Eldəniz Quliyevə qarşı qəfil məhkəmə

Daxili işlər naziri tanınmış ziyalının ölkədən çıxışına qadağa qoydurdu

Daxili işlər naziri Ramil Usubov tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilmiş Azərbaycan Ziyalılar Birliyinin rəhbəri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev dünən gözlənilmədən Nəsimi Rayon Məhkəməsinə çağırılıb.
Ona görə gözlənilmədən ki, bu iş üzrə məhkəmə prosesi ekspertizanın nəticəsi bəlli olana qədər təxirə salınmışdı. Eldəniz Quliyevin yol polislərinin qanunsuz hərəkətlərindən bəhs edən yazısında təhqir və böhtan olub-olmadığının müəyyənləşdirilməsi üçün sentyabrın 8-də məhkəmə linqvistik ekspertiza keçirilməsi haqda qərar qəbul etmişdi.
Eldəniz Quliyev “Azadlıq”a açıqlamasında bildirib ki, dünən ona polisdən zəng edərək, saat 17:30-da Nəsimi rayon məhkəməsinə çağırıblar. Məlum olub ki, Ramil Usubov Eldəniz Quliyevin barəsində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə vəsatət verib. Nazirin vəsatəti təmin olunub – Milli Şura üzvü barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Eldəniz Quliyev məhkəmədə çıxış edərkən vəsatətin əsassız olduğunu bildirib və onun təmin edilməməsini istəyib. Milli Şura üzvü deyib ki, onun Azərbaycanı birdəfəlik tərk eləmək niyyəti yoxdur. Sadəcə, bir neçə günlük Irana müalicəyə getmək istəyir. Əgər ölkəni tərk etmək niyyəti olsaydı, Avropa dövlətlərindən birinə gedib və orada asanlıqla sığınacaq ala bilərdi. Lakin belə bir fikri yoxdur və Iranda müalicə aldıqdan sonra Azərbaycana qayıdacaq.
Lakin məhkəmə Ramil Usubovun vəsatətini təmin edib. Beləliklə, Eldəniz Quliyevin ölkədən çıxmasına qadağa qoyulub.
Eldəniz Quliyev hesab edir ki, bu qərar siyasi motivlidir və onun Ziyalılar Birliyinin rəhbəri, eləcə də Milli Şura üzvü kimi ictimai-siyasi fəaliyyətilə bağlıdır.

Xatırladaq ki, Eldəniz Quliyev avqustun 20-də “facebook” səhifəsində yol polisinin qanunsuz əməllərini tənqid edib.ÿDaxili işlər naziri yazılanları bütövlükdə polisə qarşı təhqir və böhtan kimi qiymətləndirərək, Eldəniz Quliyevin CM-nin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə cəzalandırılması üçün xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.

İnformasiya şöbəsi