi.
Katiblərin işi həddindən çox sahəni əhatə edirdi, hər sahədə də narazılar, donquldananlar vardı.
***
Bu həyat heç də həmişə bal dadmır. Partiya məktəblərində verilən təhsil və ixtisaslaşma tam təkmil deyil. Qərar qəbul edərkən “sinfi həssaslığa” bel bağlamağa məcbur olurdular. SSRI-də bir qayda yaranmışdı: şikayət ərizəsi tədbir görülmək üçün… günahkarın… üstünə göndərilirdi, demokratik mərkəzləşmə prinsipi belə idi.
Prinsip prinsipdir, insanlar da insan: Mərkəzi Komitədə xəsis baxışlarla başqasının bədbəxtliyinə sevinən şöbə müdirləri az deyildi. Rayon partiya komitəsinin katiblərinə inanılmış və ağzı bütöv adamlar da lazımdı.
***
Aşağıların əməyi və cəsarəti sayəsində qazanılan pulun az məbləği aşağılarda – sexlərdə, mağazalarda qalırdı. Qalanı ikinci rüşvət dayanacağında vəzifə və səlahiyyətə görə bölüşdürülürdü. Partiya-sovet təsərrüfatı sahəsində işləyən kiçik məmurlara da haqq çatırdı. Azərbaycan KP MK-da, Ali Sovetdə, Nazirlər Sovetində çalışan adamların da payı verilirdi. Burada vəzifəyə görə bölgü aparılırdı.
Nazirlərin və rayon rəhbərlərinin qiyməti…
1969-cu ildə Azərbaycan tamam bölüşdürülmüşdü. Bütün partiya kadrlarının təyinatı MK-nın təşkilat şöbəsinə tapşırılmışdı: Bağırovun xəbəri və razılığı olmadan bir kadr belə təyin edilə bilməzdi. Onlar da taarif cədvəli hazırlamışdılar: birinci katibin təyinat qiyməti 200 min rubl, ikincininki isə 100 min rubl idi. Kənd (sovxoz və kolxozlar) katib Seyidovun toxunulmaz malikanəsi sayılırdı. Burda da dəqiq qiymətlər qoyulmuşdu. Kolxoz sədri 50 min rubl, sovxoz direktoru 80 min rubl verməli olurdu.
Sənaye Əmirovun təsərrüfatı hesab edilirdi. Zavod və fabrik direktorları 10 mində başlayır,- 100 min rublda qurtarırdı.
Mədəniyyət, incəsənət və elm sahəsi MK katibi Cəfərovun əlində cəmləşmişdi. Burda da hər şey satılır və alınırdı. Akademik olmaq 50 min rubl, elmi-tədqiqat institutu direktoru olmaq üçün 40 min rubl rüşvət vermək lazım gəlirdi. Institut və universitet rektorları 200 min rubl ödəyirdilər. Dram, Opera və Gənc Tamaşaçılar teatrlarının direktorları 10-30 min arası rüşvət verirdilər.
Inzibati orqanlar formal olaraq ikinci katibə tabe idi. Respublikalarda ikinci katibin vəziyyəti qeyri-müəyyən və ziddiyyətli idi. Zahirən, o, respublikada Moskvanın Mərkəzi hakimiyyətini təmsil edirdi, fövqəladə səlahiyyət sahibi sayılırdı. Dövlət Təhlükəsizlik Komitəsi birbaşa ona tabeydi, birinci katibin işini də o qiymətləndirirdi. Amma milliyyətcə rus olması zəruri olaraq nəzərdə tutulan ikinci katibin səlahiyyətləri ilə statusu ziddiyyət təşkil edirdi. O, birinci katib ola bilməzdi, çünki bu, yerli millətin statusu olan vəzifə sayılırdı. Birinci katibin vəzifədən getməsi onu da pis vəziyyətdə qoyurdu, ya geriyə, Moskvaya çağırılırdı, ya da birinci ilə birlikdə o da işdən çıxarılırdı. O, respublikanı təftiş etməkdən daha çox qanunsuzluqları ört-basdır edirdi.
***
Bəs vəzifələr necə qiymətləndirilirdi? Tələb olan yerdə təklif, təklif olan yerdə tələb vardı. Vəzifənin imkanları qiymətə çox təsir göstərirdi. Məsələn, ticarət naziri olmağın qiyməti Sosial Müdafiə naziri olmaqdan 2-3 dəfə baha başa gəlirdi. Meliorasiya Nazirliyi kənd təsərrüfatından 3-4 dəfə ucuzdu. Daxili Işlər naziri ilə Yüngül Sənaye naziri olmağın qiyməti eyni idi. Birincidə satılan cinayətlər çoxdu, ikincidə pul gətirən sexlər. Məsələn, Azərbaycanın Ticarət naziri olmaq Qafarova, onun yerinə gəlmiş Bəşirzadəyə 250 min rubla başa gəlmişdi. Kommunal Təsərrüfat naziri olmaq üçün Topçiyev 150 min rubl, Sosial Təminat Nazirliyinə Seyidməmmədov 120 min rubl ödəmişdi. Bu rəqəmləri Heydər Əliyev 1970-ci ilin martında keçirilən qapalı plenumda məruzəsində demişdi.
***
Bəs istehsalı olmayan nazirliklərdə bu pul necə qazanılırdı? Hər yerdə yüngül sənaye sexləri yaradılırdı. Məsələn, Sosial Təminat Nazirliyinin korlar və karlar cəmiyyətinin 92, Mədəniyyət Nazirliyinin teatrlar cəmiyyətinin 32, Mənzil Kommunal Təsərrüfatının 21 sexi vardı.
Katiblər üçün “kəsilən faizlər”…
Partiyanın təlimatları və tapşırıqları çox qısa olurdu: kolxozçuya aydınlaşdırın ki, kolxoz nə qədər varlı olsa, o da yaxşı yaşayacaq. Amma heç kim demirdi ki, onu necə inandırım, tarla və traktor kolxozundur. Necə deyərlər, özgəninki həmişə ucuzdur, onu niyə kolxozçu qorumalıdır. Amma astronomik tapşırıqlar verilirdi: hava işıqlanandan gecə yarıya qədər işləmək lazım gəlirdi. Planı ödəməlisən, ikinci bir yol qalmırdı. MK gözləyir, tələb edir, həm də hədələyirdi. Burda rəqəmləri şişirtmədən, gözdən pərdə asmadan necə keçinmək olardı? Bütün bunları görməsinlər, cinayət üstündə tutmasınlar deyə kimlərisə “görmək” lazımdır. Bir az da öz qara günün üçün saxlamaq gərəkdir.
Haradan alacaqsan bu pulu? Bircə mənbə vardı: kişilər üçün,- daha doğrusu qadınların əmək haqqından raykom, kənd soveti, müfəttiş üçün “faizlər” kəsiləcəkdi. Kəndliyə əlinin qabarını sağaltmağa maz almağa çatan qəpik-quruş qalacaqdı…
Elmlər Akademiyası – “vurulmuş kartlar” bankı
Bu adamlar şəhərin bol həyatına, məsələn, milis işçisinin güzəranına niyə də həsədlə baxmasınlar? Heç milis də işə başlayanda sakit ola bilmirdi. Qanun olmayan mühitə necə uyğunlaşsın: əziyyətli və qorxuludur. Bakı şəhər Oktyabr rayon milis idarəsinin rəisi Hüseynov 10 il Daxili Işlər Nazirinin müavini Rzayevi “yedirtmişdi”. Bəs nə oldu? Rzayevi Elmlər Akademiyasına işə keçirdilər.
Elmlər Akademiyası “vurulmuş kartlar” bankı idi.
(Aydınlıq gətirmək istəyirəm: Azərbaycanda Akademiya işdən çıxarılmış partiya işçiləri, bağışlana bilən təsərrüfatçılar və oğurlamış milislər üçün iş yeridir). Hüseynovu pensiyaya göndərdilər. Nomenklaturaya düşənlər oradan dörd əllə yapışırlar, əlaqələri və vasitələri, təcrübələri, qazandıqları peşə uzun illər onlara yerdəyişmədə kömək edir. Partiya işi ixtisaslaşma bilmir, onu SSRI-də mövcud olan 283 peşəyə dəyişmək mümkündür.
Partiya işində bir qayda var: harada olursan ol, fəallıq göstərməlisən, kampaniyalar keçirməlisən, yığıncaqlarda çıxış etməlisən, tənqidi yanaşmalısan, səhvlərindən peşman olmalısan.
Katiblərin məşuqə oyunlarından, fırıldaqlarından xalqın xəbəri olmamalıydı. Rüşvətlə tikilmış mülk yoxsul, ləkəsiz qohumun adına yazılmalıydı, maşını professor qardaşının adına alınmalıydı, pulu əmanət bankına öz adına qoymamalıydı, ya da qızıla çevirib bağda torpağa basdırılmalıydı. Ən mühümü sənin varlı həyat tərzin görünməməliydi…
ardı var
Surxay Hüseynli