Vəkil Elton Quliyev Bakı Istintaq Təcridxanasında “Azadlıq” qəzetinin şöbə müdiri, “Azərbaycan saatı” proqramının aparıcısı, AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi ilə görüşüb. Vəkil bildirib ki, Seymur Həzi artıq kameraya köçürülüb. Elton Quliyevin sözlərinə görə, o, saxlanma şəraitindən narazılıq etməyib. “Hər şey normaldır, saxlanma şəraitindən də narazılıq etmədi. Əhval-ruhiyyəsi yüksəkdir”, – deyə Elton Quliyev bildirib.
Xatırladaq ki, avqustun 29-da Seymur Həzi Ceyranbatan qəsəbəsində evdən çıxarkən Məhərrəm Həsənov adlı bir nəfər ona yaxınlaşıb və “facebook”a yazdığı mesaja niyə cavab vermədiyini soruşub, daha sonra onu vurmağa başlayıb. Bu zaman Seymur Həzi özünü qorumaq məqsədi ilə əlindəki butulka ilə həmin şəxsi vurub. Daha sonra polislər onu saxlayıb. Seymur Həziyə qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silah və silah kimi istifadə olunan əşya tətbiq etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Avqustun 30-da Abşeron Rayon məhkəməsi Seymur Həzinin barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.


