Yaxud, səhv salınmış ünvan
Ilham Hüseyn
Millətimizin vəkili, əfsanəvi YAP-çı, “Səfillər” romanını oxumuş ziyalı, “molotov kotleti”nin vurğunu olan Siyavuş Novruzov yenə də “müdrik” fikirlər səsləndirib. Əzəmətli deputatımız, AXCP-nin kütləvi aksiyalar keçirməsinə belə münasibət bildirib: “Elə onlar da ermənilərin tayıdır. Aksiya keçirmək üçün ayrılan maliyyə vəsaitinin böyük əksəriyyəti həmin anda partiya rəhbərliyi tərəfindən silinir, yəni yeyilir. Onlar sadəcə, gəncləri pulla yoldan çıxarıb dövlətin və ya hökumətin əleyhinə hər hansı çağırışlara sövq edərək vətəndaşların şəxsi əmlakına ziyan vurmaqla məşğuldurlar. Gənclər başa düşməlidirlər ki, onları bu üsullarla aldadanların əsas məqsədləri aksiyalardan pul qoparıb, özlərinin həyat tərzini yaxşılaşdırmaqdır”.
Bəli, hökumətimiz hələ də ölkə vətəndaşlarını düşmənimizin adı ilə çağırır. Əgər, dəqiq hesablama aparılsa məlum olacaq ki, “düşmən” ifadəsi ermənidən çox ölkə vətəndaşlarına qarşı işlədilib. Hansıki, Qarabağ müharibəsində Siyavuş Novruzovun “erməni” adlandırdığı cəbhəçilər, 5000 şəhid verib.
Əslində, cəbhəçilərin erməni adlandırılması hökumətin mahiyyətinə uyğundur. Hökumətimizin düşüncəsinə görə “erməni” sözü, “vicdan” sözünün sinonimidir. Məhz buna görə bütün vicdanlı adamlara, “ermənipərəst” damğası vurulur.
Siyavuş Novruzovun çəkinmədən, məsuliyyət hiss etmədən, “cəbhəçilər də ermənilərin tayıdır” deməsi gözləniləndir. Çünki, bu adam mandatı xalqdan almayıb. Bu adamlar “bizim öz yolumuz var” şüarı ilə silahlandıqları üçün, xalqa istədikləri adı qoya bilirlər.
Siyavuş müəllim daha sonra bildirir ki, gəncləri pulla yoldan çıxardırlar və hökumətin əleyhinə yönəldirlər. Hökumətimizin dediklərini ciddiyə alsaq, hər bir müxalifətçi fəalın 100 minlərlə büdcəsi olmalıdır. Çünki, 20 ildir hakimiyyət bəyan edir ki, müxalifət xaricdən maliyyələşir, milyonlarla vəsait mənimsəyir və.s. Ancaq nə hikmətdirsə, bu günə qədər həbs olunan müxalifətçilərin cibindən 5-10 manatdan artıq pul çıxmayıb. Hətta hökumət də başa düşür ki, müxalifətçini narkotiklə şərləmək olar, pulla şərləmək isə absurddur.
Mən hesab edirəm ki, Siyvuş Novruzova danışmaq üçün geniş imkanlar yaratmaq lazımıdır. Çünki, “ermənimetr” aparatı olan bu deputat danışdıqca hakimiyyəti ifşa edir.
Diqqət edin. Bunlar dünya ölkələri ilə sıx əməkdaşlıqdan, səmimi dostluqdan danışırlar. Digər tərəfdən də iddia edirlər ki, müxalifət xaricdən maliyyələşir. Əgər, dünya sizi dəstəkləyirsə, müxalifətə niyə milyonlar ötürür?
Yaxud, 20 ildir hakimiyyət iddia edir ki, Ermənistanda fəlakətdir, millət acından ölür. Bu yandan da sübut etməyə çalışırlar ki, müxalifətçilər ermənilərə işləyir. Əgər müxalifətin məqsədi pul qazanmaqdırsa niyə toxluqdan partlayan hakimiyyətə deyil, acından ölən erməniyə işləyir?
Hesab edirəm ki, bu gün vətəndaşa “erməni” damğası vuran adam, sabah Azərbaycanı erməni torpağı da adlandırar.
Ermənistan torpaqlarımızı işğal etdiyinə görə, bizim düşmənimizdir və buna görə də “erməni” ifadəsini söyüş, təhqir kimi istifadə edirik. Bu gün mövcud hakimiyyət də, Azərbaycanın bütün bölgələrini işğal edib, rayonlar məmurlar arasında bölüşdürülüb, dənizkənarı ərazi hasarlanıb və sadə vətəndaş öz ölkəsində qərib kimi yaşayır. Indi siz deyin, “erməni” damğası daha çox kimə yapışır? Haqqını tələb edən cəbhəçilərə, yoxsa haqqımızı yeyən hökumətə?
Şükürlər olsun ki, neftdən gələn milyardları mənimsəyən, Dubayda mülkləri olan, Azərbaycanda qızıl yataqlarına, holdinqlərə, banklara sahiblənən, millətin evini başına uçuran, iqtisadiyyatın bütün sahələrini inhisara alan, beynəlxalq hesabatlara “korrupsioner”, “yırtıcı” adı ilə düşənlər cəbhəçilər deyil.
P.S Cənab Novruzov, sizin “ermənimetr” aparatınız qərəzli işləyir. Əks halda, “erməni izi” ni başqa yerdə axtarardınız.