Xamneyi Əhmədinejadı istefaya çağırdı

İran prezidentinin 25 köməkçisi həbs olundu

İran prezidenti Mahmud Əhmədinejad ətrafında qalmaqal davam edir. Bir müddət öncə onun ölkənin ali dini lideri Xamneyi ilə münasibətlərinin gərginləşdiyinə dair xəbərlər yayılmışdı. Ötən gün isə Əhmədinejadın ən az 25 köməkçisinin “cin çağırdıqları” və cadu etdiklərinə görə həbs olunduqları barədə məlumatlar ortaya çıxıb. Bununla yanaşı “Examiner” xəbər portalı da Ərəb mediasına istinad edərək Əhmədinejadın istefasının tələb olunduğunu bildirib.

İngiltərədə nəşr olunan “The Guardian” qəzeti də İran prezidentinə yaxın şəxslərin “fövqəltəbii qüvvələr”in yardımı ilə dövləti idarə etdikləri ittihamlyla həbs edildiyini yazıb. Bu ittihamlar arasında Əhmədinejadın ölkənin ali dini lideri Əli Xamneyiyə qarşı məqsədlərinə çatmaq üçün “cin çağırmaq” kimi halların olduğu bildirilib.

Günahlandırılanlar arasında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İsfəndiyar Rahim Məşayi də var. Qəzet Məşayiylə yanaşı hökumətin mədəniyyət komitəsinin rəhbəri Abbas Əmirifar və Məşayinin nəzarətində olan “Haft-e Sobh” qəzetiylə əməkdaşlıq edən jurnalistlərin də saxlanıldığını vurğulayıb.

Xəbərdə deyilir ki, ötən şənbə günü ali dini lider Xamneyi İran İnqilabı Mühafizə Korpusunun yüksək post tutan təmsilçisi Mojtaba Zolnura Əhmədinejad Baş Qərargah rəisi Məşayiyə güvənərək öz nüfuzunu azaltdığını söyləyib.

“Examiner” xəbər portalının məlumatına görə, “Ərəb TV” İranın dini lideri Ayətullah Əli Hamneyinin dünən səhər prezident Mahmud Əhmədinejadı istefa verməyə çağırıb. 
Xəbərin doğruluğu Qərb mediası tərəfindən nə təsdiq, nə də təkzib edilməyib.

Müxtəlif xəbər saytlarında isə həbs olunan Abbas Qafari adlı şəxsin “ruhlarla əlaqə”də günahlandırıldığı bildirilib. Qafari metafizik qabiliyyətləri olan və digər dünyalarla əlaqə keçə bilən biri kimi təqdim edilib.

Xatırladaq ki, Mahmud Əhmədinejad 11 gün ictimaiyyət qarşısına çıxmamış və hökumətin heç bir yığıncağında iştirak etməmişdi. Əhmədinejadın səssizliyə bürünməsi İran prezidentinin dini lider Xamneyi arasında siyasi böhran yaşandığına dair spekulasyonlara səbəb olmuşdu.

Qərb mediası Tehran rejimi daxilində gərginlik yarandığını ortaya ataraq bunun ölkənin kəşfiyyat naziri Heydər Muslihinin bir müddət əvvəl istefa verməsi və yenidən vəzifəsinə qaytarılmasından qaynaqlandığını bildirib. Xəbərlərə görə, Əhmədinejad Muslihinin istefasını aprelin 17-də qəbul etmiş, ancaq qısa bir müddət sonra Xamneyinin ciddi israrından sonra eks nazir yenidən postuna qaytarılmışdı.

İnformasiya şöbəsi