“AzDrama”dakı bərbad durumun səbəbi nədir?

Eldəniz Quliyev: «Teatrda həmişə intriqalar olub»

Xalq artisti Nurəddin Mehdixanlı Akademik Milli Dram Teatrının potensialına görə keyfiyyətli məhsul ortaya qoymadığını düşünür. Aktyor “milli.az”a müsahibəsində teatrın problemlərindən bəhs edərək deyib ki, teatrda peşəkar rejissorlardan daha çox, həvəskar rejissorlara meydan verilib:

“Bütün rejissorlar ştatdan çıxarılıb və dəvət olunan rejissorlar tamaşa qoyurlar. Bu isə teatrımıza ziyan verir. Hamının bildiyi zay tamaşalar var ki, haqqında gözəl-gözəl yazılar təşkil olunur. Zalda özləri üçün əl çalan adamlar tutublar. Otururlar zalda, mənasız bir şeyə əl çaldırırlar”.

Bu səbəbdən teatrın repertuarındakı əksər tamaşalarda oynamayan Nurəddin Mehdixanlı, son iki ildə cəmi iki tamaşada rol aldığını deyib: “Tamaşanı kimin səhnələşdirməyi mənimçün əhəmiyyətlidir. Indi 58 yaşım var. Bu gün mənim tamaşaçı qarşısına ”proval” tamaşayla çıxmağa ixtiyarım yoxdur. Məsələn, teatrın direktoru desə ki, niyə tamaşalardan imtina edirsən, cavab üçün mənim də arqumentlərim var. Bir var, səbəb göstərməyəsən, bir də var, nədənlərini deyəsən. Hər şey kifayət qədər açıq-aydındır. Amma biz nələrinsə, kimlərinsə xatirinə, dəstəbazlıq, qrupbazlıq xatirinə gerçəkləri demirik və nəticə etibarilə lazım olan nəticəni əldə edə bilmirik. Bu tək teatra yox, bir çox sahələrə aiddir. Inanın ki, Akademik Milli Dram Teatrının özündə kifayət qədər istedadlı aktyor və aktrisalar var. 50 vatt gücü olan lampaya 500 enerjini buraxsan, yanacaq”.

Tanınmış ssenarist və rejissor Eldəniz Quliyev xalq artistinin səsləndirdiyi iradlar fonunda durumu şərh edib. Teatrda rejissoru əsas fiqur hesab edən Eldəniz Quliyev “Stanislavski teatrı”, “Vaxtanqov teatrı”, “Tuqanov teatrı”, “Adil Isgəndərov teatrı”ı, həmçinin sənətə möhürünü vurmuş şəxsləri yada salır: “Böyük mənada, dünya duyumu, dünyagörüşü zəngin olan rejissor demək olar ki, bu gün azdır. Əvvəllər rejissorlar Moskvada təhsil alırdı və oranın teatrında təcrübə keçirdi. Hazırda bu təcrübə yoxdur. Incəsənət Universiteti bu mənada, yaxşı rejissor yetişdirə bilmir. Qaldı ki, intriqalara, teatrda həmişə belə məsələlər olub. ”AzDrama”nın direktoru Israfil Israfilov ağıllı və sənətin dərinliyini bilən şəxsdir. Hər halda, ümid edirəm ki, Akademik Milli Dram Teatrı bizi sevindirəcək”.

Sosial şöbə