Satılmışların sıxlaşan sırası

Xaliq Bahadır xanbahadir@mail.ru

Respressiv rejim üzündən Azərbaycanın üzləşdiyi indiki çətin, sıxıntılı durumda bir sıra könül açan görsənişlər də baş verməkdədir. Aldıqları pul qarşılığında illərlə müxalifət arasında “Troya atı” funksiyasını yerinə yetirərək rejimə gizli qulluq yolu tutan biriləri çoxdankı patronlarına indi açıq-açığına qulluq göstərməyə girişiblər. Kim bilir, bəlkə də, bu, patronun öz göstərişidir: kamufulyajı soyunun, maskalarınızı atın, açıq hücuma keçin! Onlar da nökər naturalarına uyğun olaraq tezcənə tapşırığı yerinə yetirərək “Ramiz Mehdiyevi ələşdirmədə” suçlamaqla bizim üstümüzə ayaq alırlar. Bizi “xəstə uşaqlar” adlandırmaqla. Onların gözündə pul, ev, villa, maşın, ofis alıb bu recimə qulluq yolu tutmayanların hamısı “xəstə uşaqlardır”. 

Bizim kimi “xəstə” olmadıqlarından “müxalifət” adı altında onlar ANTIMILLI, ANTIDEMOKRATIK, bəlkə də, ən başlıcası korrupsioner-kriminal rejimlə sıx-sıx gizli-açıq əməkdaşlıqda, işbirliyində bulunurlar. Bu əməkdaşlıqdan, bu işbirliyindən onların nələr əldə etdikləri bizə də, bir çox başqalarına da bəllidir. Di gəl, böyük bulaşıq içində onlar qardaşlıqda-yoldaşlıqda bulunduqları korrupsioner rejim metodlarına uyğun olaraq YALAN YERƏ başqalarını Amerikadan, Avropadan “media layihələri adına” pul alıb, onlara qulluq göstərməkdə suçlayırlar. Onların nəyə qulluq etdikləri qəzetlərindən-yazılarından bəlli olduğu kimi, bizim də nəyə qulluq etdiyimiz “Azadlıq” qəzetindən, qəzetdəki yazılarımızdan bəllidir. Bu baxımdan ortadakı bəlli gerçəyi bilmək üçün dağa-daşa düşmək gərək deyil. Gərəkdirsə, demək, yalan yolu tutulub. 

Bizim bəlli bir redaktoru ötən ilin noyabrında rejim başçısı ilə görüşməyinə görə qınamağımıza gəlincə, biz bu qınaqla 21 illik ANTIMILLI, ANTIDEMOKRATIK rejim praktikasından çıxış etmişik. Redaktor onda nə dedi? “Mən o görüşdə prezidentə metroda qəzet satışının qadağan edilməsi ilə bağlı informasiya çatdırdım, prezident metroda qəzet satışının bərpasına göstəriş verdi”. Aradan bir il keçib, metroda qəzet satışına yasaqın qalması bir yana, onun ardınca qəzetlərin əl yayımı da yasaqlanıb. Kimi aldadırsan? “Medianın durumunu yüngülləşdirmək istəyi” kimi yalanlar daha keçərli deyil. Yalnız “Azadlıq” kimi alınıb-satılmaz bir qəzet hamını satın alıb gözükölgəli edən korrupsioner- repressiv rejimlə savaşdan çəkinməyə bilər. Satılmaq bir yana, kimlərsə bir sıra gizli bağlılıqlar nədənilə də rejim qulluqçusuna çevrilməyə bilməzlər. 

Az qala 45 ildən bəri korrupsiya ideoloqu olaraq tanınan R.Mehdiyevin son “müşavirəsini” bizim bir belə ələşdirməyimizə gəlincə, bu adam bizi – AZADLIQ-DEMOKRATIYA yolçularını “çirkin, antimilli fəaliyyətdə” suçlayırsa, ona bizimlə bağlı dediyi yalana, bizi gözdənsalma istəyinə görə “sağ ol!”mu deməliyik? Biz illərlə doğruçu, professional jurnalist işi görərək ölkə gerçəklərini topluma – oxucuya olduğu kimi çatırırıq. Bu, ayrıca olaraq öyünəlisi iş deyil; jurnalistin-qəzetin professional borcudur. Ancaq Azərbaycanın indiki əliyevçi rejim gerçəkliyində bu, öyünməyə dəyər görsənişdir: satılmayanların sırası seyrəlməkdə, satılmışların sırası sıxlaşmaqdadır. Indi ölkədəki çoxsaylı media-jurnalistika yığnağı üçün biz – bir qrup ÖZGÜRLÜK-DEMOKRATIYA daşıyıcısı – dözülməz kimsələrik. Onlar özlərinin satılmışlıq kompleksləri üzündən bizim varlığımızla barışa bilmir, sıralarının çox sıxlaşması nədənilə bir sıra sorunlarla üzləşsələr də, bizim onlara qatılmağımza çalışırlar: cəhənnəmə gedən özünə yoldaş axtarar!

Üç günlük bəlli uğursuz atışma dönəmində bir “Azadlıq” qəzeti özünün doğruçu informasiyaları ilə rejimin yalanlar üzərində qurulan azman informasiya imperiyasını dağıtdı. Illərlə milyonlar qoyulan o azman informasiya imperiyası pulsuz, ancaq doğruçu bir qəzetə yenildi. O imperiya ağaları da, o imperiya nökərləri də indi bu BIR qəzetdən ÖC almağa qalxışıblar…