Balakənin gömrük postunda vətəndaş təhqir olunub

Balakən şəhər sakini, Qarabağ veteranı Vüqar Qarayev qəzetimiz vasitəsi ilə ölkə prezidenti və digər əlaqədar qurumlara müraciət edərək bir neçə gün bundan öncə – avqustun 29-da Balakən kömrük-keçid məntəqəsində gömrük zabiti tərəfindən təhqir olunduğunu bildirib.

“Məni əsassız olaraq bir neçə saat postda saxlayıb təhqir etdilər”

Vüqar Qarayevin dedikləri: “Anam Gürcüstana qohumlarımızgilə qonaq getmişdi. Avqustun 29-da mənə zəng edib bildirdi ki, möhkəm xəstələnib. Dedi ki, gəl məni evə apar. Mən saat 17:30-da kömrük postuna getdim. Məni kömrükdə yoxlanış qurğusundan keçirdilər və üzü Gürcüstan istiqamətinə yollandım. Sərhədçilərə yaxınlaşanda, arxadan kömrükdə işləyən gənc zabit (onun rütbəsi leytenant idi) məni geri çağırdı. Geri qayıtdıqda həmin kömrük zabiti mənə dedi ki, yoxlanış qurğusundan bir də keç, yenidən yoxlanışdan keçdim. Kömrükçü dedi ki, cibində olanları tök stolun üstünə, təbii ki, mən belə də etdim, cibimdə beş-üç manat kağız pul, bir də qəpik-quruş var idi. Əlimdə heç bir şey yox idi. Həmin kömrükçü məni 4-5 dəfə belə vəziyyətdə yoxlanışdan keçirdi. Mən ona etirazımı bildirdim ki, bu nə deməkdir, neçə dəfə yoxlanışdan keçmək olar. Kömrük işçisi qayıtdı ki, mən nə qədər desəm, o qədər də buradan o yana-bu yana keçəcəksən. Kömrükçü məni nalayiq söyüşlərlə söydü və dedi ki, istəsəm, sənin ayaqqablarını yoxlayaram, səni burada lüt soyunduraram. Mənə dedi ki, sənin kəmərinin üstündə dəmir var, onu çıxart. Onun bu özbaşnalığına sərt şəkildə etiraz etdim. Məni əsassız olaraq bir neçə saat burada saxladı və təhqir etdi. Sanki mənimlə məzələnirdi.

“Geri qayıdanda yenə məni incitdi”

Mən Gürcüstan tərəfə keçdim və Qaraçöp kəndinə getdim. Orada taksi danışıb anamı Balakənə gətirmək üçün yola düzəldim. Axşam saat 10:30-da yenidən kömrük buraxılış məntəqəsinə çatdım. Növbədə yenə həmin leytenant idi. Mən orada olanda 15 nəfər adamı orada saxlamışdı. Səhv etmirəmsə, onlar Şəki şəhərindən idilər. Həmin şəxs stulda oturub ayağını ayağının üstünə qoyub onlarla mübahisə edirdi. Növbə mənə çatanda o, yenə mənimlə sərt danışmağa başladı. Bildirdim ki, rayona çatan kimi səndən şikayət edəcəm. Leytenant cavab verdi ki, get kimə istəyirsən şikayət et. Əlimdən Gürcüstandan uşaqlar üçün aldığım 4 ədəd gürcü limonadını da “olmaz” deyə aldı. Xəstə ilə olmağıma baxmayaraq, yenidən məni orada guya yoxlayır deyə 2 saat saxladı. Nə qədər tələb etsəm də ki, özünü təqdim etmədi. Əksinə, məni hədələdi ki, bu saat polis qrupu çağırtdırıb səni 15 sutka həbs elətdirəcəm. Axırda bizim sərhədçilərdən biri ona əsəbiləşdi ki, abrın həyan olsun, nə istəyirsən camaatdan, ondan sonra məni buraxdı.

Cənab prezident, cənab baş prokuror, Balakən kömrüyündə insanların başına olmazın oyunlar açırlar. Bizi insan saymırlar. Çox adam başına açılan oyunları ictimailəşdirə bilmir. Burada vaxt olur ki, mübahisə zamanı kömrükçülər tökülüşüb cavan, qoca, qadın, uşaq bilmədən adamları döyürlər. Kim ki, rüşvət verir, istənilən məhsulu və digər şeyləri postdan keçirdir. Lap qadağan olunmuş olsun, rüşvət verdinsə, sənə yaşıl işıqdır. Gürcü tərəfdə postda bizlərlə insan kimi davranırlar, hər cür qulluğumuzda dururlar, heç bir bürokratik əngəldən belə söhbət gedə bilməz. Elə ki, bizim posta çatdın, özbaşınalıqla üzləşirsən. Öz evimizə qayıtmaq üçün rüşvət verməli oluruq. 

Balakən kömrüyündən şikayətçiyəm, başqa rəsmi şəxslərə və qurumlara da bunu yazmışam. Xahiş edirəm həmin şəxsin kimliyi müəyyənləşdirilsin və tədbir görülsün”.