Əskipara kəndindən olan köçkünlərə tikilən evlər başlarına uçur
Qazax rayonu Əskipara kəndindən olan məcburi köçkünlər Nazim Həsənov və Inqilab Vəliyev “Azadlıq”ın elektron poçtuna şikayət məktubu göndərib. Əskipara həsrətli soydaşlarımız bildirirlər ki, torpaqları işğala məruz qaldıqdan sonra Qazax rayonunun mərkəzində yerləşən idarə və müəssisələrinin yardımçı binalarında məskunlaşdılar.
Aidiyyəti qurumlara şikayətdən xeyli vaxt keçdikdən sonra Qaçqın və Məcburi Köçkünlərlə iş Üzrə Dövlət Komitənin vəsaiti hesabına Qazax rayon “Su-15″də Nərimanov adlı qəsəbə salaraq, 60 ailə üçün nəzərdə tutulan 2 otaqlı mənzillər tikilərək onlara verilib.
Məcburi köçkünlərin sevinci elə də çox çəkməyib, müəyyən vaxt keçdikdən sonra evlərin divarlarında dərin çatlar əmələ gəlib. Mütəxəssislərin rəyinə görə, həmin çatlar mənzillərin keyfiyyətsiz tikintisinin göstəricisidir. Görünür, tikintiyə ayrılmış inşaat materiallarını məsul şəxslər mənimsəyib. Nəticədə də tikilmiş evlər qəzalı vəziyyətə düşüb. Yay vaxtı olduğundan ərazidəki ilanlar (gürzə, yatağan) evlərin divarında əmələ gəlmiş çatlarda məskən salıb. Zəhərli ilanların özü də bir təhlükədir. Sakinlər rayon Sanitar Epidemioloji Stansiyasından ilanlara qarşı dərmanlar alıb çatlara səpsələr də elə bir əhəmiyyəti olmayıb.
Sakinlər dəfələrlə təmir işləri aparsa da, çatların qarşısını almaq mümkün olmayıb. Inşaatçı-mütəxəsislərin dediyinə görə, binaların özülü dəmir-almatur konsturuksiyalarla qurulmadığından belə təhlükəli vəziyyət yaranıb. Bundan əlavə, ərazini ağır texnikanın köməyi ilə hamarlayaraq tikintini davam etdiriblər.
Evlərdə yaşamaq olduqca təhlükəlidir. Bundan başqa, mənzillərin tavanı ağır beton pilitələrlə örtüldüyündən, çat divarlar yükgötürmə qabiliyyətini itirdiyindən evlərin uçma təhlükəsi hər an gözləniləndir. Bu səbəbdən də ailələr gecələr səksəkə içində yatır. Evləri uçma təhlükəsində olanlar Qazax rayon IH başçısına, Qaçqın və Məcburı Köçkünlərlə iş üzrə Dövlət Komitəsinə və ölkə prezidentinə dəfələrlə şikayət edib. Bu yaxınlarda “Qaçqınkom”dan soydaşlarımıza təsəlliverici cavab məktubu göndərilib. Ünvanı səhv düşmüş məktubda deyilir:
“Kəlbəcər rayonundan olan məcburi köçkün Nazim Həsənov və Inqilab Əliyevə problemlərinin aradan qaldırılması üçün Qazax rayon IH başçısına mənzillərinin təmiri tapşırılmışdır”.
Gülməli tapşırıqdı, deyilmi? Diqqətsiz və laqeydlikdən Qazax rayonu Əskipara kəndi, Kəlbəcər rayon məcburi köçkünlərinin müraciəti kimi göstərilib. Qazax rayon Icra Hakimiyyəti problemin onlara aid olmadığını bildirir. Onların dediyinə görə, qəzalı evlərin təmiri ilə “Qaçqınkom” məşğul olmalıdır. Qaçqın və Məcburi Köçkünlərlə iş Üzrə Dövlət Komitəsi isə məsuliyyətdən yayınır. “Qaçqınkomun laqeydliyini özümüzə qarşı qəsd hesab edirik. Qəsəbədə qəzalı evlərdə kütləvi insan tələfatı baş verərsə, xəbərdar edilmiş aidiyyəti qurumlar məsuliyyət daşıyacaqlar”- deyə şikayətçilərin məktubunda vurğulanır. Şikayətçilərin dediklərinə görə, bu ilin əvvəlində fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gəncədə Qərb bölgəsindən olan şikayətçiləri qəbul edərkən evləri qəzalı olan Midvari Əmiraslanova və Yunis adlı qəsəbə sakinini də dinləyib. Şikayət məktubunda bildirilir: “K.Heydərovun göstərişinə əsasən hər iki şəxsin evi sökülüb yenidən tikilib. Ancaq bu, problemin həlli demək deyil. Qazax rayon Nərimanov qəsəbəsində 2 yox, 60 ailə yaşayır. 20 ildir bizi aldadaraq ilan mələyən səhralarda yaşamağa məcbur edirlər. Torpaqlarımızı azad edib özümüzə qaytarsalar, onların heç nəyi bizə lazım deyil, başlarına dəysin. Özümüz gedib ata-baba yurdumuzu bərpa edərik”. Sonda soydaşlarımız bildirirlər ki, “əgər tezliklə qəzalı evlərimiz sökülərək yenidən tikilməzsə, Qazaxdan Bakıya gedərək Prezident Aparatının qarşısında öz sözümüzü deyəcəyik”.
Şakir Həsənsu


