Qərb Qarabağ danışıqlarında Rusiyanı ofsaydda qoyur

«Artıq belə qərara gəlinib ki, Qərb Qarabağ danışıqları ilə bağlı təşəbbüsü Rusiyanın əlindən alsın»

Vəfa Quluzadə: «Ermənistan Rusiyadan soruşmadan sülhə imza atan zaman cəzalandırılır»

NATO-nun Uelsdə keçirilən sammiti, gözlənildiyi kimi, Rusiya əleyhinə kifayət qədər sərt bəyanatların səsləndirilməsi və mühüm qərarların qəbulu ilə yadda qaldı. Iki günlük sammit bir daha sübut etdi ki, artıq Qərb Rusiya təhlükəsini real olaraq qəbul edir və Kremlin aqressiyasının qarşısının alınması üçün qəti addımlar atmağa hazırdır. Ukrayna böhranının aradan qaldırılması üçün edilən təşəbbüslər də sammitin müsbət nəticələrindən sayıla bilər. Politoloq Vəfa Quluzadəyə ilk sualımız elə NATO-nun sammitinin yekunlarını necə qiymətləndirməsi ilə bağlı oldu:

– Rusiyanın Ukraynaya hücumu NATO-nun sıralarını sıx birləşdirdi. Çünki Putinin siyasəti ona yönəlib ki, Avropa ilə Amerikanın arasına nifaq salsın. Putin Avropa Birliyi ilə ABŞ arasında fərqli maraqları nəzərə alaraq öz nüfuzunu artırmağa çalışırdı. Çünki hələ bir müddət əvvələ qədər Avropa Birliyi ABŞ-ı yürütdüyü siyasətində bir o qədər də dəstəkləmirdi. Amma Ukraynada vəziyyət gərginləşəndən, Krım Rusiyaya birləşdiriləndən sonra Avropa Birliyi ilə ABŞ səylərini birləşdirdi. Bu sıx əməkdaşlıq özünü NATO-nun son sammitində göstərir. Qərb Rusiyanı öz maraqlarına təhlükə sayır. NATO-nun sammiti sübut edir ki, Qərb Ukraynadakı müharibəyə son qoyulmasının, Rusiya qoşunlarının bu ölkənin ərazisindən çıxarılmasının tərəfdarıdır. Putin NATO-nun irəli sürdüyü tələbləri yerinə yetirməyəcəyi təqdirdə Kremlə qarşı ən ciddi sanksiyalara əl atılacaq. Rusiyaya qarşı indiyə qədər irəli sürülən sanksiyalar təsirli idi. Amma bundan sonra nəzərdə tutulan tədbirlər, sanksiyalar daha sərt və Rusiyanı sıradan çıxarmağa qadirdir. Bu sanksiyalar Putin rejimi üçün böyük bir təhlükədir. NATO-nun tərkibində olan bütün dövlətlər Ukraynaya birmənalı dəstəklərini ifadə etdilər. Bu dəstək özünü həm siyasi, diplomatik, maliyyə cəhətindən göstərəcək, həm də NATO Ukraynaya silahlı yardım da etməyə hazırdır. Məsələn, NATO-nun baş katibi bəyan etdi ki, NATO-nun müxtəlif ölkələri Ukraynaya silah verəcək. ABŞ baş verənlərə reaksiyanı hələ səbrlə verir. ABŞ proseslərə addım-addım yaxınlaşır. Eyni zamanda NATO-nun silahlı qüvvələri də Ukraynaya dəstək vermək niyyətindədir.

– Rusiyanın ona qarşı tətbiq olunacaq sanksiyalara reaksiyası necə olacaq?

– NATO Rusiyanı çökdürmək istiqamətində artıq mühüm qərarları qəbul edib. Birinci hədəf Rusiya iqtisadiyyatını çökdürməkdir. Rusiyanın neft sənayesi Qərbdən gələn texnologiyadan asılıdır. Artıq qərar qəbul olunub ki, Rusiyaya bu texnologiya verilməsin. Artıq bundan sonra Rusiyanın bir çox strateji sənayesinə Qərb texnologiyaları girməyəcək. Digər tərəfdən, Rusiyaya qarşı tətbiqi nəzərdə tutulan daha bir sanksiya ölkənin bank sektorunu məhv etməkdir. Bu, artıq gündəmdədir. Bu isə artıq Rusiya üçün ciddi fəsadlar vəd edir. Çünki Rusiya SSRI deyil. Rusiyanın bütün maliyyəsi Qərbdən asılıdır. Qərbin dəstəyi olmadan Rusiyanın bank sektorunun ayaq üstə qalmağı mümkünsüzdür. Ukrayna ordusu üçün NATO-nun təlim keçəcəyi, Ukraynada NATO-nun xüsusi təlim mərkəzi yaradacağı mühüm qərarlardır. NATO-nun sammiti bir daha sübut etdi ki, təşkilat Rusiyaya qarşı olduqca qətiyyətlidir. NATO istədiyinə nail olmağı bacaran təşkilatdır.

“Qərb münaqişənin həllini Rusiyanın əlindən alır”

– NATO-nun sammitində Kerrinin təşəbbüsü ilə Azərbaycanla Ermənistanın dövlət başçıları görüş keçiriblər. Qarabağ münaqişəsinin müzakirəsinə dair növbəti görüş Fransa prezidenti Ollandın təşkilatçılığı ilə keçiriləcək. Danışıqlar prosesinin bu cür gedişatı münaqişənin həllində nəyi dəyişə bilər?

– Hesab edirəm ki, artıq Qərb qərara gəlib ki, Qarabağ danışıqları ilə bağlı təşəbbüsü Rusiyanın əlindən alsın. Qərb danışıqlar prosesinə öz siyasi çəkisi ilə təsir etsə, o zaman istədiyinə nail olacaq. Burada əsas məsələ Ermənistanı Rusiyadan ayırmaqdır. Ermənistan da görəndə ki, Putin artıq uduzan tərəfə çevrilib, o zaman Yerevanın Qərbin tərəfinə keçməkdən başqa çarəsi qalmır. Əslində Qərbin təklifləri, münaqişənin həlli ilə bağlı irəli sürdüyü ideyalar Ermənistanın da maraqlarına uyğundur. Çünki Ermənistan da Azərbaycanla müharibə şəraitindən çıxmasını istəyir. Rusiya problemin həllini gerçəkləşdirə bilmir. Ermənistan artıq Rusiyanın regiona sülh gətirə bilməyəcəyini anlayır. Amma hələlik Ermənistan Rusiyadan çəkinir. Əslində Rusiyanın Ermənistanda olan hərbi bazaları Türkiyə və Azərbaycandan daha çox Ermənistanı qorxudur. Çünki Ermənistan bilir ki, Rusiya onu ciddi şəkildə cəzalandıra bilər. Ermənistan sülh sazişinə hazır olan zaman bu ölkənin parlamentində baş verən gülləbaran Rusiyanın nəyə qadir olduğunu göstərir. Ona görə danışıqlar prosesində elə şərait yaradılmalıdır ki, Ermənistanın təhlükəsizliyi təmin edilsin. Yalnız bu zaman Ermənistan Rusiyanın təhdidlərinə baxmayaraq, Azərbaycanla sülhü imzalamağa hazır olacaq.

– Bir müddət əvvəl cəbhə xəttində atəşkəsin pozulmasından sonra Putinin təşəbbüsü ilə münaqişə tərəfləri Soçidə görüşdülər. Amma Kerri NATO-nun sammitində bəyan edib ki, Qarabağ münaqişəsinin hərb yolu ilə həlli variantını qəbul etmir. Sizcə, hərb yolu olmadan münaqişənin həlli mümkündürmü?

– Əgər Rusiya regionda təxribat aparmasa, o zaman münaqişənin sülh yolu ilə həlli mümkündür. Ermənistan 99-cu ildə Istanbul sammiti ərəfəsində sülh yoluna qədəm qoymuşdu, amma Rusiya prosesin sona çatmasına imkan vermədi. Münaqişənin “mərhələli sülh variantı”na əsasən həllini elə Ermənistan prezidenti Ter-Petrosyan təklif etmişdi. Bütün bunlar sübut edir ki, Ermənistan Rusiyadan soruşmadan sülhə imza atan zaman cəzalandırılır.

– Maraqlıdır ki, münaqişə tərəfləri ABŞ dövlət katibi ilə görüşdən öncə ayrı-ayrılıqda Fransa prezidenti Ollandla bir araya gəliblər. Bu məqamı necə dəyərləndirmək olar?

– Fransanın da münaqişənin həllinə qatqıları böyük ola bilər. Baxamayaraq ki, biz Fransanı ermənipərəst bir dövlət sayırıq. Fransa eyni zamanda dünyanın ən demokratik dövlətidir. Ona görə Fransanın da Qarabağ məsələsində diqqəti beynəlxalq hüquqa söykənəcək. Hesab edirəm ki, Olland problemin həllində müsbət rol oynaya bilər.

Xəyal