Prezidentdən qalacaq iz

Sumqayıtlı müəllim dostumun halını xəbər aldım. Dedi, necə olacam, bir aydı dərs keçmirəm, eləcə məktəbə gedib-gəlirəm. Heyrətləndim. Belə ciddi və məsuliyyətli müəllimin də sonunda bezib ruhdan düşdüyünü, hamı kimi formal olaraq dərsdə iştirak elədiyini düşünüb, kədərləndim. Demək yarıtmaz təhsil sistemi belə müəllimləri də sındıra bilərmiş.

“Nə oldu,- soruşdum,- sən də mi, Brut?.”.

“Yox, əşşi,- dedi,- sadəcə bir aydı parada hazırlıq gedir”.

Ağlıma gəldi ki, yəqin hərbi parad olacaq. Bəs necə olub, xəbərim yoxdu. Heç vaxtı da deyil axı. Sonra məlum oldu ki, yox, heç bir hərbi parad-zad olmayacaq, sadəcə, Sumqayıtın yeni icra başçısı öz ideyalarını indi də bu şəhərdə inkişaf etdirməyə start verib və ümummilli liderin anım xatirəsinə parad keçirəcək.

Dedim, müəllim, özümüz də uşaq olmuşuq, yüz faiz uşaqların sevinci indi yerə-göyə sığmır. Yaz gəlib, qan dəyişir, adamı tənbəllik basır, ən yaxşı halda sevmək istəyirsən. Dərs keçirilmirsə, şagirdlər çox xoşbəxt olarlar. Sinifdə saatlarca yuxulamaqdansa, açıq havada şellənmək ləzzət eləyər. Müəllim, “qətiyyən,- dedi,- təpik döyməkdən uşaqların ayaqları suluq bağlayıb”.

Demə, əməlli-başlı əsgəri hazırlıq keçirmişlər – qızlı-oğlanlı.

Sağ! Sol! Sağ! Sol! Olmadı. Dağılışın! Düzlənin! Bir də! Sağ! Sol!

Ilahi, özün rəhm elə. Imtahanlar qapının ağzını kəsdirib. Kimiləri məktəbi bitirir, kamal attestat almalı, kimiləri də sinifdən-sinfə keçmək üçün imtahan verməlidi. Yaxşı, onların yerinə kim hazırlaşacaq, kim cavab verəcək imtahanlarda? Sumqayıtın icra başçısımı? Bəlkə paradda yaxşı təpik döyənlərə attestatın qiymətində endirim eləyəcəklər? Ötənilki attestat aksiyalarını kimsə unudubmu? Görəsən Misir Mərdanov uşaqlardan siyasi məqsədlərlə istifadəyə nəyə görə imkan verir?

Hələ qarşıdan dekabr gəlir. Gərək Sumqayıt indidən 46 metrlik tort hazırlıqlarına başlasın. Ancaq gərək tortun heç olmasa 5-10 metrini Bakının ərazisinə salalar ki, bu ehsandan bakılılar da dada bilə. Ötən il Gəncədə yerdən tort tullantılarını yığan ac və səfil qarını polislərin itqusdu eləyib meydandan uzaqlaşdırdığını düşünəndə adamın ürəyi ağzına gəlir. Bütün şirniyyat məhsullarına nifrət eləyir. Bir tortla Azərbaycanın necə xoşbəxt və kef-damaq içində yaşadığını göstərmək istəyən icra başçısı əslində bu ölkədə insanların necə bədbəxt durumda olduğunu aləmə faş elədi. Həmin qarının bütün dünyada yayılan fotosu bəşəriyyətə Azərbaycan insanının necə məzlum gündə yaşadığını bar-bar bağırırdı – bir yanda qırx neçə metrlik tort, bir yanda isə qırıntı üçün ölüm-dirim mücadiləsi verən ac qarı. Budur analoqsuz inkişaf, fenomen ÜDM.

Əliyevin cığırı

Sumqayıt hərbi parada hazırlaşmaqda olsun, dövlət başçısı da 15 kilometrlik yolların lentini kəsməkdə. Dünən bütün axşamı bütün tv-lər reportaj verirdilər. Bir şey marağıma səbəb oldu. Yox, iki şey. Biri durmadan göstərilən və prezidentin də ayaqqabılarını çıxarmadan başının dəstəsi ilə (onlar da evə ayaqqabılı girdilər) açılışını elədiyi yeni ev idi. Hardasa nazir evi. Yaraşıqlı mebel dəsti, qət-təzə ev avadanlığı, məişət əşyaları. Selofanı sökülməmiş yataq mebelindən bilinirdi ki, bu evə hələ ev yiyəsinin ayağı belə dəyməyib. Yəni bu dəfə də prezident gedən kimi dükan sahibləri öz mallarını yığışdırıb aparacaqdılarmı? Hər halda oradan müstəqil jurnalist reportajı hazırlansa, çox yaxşı olardı. Və nəydisə bütün reportaj boyu ancaq bu evi göstərirdilər – gah iri planda, gah fonda, gah içəridən, gah dışarıdan.

Daha diqqət çəkən bir məqam isə bu tək evə dövlət başçısının hərəkət trayektoriyası boyunca çəkilən asfalt cığır idi. Nə vaxtsa deyəcəklər: “Burdan bir atlı keçdi…”. Atlıdan qalan iz o olacaq. Onu da neçə illik döşəyiblər, bir Allah bilir.