Parlamentdə “donqili” söhbəti

Qüdrət Həsənquliyev Rövnəq Abdullayevin ünvanına sərt ifadələr səsləndirdi

Parlamentin dünənki iclasında deputat Qüdrət Həsənquliyevlə həmkarı, Azərbaycan Dövlət Neft Şirkətinin(ARDNŞ) prezidenti Rövnəq Abdullayev arasında qalmaqal yaranıb. Qüdrət Həsənquliyev Balaxanı-Sabunçu-Ramana  və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin qəbulu və təsdiqi haqqında qanun layihəsinin müzakirəsi zamanı Rövnəq Abdullayevin ünvanına sərt ifadələr səsləndirib.
Layihəyə əsasən, Dövlət Neft Şirkəti, Uqe-Lanser PTI. LTD  və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında saziş imzalanır. Qüdrət Həsənquliyev deyib ki, sənəddə adı keçən Uqe-Lanser şirkəti haqqında heç bir məlumat tapa bilməyib: “Maraq üçün internetdə axtarış verdim, amma heç bir məlumat çıxmadı. Azərbaycanda əlinə bir dəfə mikrofon alan müğənninin də saytı var, amma bu boyda şirkətin yoxdur. Xahiş edərdim ki, jurnalistlər də bunu araşdırsın”.
Deputat bildirib ki, vaxtilə Pənah Hüseyn də Dubayda qeydiyyatda olduğu iddia edilən “Bahar enerji” adlı şirkət haqda araşdırma aparmışdı. Məlum olmuşdu ki, belə bir hüquqi şəxs yoxdur: “Naxçıvanda belə saxta şeyləri ”donqili” adlandırırlar. Pənah bəy o vaxt o şirkətin “donqili” olduğunu demişdi. Məndə belə şübhələr var ki, bu şirkət də “donqili” – saxta şirkətdir. Bizə niyə məlumat verilmir ki, bu şirkət Azərbaycandan başqa hansı ölkədə fəaliyyət göstərib?”.
Deputat daha sonra sazişin şərtlərinə diqqət çəkib. O, deyib ki, şirkət 2 il 3 aydan sonra şirkət istehsalın həcmini 1,5 dəfə artıracaq. O vaxta qədər isə kontrakt qüvvəyə minəndən etibarən istehsal olan neftin gəlirindən 75 faizini götürəcək: “Belə çıxır ki, bunlar 2-3 il ərzində gəlirin 75 faizini götürəcəklər, sonra həmin pulu Azərbaycana yatıracaqlar. Istehsalat həcmi 1,5 dəfə artandan sonra yenə də 75 faiz gəlirini götürəcəklər. Bəs nə qədər investisiya yatıracaqlar – bu barədə söz deyilmədi”. 
Qüdrət Həsənquliyev Milli Məclisin mənşəyi bəlli olmayan bu tipli şirkətlərlə sazişləri təsdiqləyib belə məsuliyyətin altına girməməli olduğunu vurğulayıb: “Azərbaycan xalqının varidatının bu şəkildə talanmasına imkan verməli deyilik”.
Deputat ARDNŞ-in ünvanına da iradlar səsləndirib. O, deyib ki, sözügedən qurumun sahibkarlara xeyli borcu var: “Mətbuatda yazırlar ki, ARDNŞ  xarici ölkələrə 17 milyard dollar investisiya qoymaq istəyir. Bu vəsait Azərbaycana qoyulmalıdır, iş yerləri açılmalıdır. Neft şirkətinin özünün azərbaycanlı sahibkara 100 milyonlarla borcu var, vermir. Onlardan biri ilə bağlı Rövnəq müəllimlə görüşmüşəm, söz verdi, eləmədi. Rövnəq müəllim özü də hansısa şirkətin şoferi olub, sahibkarların vəziyyətini anlamalıdır”.
Qüdrət Həsənquliyevin bu sözlərindən sonra MM-də bir anlıq sükut çöküb. Spiker Oqtay Əsədov bu cür şirkətlər barədə doqma kimi fikirlər söyləməməyi məsləhət görüb.
Hakim partiyadan olan millət vəkili Siyavuş Novruzov həmkarının dediklərinə, xüsusilə də Rövnəq Abdullahyevin sürücü işləməsi ilə bağlı sözlərinə iradını bildirib: “Hər adam nazir, deputat doğulmur. Hər kəs həyat yolu keçir. Bunu parlament tribunasında bu cür ifadə etməyin yeri yoxdur. Bu cür ittihamlar, bu fikirlərin parlament səviyyəsinə gətirilməsinin yeri yoxdur”. 
ARDNŞ prezidenti Rövnəq Abdullayev isə Qüdrət Həsənquliyevin yalnız xarici şirkətlə bağlı dediklərinə cavab verməklə kifayətlənib. Rövnəq Abdullayev iddia edib ki, Uqe-Lanser şirkəti 2003-cü ildən etibarən Almaniya, Rumıniya, Özbəkistan və Gürcüstanda layihələr həyata keçirib: “Həmçinin, 2003-cü ildə o şirkətlə birlikdə ekomühəndislik şirkəti yaratmışıq, Azərbaycanda bir sıra ekoloji layihələr həyata keçirmişik. Bu baxımdan, Bibiheybətdə görülən işlər – təmizləmə, rekonstruksiya işlər göz qabağındadır. Biz o şirkəti ekoloji layihələrində təcrübəsi olduğunu nəzərə alaraq bu qərarı vermişik. Sanballı şirkətlər haqqında ”donqili” ifadələr işlətməyin. Bu şirkət milyard dollara yaxın investisiya planları  hazırlayıb. Dünyanın böyük bankları donqili adlandırdığınız bu şirkətlərə  milyard dollarlıq kreditlər açır. Dünyanın böyük şirkətləri bunların layihələrini yoxlayıb rəy verib”. 
Sözügedən qanun layihəsi qəbul olunduqdan dərhal sonra Rövnəq Abdullayev iclas zalını tərk edib.