b.esed2

Ağ evdən Bəşər Əsədə xəbərdarlıq

Avropa Birliyi isə Suriyanın 13 rəsmisinə qarşı sanksiya qəbul etdi

Suriyada srağagün Cümə namazından sonra Bəşər Əsəd rejiminə qarşı keçirilən və “Hesabat Günü” adlandırılan etiraz aksiyalarına hökumət qüvvələrinin sərt müdaxiləsi nəticəsində ən azı 30 mitinqçinin qətlə yetirildiyi müəyyənləşdirilib. Suriyaya xarici jurnalistlərin buraxılmaması səbəbindən bu ölkədə baş verənlər barədə dəqiq məlumatlar əldə etmək çətinləşib.
Əsəd rejimi Dəraa vilayətindən sonra Banyas şəhərinə əlavə qoşun yeridib. Şahidlər dünən səhərə yaxın ordu birləşmələrinin tanklarla, Bəşər Əsəd hakimiyyətinə qarşı çıxan Sünni məhəllələrə girdiyini bildirib. Tanklar sahil şəhərinə üç istiqamətdən daxil olub. Hərbçilər şəhərdə “Şəfəq əməliyyatı” adlı xüsusi əməliyyat keçirib. Müxalifət tərəfdarlarının evinə basqın edilib. Yüzə yaxın etirazçı həbs edilib. Müşahidəçilər ötən həftə Dəraa vilayətində həyata keçirilən qanlı əməliyyatların Banyasda da təkrarlana biləcəyini istisna etməyib.
Tarixində ən kütləvi qırğınlara şahid olan Hamada isə srağagünkü aksiyalarda ən azı 20 nəfər dünyasını dəyişib. Şəhərin qonşu əyalətlərlə rabitə əlaqəsi kəsilib. Hamada baş verənlər barədə dəqiq məlumatlar almaq mümkün deyil.
“The Daily Telegraph” qəzetinin yazdığına görə, Əsəd rejimi ölkədəki orta məktəblərdən həbsxana kimi istifadə edir. Əsəd rejiminə qarşı etirazlar başladığı gündən bu yana 8 mindən çox adamın həbs olunduğu Suriyada həbsxanalar dolduğu üçün məhbuslar məktəblərə aparılır.
Bu arada, Suriya Informasiya Nazirliyinin sözçüsü Raem Həddadinin sözlərinə görə, rəsmi Dəməşq yaxın zamanlarda ölkəyə BMT heyətini dəvət edəcək və baş verənlər barədə ətraflı məlumatlar verəcək.
ABŞ isə Suriyada srağagün keçirilən etiraz aksiyaları zamanı 30 nümayişçinin öldürülməsindən sonra bu ölkənin rəhbərliyinə ciddi şəkildə xəbərdarlıq edib. Vaşinqton Suriyadan dərhal zorakılığa son qoymağı tələb edib.
Bəyanatda deyilir ki, Əsəd hakimiyyəti dinc aksiyalara sərt müdaxiləni dayandırmasa, Ağ ev Suriyaya qarşı əlavə sanksiyalar tətbiq edəcək. ABŞ-ın konkret olaraq hansı tədbirlər görəcəyi isə açıqlanmır.
Bundan başqa, Brüsseldə toplanan Avropa Birliyinin daimi nümayəndələri dinc əhaliyə qarşı hücumlara görə məsuliyyət daşıyan Suriyanın 13 rəsmisinin bank hesablarının dondurulması və onların müəyyən ölkələrə girişinə qadağa qoyulması haqda razılıq əldə edib. Sanksiyaların qarşıdakı həftənin əvvəllərində qüvvəyə minəcəyi bildirilir.
Diplomatik mənbələrin sözlərinə görə, sanksiyalar tətbiq olunacaq şəxslər sırasında hələlik Suriya prezidenti Bəşər Əsədin adı yoxdur. Avropa Birliyi bu məsələdə hadisələrin gələcək inkişafından asılı olaraq mövqe nümayiş etdirmək niyyətindədir.
ABŞ dövlət katibi Hillari Klinton isə deyib ki, ölkədəki siyasi zorakılığa baxmayaraq, Suriya hökumətinin hələ də  islahatlar aparmaq fürsəti var. Italiyada səfərdə olan Hillari Klinton ölkəsinin Suriya prezidenti Bəşər Əsədə siyasi təzyiqlər göstərməkdə israrlı olduğunu söyləyib. Onun sözlərinə görə, ABŞ Suriyadakı vəziyyətdən dərin narahatlıq keçirir.

İnformasiya şöbəsi