“Bir çağın vicdanı olmaq”

Səadət Cahangir

Türk filosofu Cəmil Meriçin belə bir fikri var: “Hər böyük adam qucağında yaşadığı cəmiyyətin ögey övladıdır. Amma o, sabahkı, dünənki və ya sonrakı bir cəmiyyətin insanıdır, öz cəmiyyətinin deyil”…

Tam olaraq yaşadığımız günün mənzərəsini açıqlayır bu deyim. Intellektualların, fədakarların, düşüncə adamlarının küncə sıxışdırıldığı, kənara itələndiyi, təhqirlərə məruz qaldığı və məhkəmələrə sürüldüyü bir cəmiyyət! Ələbaxımlığın və kölə həyat tərzinin mütləq hakim olması üçün bütün qaba üsulları ilə çalışan bir zor mexanizmi! Qarşı çıxanlar, boyun əyməyənlər, rədd edənlər bəlli bir hesab ödəməlidir bu arxaik şərtlər çərçivəsində. 

Indi də ölkənin tanınmış ziyalılarından Eldəniz Quliyevi məhkəmə ayağına çəkiblər. FB səhifəsində polis özbaşınalığını kəskin tənqid etdiyinə görə, nazir Usubov onu şəxsən məhkəməyə verib. Guya o, öz yazısında polis sisteminə qarşı ciddi həqarətə yol verib. 

Açıqsözlü fikir adamlarına necə baha başa gəlir bu prinsipiallıq, bilirsiniz. Dünya elminə misilsiz töhfələr vermiş Rafiq Əliyev kimi bir alimi iki kəlmə doğru sözünə görə “doqquz kənddən qovmaqdan betər” etdilər. Təlimatlı şər kampaniyasında nüfuzlu alimi az qala düşmən çıxaracaqdılar. Amma bir az üzdən getdilər, sadəcə işsiz buraxmaqla yetərli saydılar cəzasını. Nə oldu? Bu cəzanın əvəzində gedib ABŞ-ın ən yüksək elmi mükafatlarından birini aldı alim. Üç elmi nailiyyətinə görə verilmişdi “Lifetime achievement award” mükafatı ona. Təvazökarlıqdan səsi belə çıxmadı. Nə televiziyalarda öyünüb durdu, nə də səhifə-səhifə müsahibələr verib gözə soxdu bu misilsiz uğurunu. 

Eyni haqsızlıqları daha hansı nüfuzlu aydınlarımıza qarşı etmədilər ki? Bu ölkə adına tək “Oskar” sahibi olan kinossenarist Rüstəm Ibrahimbəyovumu deyim, dünyada tanınan azsaylı tarixçi alimimiz Cəmil Həsənlinimi deyim? Hər kəs bilir, bu ölkədən şəxsi qazancları adına qoparacaqları bir şey yox adları çəkilən ziyalıların. Belə çərçivələrə sığmayan insanlar üçün sərhədlər yox artıq, nə qədər sıxsanız belə, durdura bilməzsiniz onları! Onların da bağlı olduqları xalqa başucalıqdan başqa bir şey gətirəcəkləri yox, əslində. Onlar öz parlaq intellektləri və bəşəri prinsipləri ilə bu torpaqlar üçün ən böyük dəyərdir, biləsiniz! Cəmil Meriç “gerçək böyüklər tanınmadan öldülər” deyirdi. Öz zamanı üçün tam haqlıydı görkəmli filosof. Amma nə yaxşı ki, indi dünya çox kiçilib, hər an uzaq dənizlərə yelkən açmaq, geniş üfüqlərə çıxmaq imkanları var. Bu yazını yazdığım anlarda Eldəniz Quliyevin məhkəməsi gedirdi. Özünün dediyi ki, belə qurama işdən ədalətdən başqa nə desən gözləmək olar. Ancaq insanı ağrıdan başqa şeydir. Bu ölkədə haqsız yerə məhşər ayağına çəkilən ziyalını müdafiə etməyə hünəri çatan neçə məşhur var görəsən? O qədər az ki, barmaqla saya bilərsiniz, şübhəsiz. “Mənfəət danışınca vicdan susar”- deyincə nə qədər haqlıydı Meriç.

Bu yazını bilərəkdən Cəmil Meriçin düşüncələri üzərində qurdum. Çünki o, yetmiş bir illik ömrünün yalnız 38 ilində dünyanı gözləri ilə görə bilmişdi. Sonrakı həyatı yalnız düşüncələri sayəsində gördüklərindən ibarət… Həm də hər kəsdən daha iti və doğru gördüklərindən! “Bir çağın vicdanı olmaq istərdim, bir çağın. Daha doğrusu, bir ölkənin, idrakımıza vurulan zəncirləri qırmaq, yalanları yox etmək, Türk insanını Türk insanından ayıran bütün divarları yıxmaq istərdim. Möhtəşəm bir keçmişi, daha möhtəşəm bir gələcəyə  bağlayacaq körpü olmaq istərdim, kəlmədən, sevgidən bir körpü”- deyirdi o.ÿ

Bəli, “bir çağın vicdanı olmaq”, keçmişi gələcəyə  bağlayacaq sevgi körpüsü qurmaq korların hünəri deyil. Bu ancaq könül gözü ilə görən böyük aydınların işidir!