Məlahət İbrahimqızı Cabbar Savalanlının siyasi motivlərlə həbs olunduğunu etiraf etdi
YAP-çı deputat Məlahət Ibrahimqızı AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlıya qarşı ittihamların qondarma olduğunu etiraf edib. Onun azxəbər.com xəbər portalına açıqlaması belə deməyə əsas verir. Məlahət Ibrahimqızı Cabbar Savalanlı haqqında hökmə münasibət bildirərkən deyib:
“Bildiyiniz kimi, Azərbaycanda məhkəmə tam ayrı bir hakimiyyətdir. Biz onların işinə qarışa bilmərik. Məhkəmənin qərarına hörmətlə yanaşmalıyıq. Kimsə məhkəmənin qərarından narazı olsa, yuxarı instansiyalara müraciət etmək ixtiyarındadır. Təbii ki, istəməzdim Cabbar Savalanlı həbsdə olsun. Bu gün hər bir gənc güclü təhsil almağa can atmalıdır. Mən çox təəsüf edirəm ki, Azərbaycan gəncləri hər hansı bir qüvvənin təsir altına düşür və onların fəaliyyətlərinin qurbanı olur. Baxın görün 1991-ci ildən bu yana hansı siyasi məqamlarda müxalifətin liderləri Isa Qəmbər, Əli Kərimli öndə gedib. Bunlar özləri hər zaman gizlənirlər, qabağa bu cür uşaqları verirlər. Bu ilki aksiyalarda da onların heç biri yox idi”.
Məlahət Ibrahimqızı bu fikirlərilə YAP-çı həmkarı Rəbiyyət Aslanovadan fərqli olaraq Cabbar Savalalının həbsinin siyasi motivlərlə bağlı olduğunu təsdiqləyib. Görünür, YAP-çı deputat AXCP sədri Əli Kərimli və Müsavat başqanı Isa Qəmbəri tənqid edərkən, onları Cabbar Savalanlının timsalında gəncləri önə verməkdə suçlayarkən bu fikirlərinin hakimiyyətin əleyhinə yönələcəyini hesablamayıb. Yaxud da ola bilər ki, Məlahət Ibrahimqızı vicdanının səsinə qulaq asaraq Cabbar Savalanlının siyasi sifarişlə həbs olunduğunu etiraf etmək məcburiyyətində qalıb və bunu müxalifəti tənqid ruhunda edib. Hər bir halda YAP-çı deputat hakimiyyətin maskasını yırtıb.
İnformasiya şöbəsi



