Fuad Qəhrəmanlı: «Hakimiyyətin lobbi fəaliyyəti Qərblə əməkdaşlığı dərinləşdirməyə deyil, oradan gələn təzyiqlərin qarşısını almağa hesablanıb»
Azərbaycanın daxilində Qərbin demokratik prinsipləri təbliğ edən institutlara qarşı səlib yürüşünə keçən hakimiyyət xarici siyasət də tam fərqli yanaşma sərgiləyir. ABŞ-ın aparıcı qəzetlərindən olan «Nyu York Tayms» Azərbaycan hökumətinin Birləşmiş Ştatlarda yerləşən beyin mərkəzlərində pulla nüfuz almaq səyləri haqda infoqrafik məqalə dərc edib. Məqalədə Azərbaycan hökumətinin lobbiçilik fəaliyyətlərini əks etdirən 13 sənəd nümayiş etdirilir. İmzalanan müqavilələrdə ödəniş müqabilində lobbiçilik firmasının Azərbaycanın ABŞ üçün əhəmiyyətinin təşviq etməsi təsbit olunur. Azərbaycan tərəfinin Vaşinqtonda yerləşən “DCI Group” və “Podesta Group” lobbiçilik firmaları ilə imzaladığı müqavilələrdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun imzaları yer alır.
Səfir Süleymanovun “Xarici Təmsilçi” (Foreign Principal) qismində DCI Group-la imzaladığı müqavilədə lobbiçilik firması Azərbaycan səfirliyinə ictimai əlaqələr və media strategiyası üzərində işləməyə, o cümlədən ABŞ mediasında kontaktlar yaratmaqda və müştərisi üçün vacib olan məsələlər haqda ABŞ mediasında məqalələr dərc etdirməkdə yardımçı olacağını öz üzərinə götürür.
Nyu York Tayms nüfuzun satın alındığı iddia olunan beyin mərkəzləri sırasında Atlantik Şurasının fəaliyyətinə diqqət yetirir. Atlantik Şurasının aparıcı donorları sırasında Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın adı yer alır. Daha sonra həmin bu beyin mərkəzinin 2014-cü il, 1 iyulda “Qafqazda NATO: Azərbaycanın Məsələsi” başlıqlı ictimai forum keçirməsi bildirilir.
Nyu York Taymsın Frederik Kempeyə göndərdiyi sorğuda onun rəhbərlik etdiyi şuranın Azərbaycandan nə qədər pul aldığı soruşulur. Suala cavabda cənab Kempe sonuncu dəfə 2012-ci ildə SOCAR-dan $50,000 dollar aldıqlarını yazır.
Ortaya çıxan faktlar bir sıra suallara cavabı vacib edir. Daxildə Qərb institutlarını sıxışdıran, ABŞ-a qarşı səlib yürüşü elan edən Azərbaycan hakimiyyəti nədən xarici siyasətdə aparıcı beyin mərkəzlərini onun təbliğatını aparmağa vadar etmək istəyir?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, əvvəla hakimiyyətin Qərbdə yürütdüyü lobbi siyasəti Azərbaycanın dövlət maraqlarının qorunmasına yönəlməyib. Bu təşəbbüslər birmənalı şəkildə Qərbdən hakimiyyətə qarşı demokratiya ilə bağlı yönələn tələblərin qarşısını almağa yönəlib: «Bu lobbiçilik fəaliyyəti hakimiyyətin maraqlarına xidmət edir. Azərbaycan dövlətinin maraqlarının qorunması istiqamətində səylər göstərilmir. Biz indiyə qədər onun şahidi olmadıq ki, Azərbaycanın dövlət maraqları naminə hər hansı lobbi fəaliyyəti nümayiş etdirilsin».
İndiki halda Azərbaycanda vətəndaş cəmiyyətinə basqılarla, hakimiyyətin Qərbdə yürütdüyü lobbi siyasəti arasında təzada gəlincə isə F.Qəhrəmanlı hesab edir ki, əslində hakimiyyət lobbi fəaliyyəti ilə Qərbə inteqrasiya siyasəti yürütmür. Əksinə özünə gələ biləcək təzyiqləri azaltmağa çalışır. Daxildə Qərblə əməkdaşlıq edən QHT-ləri, siyasi institutları sıradan çıxarmaqla daxildən gələ biləcək demokratiya ilə bağlı təzyiqlərin qarşısını almağa çalışır: «Hakimiyyətin Qərbdəki lobbi fəaliyyəti ilə daxildə vətəndaş cəmiyyətinə qarşı təzyiqləri eynkontekstdə nəzərdən keçirilə bilməz. Lobbi fəaliyyəti Qərblə əməkdaşlığı dərinləşdirməyə deyil, oradan gələn təzyiqlərin qarşısını almağa hesablanıb. Amma hakimiyyət gözəl anlayır ki, onun lobbi fəaliyyəti daxildə yürütdüyü siyasətə, beynəlxalq aləmdə sahib olduğu imicə görə heç bir nəticə verməyəcək. Nüfuzlu mətbuat orqanları hakimiyyəti kəskin tənqid etməkdədir. Deməli bu halda hakimiyyət daxili repressiyalar hesabına ölkədəki narazılığın qarşısını almağa çalışır. Bütün hallarda yürütdüyü siyasətdə hakimiyyət əsas olaraq dövlətin deyil, öz maraqlarını götürür».
Xəyal


