Prokurorluq AXCP fəalına qarşı işgəncə faktı ilə bağlı qərarı məhkəməyə təqdim etmir
Narkotiklə şərlənərək həbs olunan AXCP üzvü Murad Ədilovun işgəncəyə məruz qalmasına dair şikayəti üzrə sentyabrın 2-nə təyin olunmuş məhkəmə prosesi yenə baş tutmayıb. Buna səbəb isə prokurorluğun Murad Ədilovun işgəncəyə məruz qalmasıyla bağlı müraciətini araşdırmaq üçün qəbul etdikləri qərarı məhkəməyə hələ də təqdim etməmələri olub.
Xatırladaq ki, bu məhkəmə prosesi Murad Ədilovun saxlanılarkən, eləcə də Sabirabad Rayon Polis Şöbəsində işgəncəyə və pis rəftara məruz qalması haqda müdafiə tərəfinin şikayəti əsasında keçirilir.ÿSentyabrın 1-də hakim Turqay Hüseynovun sədrliyilə keçən iclasda bəlli olub ki, sən demə, Murad Ədilov barədə avqustun 13-də həbs-qətimkan tədbirinin seçilməsinə qərar verən məhkəmə də Muradın işgəncəyə məruz qalmasıyla bağlı orada dediklərini nəzərə alaraq, bu məsələnin araşdırılması məqsədilə ekspertiza keçirilməsi üçün prokurorluğa müraciət edib. Məhkəmənin müraciətində tələb olunub ki, Murad Ədilovun məhkəmədə səsləndirdiyi işgəncə faktları yoxlanılaraq, nəticə barədə məlumat verilsin.
Vəkil Yalçın Imanov “Azadlıq”a açıqlamasında bildirib ki, sentyabrın 1-də keçirilmiş məhkəmə iclasında ibtidai istintaqı həyata keçirənlər Murad Ədilovun döyülməsilə bağlı dediklərinin araşdırılması və məhkəmə tibbi ekspertizasının təyin olunması haqqında qərar qəbul edildiyini deyiblər: “Hakim Turqay Hüseynovun da reaksiyası belə oldu ki, işə obyektiv baxılması üçün qərarın surəti məhkəməyə təqdim olunmalıdır. Ona görə məhkəmə prosesi sentyabrın 2-nə qalmışdı. Lakin dünən də qərarın surəti məhkəməyə təqdim edilmədiyindən, proses yenə təxirə salınıb. Təəssüf ki, qərarın surətinin məhkəməyə təqdim olunmamasının səbəbi aydın deyildi”.
Vəkil hesab edir ki, qərarın surətinin məhkəməyə təqdim olunmaması şübhələri artırır: “Çox güman ki, belə qərarlar qəbul olunmayıb. Əgər qərar varsa, yalnız bizim şikayətlərdən sonra olunub”.
Qeyd edək ki, Murad Ədilov onun barəsində həbs-qətimkan tədbiri seçilərkən də, sentyabrın 1-də keçirilən məhkəmə iclasında da Sabirabad Rayon Polis Şöbəsində rəis müavini Əlifağa Kazımov, Cinayət-Axtarış Şöbəsinin rəisi Vüsal Şəbəndiyev də daxil olmaqla, Bakıdan gələn 5 nəfərin iştirakı ilə bir saata qədər döyüldüyünü bildirib. O, ifadəsində göstərib ki, əl-qolu bağlı halda döyülüb, bütün bədənində uzun müddət yumruq, şillə, təpik və dəyənək zərbələrinin izi olub.
Siyavuş