naxcivan04

Nehrəmlilər etiraz aksiyasına hazırlaşır

Naxçıvan rəhbərliyi su istəyən kəndə polis göndərib

Naxçıvan MR Babək rayonunda yerləşən Nehrəm kəndinin əkin sahələrinin suya olan tələbatını əsasən Vayxır, Sirab, Bənəniyar gölləri, bir də Araz çayı ödəyir. Sakinlər deyir ki, əkin sahələrinin suya olan tələbatının böyük hissəsini Araz çayından su nasosları vasitəsilə təmin edirlər. Bu il nasoslar sıradan çıxdığından təxminən min hektarlıq sahə susuz qalıb.
Kənd sakini Vəfadar Eyvazov deyir ki, Nehrəm Sudan Istifadə Edənlər Birliyinin rəhbəri Cəmşid Həsənov və kənd icra nümayəndəsi Təvəkkül Ələkbərova dəfələrlə müraciət etsələr də, heç bir nəticəsi olmayıb: “Bir hektar torpağım var. Bu il bostan əkməliydim. Su olmadığından əkə bilmirəm. Bostanın da vaxtı keçir. Icra nümayəndəsinə müraciət edirik, deyir mənlik deyil, su birliyinə müraciət edin. Su birliyinin rəhbəri Cəmşid Həsənov isə deyir ki, bu il havalar yağıntılıdır, birtəhər ötüşün, nasosları sonra düzəldərik. Məgər, yağış suyu ilə əkin suvarmaq olar?”
Başqa bir Nehrəm sakini, AXCP fəalı Yaşar Bağırsoy deyir ki, sahələrin susuz qalmasına etiraz olaraq, mayın 6-da kəndin mərkəzində aksiya keçirməyi planlaşdırıblar. Ancaq aksiyaya iki gün qalmış kəndə Babək Rayon Polis Idarəsinin 200-ə yaxın əməkdaşı yerləşdirilib. Bu səbəbdən də aksiya baş tutmayıb: “Iki gündür kənd polislərlə doldurulub. Elə bilirlər aksiyanın təşkilatçısı mənəm. Əslində bu, sosial problemdi. Bu hakimiyyət etirazların səbəblərini ancaq müxalifətdə axtarır. Ona görə də bir neçə polis mənim evimi xüsusi nəzarətə götürüb. Ev mühasirədə olduğundan ailə üzvlərim narahatdır”.
Nehrəm kəndinin icra nümayəndəsi Təvəkkül Ələkbərov da su probleminin olduğunu təsdiqləyir. Amma problemin tezliklə həll olunacağını deyir: “Su nasosları işləmədiyindən Arazdan su vura bilmirik. Yeni, daha böyük nasoslar sifariş etmişik. Bu günlərdə əkin sahələrinə su vurulacaq”.
Polis əməkdaşlarının Nehrəm kəndinə yerləşdirilməsi və Yaşar Bağırsoyun evinin nəzarətə götürülməsi məsələsinə gəlincə, Babək Rayon Polis Bölməsinin rəisi Cavid Qasımov sualları cavablandıra bilməyəcəyini deyir: “Bu haqda mən nə ”hə” deyə bilərəm, nə də ki, “yox”.
Nehrəm kəndindən isə hələ də polislərin getmədiyini deyirlər. Problem tezliklə həllini tapmasa, kənd sakinləri yaxın vaxtlarda aksiya keçirməyi planlaşdırırlar.

Yafəz Əkrəmoğlu