Onlar PA rəhbərinin qarşısına hansı arqumentlərlə çıxmaq istəyirlər?
Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev KIV rəhbərləri ilə görüşündə oliqarxların himayə etdiyi media orqanlarına da ciddi xəbərdarlıq etmişdi. PA rəhbəri ad çəkmədən (Ramiz Mehdiyev bildirmişdi ki, konkret ad da çəkə bilər. Lakin düşünür ki, dəfələrlə Prezident Administrasiyasından xəbərdarlıq almış resursların rəhbərləri kimdən söhbət getdiyini başa düşəcəklər) həmin media quruluşlarının dövlətçiliyə ziyan verən fəaliyyətlə məşğul olduğunu bəyan etmişdi. O, konkret olaraq ötən ay cəbhə bölgəsində baş verənlərlə bağlı yayılan xəbərləri nümunə gətirmişdi. Cəbhə bölgəsilə bağlı əsassız xəbərləri də məhz oliqarxların nəzarətində olan saytlar yaymışdı. Təsadüfi deyil ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov da dünən rəhbərlik etdiyi qurumun təşkilatçılığı ilə keçirilən toplantıda hökumətin ayrı-ayrı qollarına bağlı bir neçə saytın adını çəkərək, onları dezinformasiya yaymaqda ittiham edib.
Ramiz Mehdiyevin bu çıxışı oliqarxların yaxın çevrələrində ciddi müzakirələrə səbəb olub. Onlar da PA rəhbərinə qarşı əks-arqumentlər səsləndiriblər. “Azadlıq”a daxil olan məlumatlarda bildirilir ki, oliqarxların yaxın çevrələri hesab edir ki, Ramiz Mehdiyev dövlətçilik əleyhinə fəaliyyət göstərənləri məhz öz ətrafında axtarmalıdır. Onların fikirincə, Azərbaycan dövlətçiliyinə ən böyük təhlükələrdən biri dini şəbəkələrdir ki, məhz Ramiz Mehdiyevə yaxın şəxslərin dini komitəyə rəhbərlik etdiyi dövrlərdə yüzlərlə şübhəli icmalar qeydə alınıb.
Bundan başqa, Azərbaycan üçün təhlükəli olan dini şəbəkələrdən birinin başında Ramiz Mehdiyevə yaxın şəxsin dayandığı məlum olub. Söhbət nurçu şəbəkəsilə bağlı olduğu bildirilən Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri, hazırda Rabitə və Texnologiyalar Nazirliyində şöbə müdiri vəzifəsi tutan Elnur Aslanovdan gedir. Elnur Aslanovun nurçulara bağlı olduğu məlumatlar da hakimiyyətin nəzarətində olan KIV-lərdə yer alıb. Məhz bu məlumatlardan sonra Elnur Aslanov tutduğu vəzifədən azad edilib. Bir müddət sonra isə hansısa “sehrli əl”in nəticəsində başqa vəzifəyə təyin olunub. Elnur Aslanov vaxtilə Ramiz Mehdiyevin köməkçisi olub. Onun irəli çəkilməsində PA rəhbərinin mühüm rolu var. Ramiz Mehdiyevin əleyhdarları hesab edir ki, Elnur Aslanovun “nurçu qalmaqalı”ndan az itki ilə çıxmasında da Ramiz Mehdiyevin əməyi olub. Yeri gəlmişkən, PA rəhbərinin əleyhdarları Elnur Aslanovun vəzifədən azad edilməsi ilə bağlı Ilham Əliyevin sərəncamının “Azərbaycan” qəzetində dərc edilməməsini də ölkə başçısına qarşı fəaliyyət hesab edirlər və xüsusi olaraq vurğulayırlar ki, bu qəzet Ramiz Mehdiyevin nəzarətindədir.
Məlumatda bildirilir ki, oliqarxların yaxın çevrələri Ramiz Mehdiyevə bu və digər arqumentlərdən ibarət cavab hazırlayır. Ziddiyyətlər dərinləşəcəyi təqdirdə bu cavab onların nəzarətində olan media orqanlarında yer ala bilər.
Informasiya şöbəsi