Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Hamının fərqli həyatı, fərqli baxışları, fərqli dini, fərqli dili… ola bilər. Amma ölüm yeganə hadisədir ki, o əvvəl-axır hamını eyni yolun yolçusuna çevirir. Hər insan ölümü dadacaqdır. Çexov yazırdı ki, “ölüm dəhşətli şeydir, amma insan ölə bilməyib sonsuzadək yaşasaydı bu, daha dəhşətli olardı”.
Bizdə isə son illərdə ölüm tez-tez başqa məna, məzmun, rəng qazanır özünə. Bəzən təbiətin qanunu olmaqdan çıxır.
Budur, 9 il öncə qətlə yetirilən həmkarımız Elmar Hüseynovun atası Sabir kişi dünyasını dəyişdi.
Sabir kişi xain qətlin baş verdiyi ilk vaxtlarda onun üstünün açılacağı, qətlin sifarişçilərinin və icraçılarının tapılacağına inanırdı, hətta o qədər inanırdı ki, mətbuata açıqlamalarının tonu bəzən çoxlarında xəyalqırıqlığı, təəssüf hissi yaradırdı.
Son illərdə isə o, artıq hər şeyin tamamilə fərqində idi. Qətlin açılacağından əlini tamamilə üzdüyünü deyirdi. “Ölkə rəhbərliyi mənə söz verdi, bir ay, ay yarım vaxt istədi, hər şeyi özüm təşkil edəcəm dedi. Bu günə qədər xəbər yoxdur. Başıma bu oyun gəldi. Bunu heç kimə bağışlamayacam, heç kimə” deyirdi.
Bu isə onun son açıqlamalarından birindəndir: Nə istintaq? Elmarın nə istintaqı ola bilər? Mən daha heç nə gözləmirəm istintaqdan. Bir onunla təsəlli tapıram ki, Elmar cəmiyyətin yadından çıxmır. Elmarın məzarının yanında özümə yer götürmüşəm. Vaxt çatan kimi oğlumun yanına gedəcəm”.
Və getdi.
Artıq onu Elmarla bağlı ad, anım günlərində oğlunun başdaşını qucaqlayıb gözlərini naməlum bir nöqtəyə zilləyən görməyəcəyik.
Indi o oğlu ilə yanaşı qəbirdə uyuyacaq.
Indi mənim yadıma başqa bir xain qətlin qurbanı – Rafiq Tağının anası düşür. Yaşlı ana hələ də oğlunun bu dünyadakı yoxluğundan xəbərsizdir. Onun iş üçün başqa bir ölkəyə getdiyini, bir gün qayıdıb gələcəyini, o özünəməxsus gülüşü ilə gəlib boynunu qucaqlayacağını düşünür. Hələ arabir inciyir də oğlundan: bircə dəfə zəng edib anasından hal-əhval tutmadığı üçün.
Həbsdəki dostumuz Rəşadətin babasının intiharı da əslində bir qətl idi. Haqsız tutuqlanan nəvəsinin qısa vaxtda azadlığa qovuşacağına inanan babanın daha çox gözləməyə səbri çatmadı və… canına qıydı.
Başqa bir siyasi məhbus Nemət Pənahlının anası heç olmasa, son nəfəsində oğlunu görmək ümidi ilə dünyasını dəyişdi.
Qondarma ittihamlarla suçlanıb həbs edilən həmkarlarımızdan Rauf Mirqədirovun atası oğlunun haqsız tutuqlamasına sadəcə, bir neçə ay dözə bildi.
Başqa nümunələr də var. Ancaq belə örnəkləri uzatmaq istəmirəm. Hər halda ən yaxın tarix olduğu üçün çoxlarımız belə örnəkləri hələ unutmamışıq.
Heç mən də bunları sadəcə, xatırlatma üçün yazmıram. Sözümün canı başqadır.
Indi çoxları oturub yas yerlərindəki israfçılıqdan, ona qarşı mübarizə zərurətindən danışır.
Amma bir çox ölümlərin qəmli, kədərli tarixçəsi nə qədər insanı düşündürür, nə qədər vicdanı sızladır.
Axı əvvəlcə elə etmək lazımdır ki, bu ölkədə atalar oğul qatili axtara-axtara dünyadan köçməsinlər.
Analar oğul qətlindən xəbərsiz, onun yolunu gözləyə-gözləyə, “niyə bircə dəfə zəng etmir?” deyə giley-güzar edə-edə dünyasını dəyişməsinlər.
Axı əvvəlcə elə etmək lazımdır ki, atalar, analar bu ölkədə qəlbində övlad qübarı ilə ölməsinlər. Bir haqsız həbslə sarsılıb gözlərini əbədi yummasınlar.
Ölümlər bu qədər kədərli, ağrılı tarixçələrlə müşayiət edilməməlidir.
Ölüm belə ucuz olmamalıdır.
Ölüm hansısa haqsızlıq, hüquqsuzluq səbəbindən az qala kimlər üçünsə şüurlu şəkildə hazırlanmamalıdır, tezləşdirilməməlidir, kimlər üçünsə ölüm “son çarə”, çıxış yolu rolunu oynamamalıdır.
Ölümdən sonrakı məsələlər – təmtəraqlı ehsanlar, nə bilim, dəbdəbəli baş daşıları barədə də məhz bundan sonra düşünmək, danışmaq, dartışmaq mümkündür. Vicdani və əxlaqi olan da elə budur.