Vəfa Quluzadə: «Ukrayna məsələsində Rusiya uduzub»
Ukrayna prezidenti Pyotr Poroşenko son kəşfiyyat məlumatlarına əsaslanaraq bildirib ki, Rusiya qoşunlarının 70 faizini Ukrayna sərhədindən geri çəkib. Minskdə əldə olunmuş atəşkəs barədə razılaşmanın federallaşma və Ukraynanın şərqindəki ərazilərin ayrılmasını nəzərdə tutmadığını deyən prezident qeyd edib ki, gələn həftə Donetsk və Luqansk əyalətlərinin xüsusi statusunu müəyyən edən qanun layihəsi parlamentdə müzakirəyə çıxarılacaq: “Minsk protokolu silahlıların müvəqqəti nəzarətində olan ərazilər də daxil olmaqla, Donbas boyu Ukrayna suverenliyinin bərpası və qorunmasını nəzərdə tutur. Bu ərazilər Ukraynanın qanuni məkanına qayıdacaq”.
Prezident ölkənin şərqində separatçıların olduğu bölgəyə Ukraynanın tərkibində olmaq şərtilə muxtariyyət verilməsi barədə qanun layihəsini gələn həftə parlamentə təqdim edəcək.
Ukraynadakı bu prosesləri şərh edən politoloq Vəfa Quluzadə deyir ki, hazırda Rusiyanın vəziyyəti çox gərgindir. Rusiyaya gözlənilmədən Çin təhlükəsi yaranıb. Söhbət, Çinin Rusiya sərhədlərində ağır texnika ilə bərabər, 15 minə yaxın qoşun yığmasından gedir. Putin isə gözlənilmədən Şərqdə olan qoşunların hazırlığını yoxlamağa gedib: “Eyni zamanda, Şərq əyalətlərində hakimiyyətin müharibə şəraitində işləməyə hazır olub-olmaması barədə tapşırıq verilib. Rusiya üçün Çin ən böyük təhlükədir. Bundan başqa, Poroşenkonun özünə çox inamlı olduğu hiss olunur. Rusiya xarici işlər naziri Sergey Lavrov bəyanat verib ki, Donetsk və Donbasdakı vəziyyət Krımdakı kimi deyil. Orada əhalinin hamısı birmənalı şəkildə Rusiyaya getmək istəmir. Hesab edirəm ki, Rusiyanın başqa çıxış yolu qalmır. O, Ukraynadan geri çəkilməli, 70 faiz qoşunun qalanını da çıxarmalıdır. Üstəlik, Qərb yeni sanksiyaları təsdiq edib və sabahdan (bugündən) onlar işə düşür. Bu isə Rusiyanın vəziyyətini qat-qat ağırlaşdırır. Bu çox ağır sanksiyalardır. Ukrayna məsələsində Rusiya sözsüz ki, uduzub”.
Nigar


