Əliyevlərin işğal bayramı

Şuşa və Laçının işğalı arasında sevincin kədəri qovması barədə…

 

Bu gün Şuşanın işğal olunduğu gündür. Siz bu işğal gününü hiss etmirsiz. Heç xalqımızın geniş kütlələri də bu barədə məlumatlı deyil. Ilham Əliyevin əshabələri Heydər Əliyevin dövründə müxalifəti gözdən salmaq üçün üzünün-gözünün suyu tökülmüş adamları axşam saatlarında efirə çıxarıb iştirak etmədikləri hadisələr barədə şərh alacaqlar. Amma heç kim qanını qaraltmayacaq. Ona görə ki, mayın 8-də Şuşa işğal olunub, 10-da Heydər Əliyev dünyaya gəlib. Məhz bu səbəbdən xırda bir itkiyə görə böyük bayramı kölgə altına almaq olmaz. Nəinki Şuşa, bütün Azərbaycanı Heydər Əliyevin ambisiyalarına və indi də hakimiyyətin əsas sütunu olan Heydərizmə qurban vermək olar. Şuşada Azərbaycan hərb tarixinin ən cəsur insanları şəhid olublar. Tankçı Albert Aqarnov, tabor komandiri Ramiz Qəmbərov və onlarla vətən fədaisi Şuşa uğrunda canını va qanını verdi. Amma onların ölümünü anmaq, yasını tutmaq olmaz. Çünki bu, “bayram qabağı” əhvalı korlaya bilər. Azərbaycan hakimiyyəti işğal olunmuş əraziləri yalnız o zaman yada salırlar ki, kiməsə qara yaxmaq, ləkələmək lazımdır. Səkkiz maydaki işğal isə nə bir gün əvvəl yada düşür, nə də bir gün sonra yadda qalır. Elə həmin gün köhnə çarxlar təkrarlanır.

 

Başqalarının gül bayramı…

Heydər Əliyevin doğum gününü Gül bayramı kimi qeyd etmək əslində tarixi saxtalaşdırmağın dolayı yolu idi. Azərbaycan cəmiyyəti yeməyə çörək tapmasa da, tapdığını qulağına yemir. Hamı hər şeyi dəqiq dərk edir. Ola bilsin ki, etiraz etmək üçün hələ tam taqətli deyil, amma anlamaq qabiliyyətində heç bir sorun yoxdur. Biz yüz il əvvəldən başlamış tarixi saxtakarlıqların bir ilin içində necə faş olduğunu gördük. Əliyevlərin tariximizdəki yeri isə bir neçə saata yoxa çıxacaq. Çünki yadda saxlamaq istəmədiyi şeyi millətin alnına döysən də unudacaq. Azərbaycanda bütün gülçülük təsərrüfatı məhv edilib. Gül bayramı keçirilir. Qoy bu bayramı hollandlar qeyd eləsinlər. Bakı kəndlərinin gülçülüklə məşğul olan insanları acından illərdir yas içindədir. Bu bayramı kimə və nəyə görə təşkil edirlər, onu da hamı bilir. Bu rejim heç vaxt heç bir problemin üstünə getməyib. Heç rəqiblərinə də açıq ittiham irəli sürməyib. Heydər Əliyevin doğum gününü “Gül bayramı” adıyla qeyd etməklə, Cabbar Savalanlının cibinə narkotik atmaq arasında heç bir fərq yoxdu.

Laçına hazırlıq…

Bununla yekunlaşmır, gül bayramından 7 gün sonra Laçının yeddi günlük gülləri tapdanır. Siyasi hakimiyyət yenidən başlayır vətəni sevməyə. Əslində yaxşı ideyadır; iki işğalı bir gündə qeyd etmək. Gərək başqa bayram edənlər, sevinənlər də bu ideyadan yararlansın. Bu hakimiyyət nəyi bacarmasa da, ümumiləşdirməyi, hər şeyi bir torbaya sığışdırmağı bacarır. Biz dünyanın çox az xalqlarındanıq ki, hakimiyyətimizlə nə toyumuz eynidi, nə yasımız. Amma bu hələ də davam edə bilir.

Seymur Həzi