“Azadlıq”ın əməkdaşını ölkədən çıxmağa qoymadılar

Övladını müalicəyə aparan jurnalist sərhəddə saxlanıldı; ona pasportunun ləğv edildiyi deyilib

Natiq Ədilov: «Nə vaxta qədər ailə, uşaq məsələsi ilə rəqiblərin üstünə gələcəksiz?»

“Azadlıq” qəzeti və “Azərbaycan Saatı” televiziya proqramının əməkdaşı Natiq Ədilov dünən azyaşlı övladını müalicə etdirmək üçün ailə üzvlərilə birgə Gürcüstana getmək istəyərkən “Sınıq körpü” sərhəd-keçid postundan buraxılmayıb. Bu haqda xəbər yayılandan sonra bir xeyli müddət Natiq Ədilovla əlaqə saxlamaq mümkün olmayıb. Bu səbəbdən onun həbs olunması ehtimalı yaranıb və baş verənlər narahatlıq doğurub. Lakin bir neçə saat keçəndən sonra Natiq Ədilov özü açıqlama yayaraq, hadisənin təfərrüatları haqda məlumat verib.

“Bizim balacanın səhhətində problem var. Hələ Muradın (Natiq Ədilovun bu yaxınlarda narkotiklə şərlənən qardaşı-red.) həbsindən əvvəl onu müalicəyə aparmalıydıq. Murad tutuldu və həmin günün ertəsinə olan biletlərimizi ləğv etməli olduq.

Nəhayət, qərara gəldik ki, Tiflisə gedək və orada müayinə olunsun. Qatara bilet aldıq. Böyük Kəsik stansiyasında sərhədçilər sənədləri yoxladılar və bildirdilər ki, mənim pasportumun fəaliyyəti dayandırılıb. Belə çıxır ki, başqalarının bank hesabını dondururlar, mənim də pasportumu…

Qeyd edim ki, pasportumun vaxtının bitmə tarixi 2021-ci ildir.

Soruşdum ki, qardaşlar, bu nə deməkdi, əvvəllər də kiminsə başına belə bir iş gəlibmi? Dedilər ki, olub, sən tək deyilsən.

Tələb etdim ki, o zaman mənim qatardan endirilməyimlə bağlı akt verilsin. Verdilər. Orada da yazılıb ki, pasport fəaliyyətsiz olduğundan sərhəddən buraxılmır.

Əlavə olaraq öyrəndim ki, hələ avqust ayından Daxili Işlər Nazirliyi mənim pasportumla bağlı belə bir göstəriş verib”, – deyə Natiq Ədilov bildirib.
Jurnalist hesab edir ki, hökumətin onu həbs etmək planı var və pasportun fəaliyyətinin dayandırılması da həmin planın tərkib hissəsidir: “Belə çıxır ki, hələlik heç bir bəhanə olmasa belə, hökumət məni nə vaxtsa tutmaq qərarı verib. Ona görə də hər ehtimala qarşı, belə bir qərar verilib ki, istəyəndə tutsunlar. Yoxsa, heç bir ittiham irəli sürülməmiş şəxsin pasportunu ləğv etmək nə deməkdir? Bu həbslərin planlı olduğunun sübutu deyilmi?

Nəhayət, mən soruşmaq istəyirəm: mənim azadlıqda olmağım hakimiyyəti narahat edirsə, niyə həbs edib bu problemdən qurtarmırlar? Nə vaxta qədər ailə, uşaq məsələsi ilə rəqiblərin üstünə gələcəksiz?

Yaranan problemlə bağlı günü sabah daxili işlər naziri Ramil Usubova müraciətim olacaq. Eyni zamanda, vəkillərin iştirakı ilə məhkəmə iddiası qaldıracağam”.

Informasiya şöbəsi