Sizi döyürlər və siz gücsüzsünüz, o halda nə etməli?

Natiq Güləhmədoğlu

Bu köşəni bir neçə gün əvvəl yazdığım “Quzuların səssizliyi” adlı yazımın davamı da saya bilərsiniz. Birinci yazı daha çox onun əsaslandırması idi ki, bizim ölkədə quzu kimi sakit olmaq, lal-kar həyatı keçirmək belə, heç kimə repressiya maşınının altına düşüb əzilməmək üçün qarantiya deyil. Sakit olanları, öz dəhşətli güzəranından şikayətlənməyənləri, haqqını tələb etməyənləri də əzirlər, tuturlar, başqa məhrumiyyətlərə tuş edirlər.

Indi isə, sükutu pozmağın faydası nədi, o barədə yazmaqda qərarlıyam.

Iddia ilə bu yazının adını “Bugünkü ziyalının, əsl insanın başlıca vəzifəsi” qoyardım.

Möhtərəm dostlar, zülmün həqiqət taxtında oturduğu indiki vaxtda bizə həyat çətin gələ bilər. Hər gün təqiblər, həbslər barədə xəbərlər alırıq, mümkündür ki, əsəblər bunu qarşılamağa tab gətirməsin. Insan psixologiyasının da zatən belə bir xasiyyəti var; o, müsibətləri, problemləri əksərən şişirdilmiş halda qəbul edir. Yəni, bizim çox hörmətli beynimizin belə cəhəti var, milçəyi fil eləmək!

Belə bir şəraitdə bəzən biz düşünürük ki, şəri onsuz da yenə bilmirik, onun qarşısında gücsüzük. Topumuz, topxanamız, çevik polis alayımız yoxdursa, axı nə etmək olar?

Indi sizə hüquqşünasların bir praktik tövsiyəsini xatırladım, sonra davam edək. Bu tövsiyəni rəhmətlik Isaxan Aşurovla Hikmət Hacızadənin birgə hazırladığı kitabdan oxumuşdum, adı “Haqları necə qorumalı?” idi, deyəsən. Orada çətin vəziyyətə düşənlərə aid məsləhətlər vardı. Biri beləydi: sizi tutublarsa, tutanlar sizə işgəncə verirsə və fiziki, mənəvi güc baxımdan sizə hücum edənlərə bata bilmirsinizsə, o zaman ucadan qışqırın. Qışqırın və başınıza gələnləri ucadan nəql edin; sizə qəsd edənlər kimdi, nəçidi, onlar sizdən nə istəyir, bunları deyin.

Bu nə üçün lazımdı, onun da izahı vardı.

Birincisi, ona görə ki, basqınçı, quldur, oğru həmişə səksəkəli olur, sizin qışqırtınız onu təsirləndirir, təlaşlandırır, qorxudur və s.

Ən əsası, fərz edək ki, sizin basqına, talana, işgəncəyə məruz qaldığınızı kimsə görür, lakin o, qorxusundan yaxın durmur. Sizin fəryadınız o şahid üçün qiymətli faktlardı, bu gün də olmasa, sabah o, özündə cəsarət tapıb onları danışa bilər və sizin işinizə fayda verər.

Bu qiymətli tövsiyəni günümüzdə siyasi fəaliyyətlə, ictimai fəallıqla məşğul olanlar üçün uyğunlaşdırmağa çalışaq.

Əvvəla, bilməliyik ki, insanlar lap qədimdə də, elə indi də bizdən qat-qat çətin vəziyyətlərdə mübarizə aparıb, sözlərini deyiblər. Bu gün kəskin mübarizə metodlarına əl atmadan da, özünü ağır sınaqlar, risklər qarşısında qoymadan da fövqəladə böyük iş görmək olar. Çox sadə, amma çox vacib işdən söz açıram sizə.

O hansı işdir, bizə ustad Əli Şəriəti öyrədir.ÿDoktor Şəriəti yazırdı: “Əgər haqqı bərpa etmək olmursa, batili ifşa, rüsvay etmək olar. Həqiqəti sübut etmək, zamana tanıtdırmaq və diri saxlamaq olar…”

Beləliklə, son dərəcə sadə bir metodu görürük. Biz çox vaxt “facebook” qeydlərimizi, qəzet yazılarını heçə sayırıq. “Əşi, lap yazdıq, noolsun” deyib, keçirik. Belə ediriksə, bilməliyik ki, xainlərin tələsinə düşmüşük. Xalqı istismar edənlərin, əzənlərin tezisi budur ki, səs salma, onsuz da xeyri yoxdu, yazmaq, danışmaq əbəsdir.

Xeyr, elə deyil. Yuxarıda artıq hüquqçuların bir tövsiyəsi bu tezisi darmadağın edib. Əlavə olaraq, düşünün, yazmaq, danışmaq heçdirsə, bunlar niyə yazı-pozu adamlarını görəndə sanki qutuda ilan görürlər? Bu gün həbsə atılan dostlarımız bəyəm, zülmkarlarla balta, bıçaq, top-tüfənglə mübarizə aparırdılar ki? Əlbəttə, yox. Onlar qarşı tərəfi yazıları, sözləri ilə narahat edirdilər.

Odur ki, həqiqəti yazmaqdan yorulmayaq, doğrunu təkrar etməkdən usanmayaq, zülmü ifşa edək, həqiqəti hər an, hər dəqiqə bəyan edək. Əzilənləri yad edək, onlara həyan olaq. Və bunun böyük iş olduğunu qəbul edək!