Milli Məclis sədri demokratiyadan, hüquqdan və müxalifətlə münasibətlərdən danışmalı olacaq
Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Parlament Sədrlərinin Avropa Konfransında iştirak etmək üçün sentyabrın 10-dan 13-dək Norveçin paytaxı Osloda səfərdə olacaq.
Konfransda “Konstitusional hüquq və azadlıqlar demokratiyanın şərti kimi”, “Avropada demokratiya, suverenlik və təhlükəsizlik”, “Çoxluq və müxalifət – tarazlığın əldə olunması” mövzularında müzakirələr keçiriləcək. Nümayəndə heyəti müzakirə olunan məsələlərdə Azərbaycan tərəfinin mövqeyini bildirəcək. Bundan əlavə, O.Əsədovun konfransda iştirak edən nümayəndə heyəti rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsi, regional münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparılacaq.
Müzakirə olunacaq məsələlərə diqqət edəndə adamın ürəyi ağrayır. Indi, Oqtay müəllimə “axır qəmin olsun”, yoxsa “özü yıxılan ağlamaz” deyək?
125 deputatın qarşısında sağa-sola qılınc çalan spiker, demokratiyadan nə danışacaq? Orta aylıq əmək haqqı 5-7 min dollar olan bir ölkədə Azərbaycandakı iqtisadi inkişafdan danışmaq, yoxsulluğun kökünün kəsilməsindən söhbət açmaq, biabırçılıq olardı. Söz, mətbuat, sərbəst toplaşma azadlığından danışmaq da ağıllı gediş olmazdı.
Müzakirəyə çıxarılan mövzulardan birinin adı “Çoxluq və müxalifət – tarazlığın əldə olunması”dır. Indi, Oqtay müəllim necə desin ki, bizim ölkədə müxalifəti “ermənipərəst”, “anti milli ünsür”, “vətən xaini” adlandırırlar. Necə dilinə gətirsin ki, Azərbaycanda müxalifətçilərin cibinə narkotik, evinə silah atılır. Tribunadan necə səsləndirsin ki, bizim ölkədə hüquq müdafiəçilərini, jurnalistləri “xuliqan” adı ilə zindana atırlar. Müxalifətlə hakimiyyət arasında tarazlığın olmadığı bir ölkəni təmsil edib, eyni zamanda bu tarazlıqdan danışmaq çox məşəqqətli sınaqdır.
“Konstitusional hüquq və azadlıqlar” mövzusu lap ağrılıdır. Konstitusiyanın kağız parçasına çevrildiyi, hüququn öldürüldüyü bir ölkəni təmsil etmək çətindir. Oqtay Əsədov necə desin ki, bizim ölkədə hakimlər sifarişlə hökm oxuyur, konstitusiyaya istədiyimiz dəyişikliyi edirik, qanun icazə verməsə də, məmurlar bizneslə məşğul olur, nazirlər bütün sahələri “monopoliya” edib, və.s
Hələ, nə qədər sualları cavablandırmaq lazım olacaq. Oqtay Əsədov həmkarları ilə görüşdə çətin mərhələlərdən keçməli olacaq.
Ümumiyyətlə, avtoritar rejimlər qapalılığı sevirlər, yalnız xalqa xitab etməyi xoşlayırlar. Çünki, qapıdan bayıra çıxan kimi bütün yalanlar həqiqətin qurbanına çevrilir.
Bir sözlə, Avropa Şurasının tribunasından ünvanlanan suallara, bir də Norveçdə cavab vermək lazım olacaq. Ən pisi odur ki, indi inkar etmək daha ağır suallara yol açır. Təsdiqləmək isə, yalançılığın etirafı deməkdir.
Akif


