“Hər iki tərəf bu atəşkəsdən müəyyən üstünlüklər əldə etməyə çalışacaq”
Vəfa Quluzadə: «Düşünmürəm ki, Ukraynanın şərqindəki atəşkəs uzun çəkəcək»
Şərqi Ukraynada atəşkəsin əldə olunması və münaqişənin sülhlə nizamlanmasına dair imzalanmış protokol bir sıra suallar doğurur. Protokolu “Üçtərəfli Təmas Qrupu”nun iştirakçıları olaraq Səfir Haydi Talyavini (ATƏT), Ukraynanın ikinci prezidenti Leonid Kuçma (Poroşenkonun nümayəndəsi kimi), Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov (Putinin nümayəndəsi kimi), Aleksandr Zaxarçenko və İqor Plotnitskiy (separatçıların təmsilçiləri) imzalayıblar.
Maraqlıdır ki, Rusiya indiyə qədər Ukraynanın şərqində baş verən proseslərə aidiyyatının olmadığını bəyan edirdi. Amma sənədi Rusiyanın təmsilçisi də imzalayıb. Digər bir tərəfdən imzalanan sənəd bəzi xüsusiyyətlərinə görə, Azərbaycanın Qarabağ münaqişəsi ilə bağlı imzaladığı Bişkek protokoluna bənzəyir. Bəzi ekspertlər hesab edir ki, bu baxımdan Ukraynadakı problemin Qarabağın taleyini yaşayacağı istisna deyil. Və nəhayət diqqət yetirilməli sonuncu məqam sülhün bağlanmasının hansı tərəfin xeyrinə olmasıyla bağlıdır. Belə hesab olunur ki, sülh müqaviləsi Ukraynaya bir sıra üstünlüklər verəcək. Xsüsuilə o nəzərə alınmalıdır ki, NATO «Rusiyanın aqressiyasına qarşı» 8 dövlətin iştirakı ilə bütün qoşun növlərinin daxil olduğu hərbi birləşmə yaradılır.
Politoloq Vəfa Quluzadə düşünür ki, imzalanan sülh müqaviləsi Ukraynanın şərqində baş verənlərin arxasında məhz Rusiyanın dayandığını sübut etdi. Politoloq hesab edir ki, əslində Rusiya Ukraynada yürütdüyü siyasətlə Qərbə mesajlarını ünvanlamağa çalışır. Rusiya açıq formada bəyan edir ki, onun qoşunları Avropadadır və silahlar Qərbə tuşlanır: «Rusiya Ukraynadakı proseslərin ona aid olduğunu inkar etməklə Qərbin sanksiyalarını yubatmağı düşünür. Rusiya lobbi siyasətinin vasitəsilə də Qərbdə fərqli düşüncə formalaşdırmağa çalışır. Əvvəlcə Rusiya Krımda baş verənlərə də aidiyyatı olmadığını bəyan edirdi. Amma daha sonra Rusiya Krım hadisələrinin iştirakçılarına mükafat paylamağa başladı».
Ukraynanın şərqində baş verənlərlə bağlı imzalanan protokoloun Bişkek müqaviləsi ilə oxşarlığının olduğunu deyən V.Quluzadə bildirdi ki, Qarabağla bağlı imzalanan atəşkəs sülh əldə olunana qədər davam edəcək bir sənəddir. Amma Ukraynda imzalanan sənədin mahiyyəti tamamilə fərqlidir: «Putin Donetsklə, Luqanska tam nəzarət etmək istəyir. Ad olacaq ki, bu ərazilər Ukraynaya məxsusdur. Amma onların idarəçiliyini Rusiya həyata keçirəcək. Rusiya Qarabağın müstəqilliyini tanımır və bəyan edir ki, bu ərazi Azərbaycanın tərkibindədir. Rusiya işğalçılıq siyasətini oxşar ssenari üzrə həyata keçirir».
Sülh müqaviləsinin bağlanmasının tərəflərə nəfəs dərməyə imkan verəcəyini deyən V.Quluzadə vurğuladı ki, amma bu fasilə Ukraynaya heç də sərf etmir. Çünki əslində bu atəşkəs Ukraynaya lazım deyil. Rus qoşunları Luqansk və Donetskdən çəkinsə, o zaman Ukrayna hakimiyyəti öz əhalisi ilə dil tapa biləcək: «Düşünmürəm ki, Ukraynanın şərqindəki atəşkəs uzun çəkəcək. Hər iki tərəf bu atəşkəsdən müəyyən üstünlüklər əldə etməyə çalışacaq. Rusiya sanksiyalardan yayınmağa, Ukrayna isə öz qoşunlarını toparlayaraq yenidən cəhdlər etməyə çalışacaq. Baş verənlərdə NATO mövqeyini bir qədər qətiləşdirəcək. NATO artıq Ukrayna ilə sıx əməkdaşlığa başlayıb. Qarabağla Ukraynanın fərqi odur ki, birinci məsələdə Rusiya proseslərə tam hakim idi. Rusiyanın yürütdüyü siyasətə heç kim müdaxilə etmirdi. Amma Ukrayna məsələsi bütün dünyanın diqqət mərkəzindədir».
Xəyal


