Qapalı müşavirə, qapalı gözlər, qapalı vicdan

Xaqani Əliyev xaqaniquzeyli@gmail.com

Razılaşın ki, Seymur Həzi məsələsində Şimali Koreya daha səmimi olardı… 

“Azadlıq” qəzetinin şöbə müdiri, tanınmış yazar Seymur Həzinin həbsindən az sonra PA rəhbəri Ramiz Mehdiyevin təxminən yüzə qədər qəzet və sayt rəhbərləri ilə görüşünü heç təsadüfi saymıram. Müşavirə zamanı və ondan sonra səslənən fikirlər bunu bir daha sübut edir. Əsas məqsəd ölkənin ən cəsarətli yazarlarından birinin həbsinə haqq qazandırmaq idi. Mözücə baş vermədi, özünü müstəqil hesab edən onlarla qəzet və sayt rəhbərlərindən heç kəs həmin müşavirədə Seymur Həzinin heç bir qanuna sığmayan həbsinə etiraz etmədi. 

Seymur Həzinin həbsindən sonra Azərbaycanı daha çox Şimali Koreya ilə müqayisə etməyə başlayıblar. Mən “dünyanın ən amansız diktaturasının mövcud olduğu bu Asiya ölkəsində Seymur Həzini yəqin ki, sorğu-sualsız güllələyərdilər” fikri ilə razıyam. Amma gəlin ədalətli olaq, Şimali Koreyada müxalifət anlayışı belə yoxdur, həbs edilən və güllənənənlərdən sadəcə sədaqətdə şübhələniblər. Və mərhum və mərhumələrin hamısı da son nəfəslərində diktatora sadiq oldularını bir daha bəyan ediblər. Daha aydın olsun deyə, Ramiz Mehdiyevin məlum müşavirədəki çıxışından sitat gətirmək istəyirəm, buyurun tanış olun: “Son illər Azərbaycanda demokratik islahatların, vətəndaş cəmiyyəti quruculuğunun daha da dərinləşdirilməsi, dövlət orqanlarının fəaliyyətinin şəffaflaşdırılması, korrupsiya və digər mənfi hallara qarşı mübarizənin gücləndirilməsi sahəsində də mühüm nailiyyətlər əldə olunub. Ölkədə demokratik inkişafın vacib tərkib hissəsi kimi söz və məlumat azadlığının tam təmin edilməsi sahəsində məqsədyönlü addımlar atılıb, institusional və qanunvericilik islahatları həyata keçirilib. KIV-lərin və jurnalistlərin qanuni fəaliyyətinə hər hansı müdaxilə inzibati və cinayət məsuliyyəti doğuran hal hesab edilir”.

Razılaşın ki, Şimali Koreya daha səmimidir. Ramiz Mehdiyevdən fərqli olaraq, onlar bəri başdan, Tağı Əhmədovun təbirincə desək, heç burcutmadan bunu dövlətə qarşı cinayət hesab edirlər. Yəni bu ölkədə demokratik imitasiya deyilən bir şey yoxdur və bu, qanunla tənzimlənib. Müstəqil mətbuat rəhbərləri də yoxdur, traktorçu var, həkim var, şərabçı var, müəllim var və s. 

Yeri gəlmişkən, orada rüşvət, korrupsiya, məmur özbaşınalığı da yoxdur, yalnız diktator və onun kaprizləri var. Onlar hardasa Azərbaycanın 70-80-ci illərini yaşayırlar. Və bizdən fərqli olaraq, ali məktəbə qəbul da rüşvətsiz keçirilir, üstəlik, region-filan söhbəti də yoxdur. Nə isə “nostalji”ni bir kənara qoyaq, qayıdaq Ramiz Mehdiyevin müşavirəsinə…

“Yeni Müsavat” qəzetində “Redaktorlar Ramiz Mehdiyevlə görüşdən hansı nəticəni çıxardı?” başlığı altında gedən yazıda “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin açıqlamasını ölkənin hansı qanunlarla idarə olunmasına bariz nümunə saymaq olar. Seymur Həzinin həbsini ədalətli sayan redaktorun fikrincə, bununla kifayətlənmək lazım deyil, həbslər azad mətbuat susdurulanadək davam etməlidir. Göründüyü kimi, hədəf yenə “Azadlıq” qəzetidir. Azad sözün yeganə qalası olan “Azadlıq” qəzetinə qarşı yüzə qədər qəzet və sayt redaktorunun rejimlə birləşməsi mənə 1937-ci ili xatırladır. Amma gəlin yenə bir az ədalətli olaq, çünki nə Mikayıl Müşfiqi, nə də ki, Hüseyn Cavidi Seymur Həzi kimi mühakimə etmədilər…

Müşavirədə mışıl-mışıl yatan və dövləti buzov kimi əmən “media kapitanları” haqda danışıb sizi yormaq istəmirəm.  Mənim üçün maraqlı olan yalnız onlardan birinin – Aynur Camalqızının görüşdən sonra vaxtilə əməkdaşı olduğu “Yeni Müsavat”a təəssüratlarını bölüşməsidir. Yəqin ki, bundan sonra Aynur xanımın “Azadlıq” və müxalifət haqqında fikirlərini “üzrlü” hesab edəcəyik. Əlbəttə, yuxunun sirrini alimlər açanadək… 

Sonda qapalı müşavirədə iştirak edən, qapalı göz və vicdan sahiblərinə bir mesaj vermək istəyirəm. Dua edin ki, biz  “Azadlıq” qəzeti olaraq üzərimizə düşən şərəfli missiyanı davam etdirə bilək. Əks halda, rejim sizinlə birdəfəlik istifadə üçün nəzərdə tutulmuş əşya kimi davranacaq və sizə əsl yerinizi göstərəcək. 

Unutmayın ki, rejim sizi bizə görə bəsləyir. Hərdənbir susmağı, heç olmasa yatmağı bacarın…