Seymur Həzinin “xuliqanlığı”

Bəşər tarixinin bütün dönəmlərində yalnız taleyini özü seçənlər böyük uğurlar qazanıb və özlərindən sonra gələn nəsillər üçün örnək olan izlər buraxıblar. Mənim qənaətimcə Seymur Həzini də tərəddüdsüz olaraq həmin insanların cərgəsində axtarmalıyıq.

Seymur Həzi siyasətə, özəlliklə də jurnalistikaya tufan qoparan “xuliqan” kimi daxil oldu və çoxlarını təəccübləndirə bildi. Mən də həmin insanlardan biriydim və bu barədə mövqeyimi Elmər Akademiyasının bağında onun özünə demiş və bir sıra tövsiyyələrimi verrmışdım. Səbəb heç də həm “Azadlıq” qəzetinin səhifələrində, həm də “Azərbaycan Saatı”nın ekranında “Bu rejim pisdir” demək deyildi. Çünki, həm ölkənin daxilində, həm də xaicdə bunu deyərək əsaslandırmağa çalışanlar az deyildilər. Seymur Həzini bu çoxluq içərisində fərqləndirən başlıca cəhət, fərdi istedadı və çalışqanlığı sayəsində qazandığı elmi-nəzəri bilikləri ustalıqla praktikada istifadə edə bilməsiydi.

Siyasətimizdə hətta uğur qazananların çoxunda belə bu keyfiyyətin məhdudluğunu danmaq mümkün deyil. Elmə söykənərək deyilən sözü qəbul etməməyin nadanlıq olduğunu kiməsə sübut etməyə lüzum görmürəm. Hətta bunu mənəviyyatın naqisliyi kimi dəyərləndirirəm. Hakimiyyət ideoloqlarının və onların mirzələrinin əsas missiyalarından biri də, danılması mümkün olmayan neqativ halların obyektiv səbəblərdən qaynaqlanmasını sübut etməkdir. Bu sahədə həyatının 50 ildən artıq bir dövrünü elmə həsr etmiş akademik Ramiz Mehdiyevin səylərini dəyərləndirməmək olmaz. Bütün dünrada demokratiyanın ümumbəşəri dəyərlər toplumu olduğunun qeyd-şərtsiz qəbul olunduğu bir vaxtda Ramiz müəllim Azərbaycan demokratiyasının özünəməxsusluğu, başqa sözlə desək “milliləşdirilmiş demokratiya” ideyasını gündəmə gətirdi. Əslində bu ideya daxili auditoriyaya yönəlmişdi. Çünki, bu cür arxaik, reallıqdan tamamilə uzaq olan ideyanı dünyada heç kimə qəbul etdirmək mümkün deyildir. Ramiz müəllimin məqsədi Azərbaycanda dövlət siyasətinə çevrilmiş rüşvətxorluq, korrupsiya, seçki saxtakarlığı, hakimiyyətdəki zümrənin iradəsinin hüquq və qanunlardan yüksəkdə durmasının xalqımızın adət və ənənəsindən, azərbaycanlı xarakterindən qaynaqlandığını sübut etmək cəhdiydi.

Seymur Həzi akademikin nəhəng bir kitaba sığmayan ideyasının əsasızlığını iki hissədən ibarət bir məqaləsində alt-ust etdi. Bu cəhdin hakimiyyətə haqq qazandırmaq naminə, xalqı aşağılamağa yönəlik addım olduğunu elmi və praktiki cəhətdən əsaslandıra bildi. Hələ o zaman Seymur Həzinin bu “xuliqanlığının” cavabsız qalmayacağını gözləyənlər vardı və gözləntilər doğruldu. Seymur Həzinin başına torba keçirərək döyülməsi ciddi xəsarətlər alması ilə sonuclandı. Müvafiq orqanlar isə cinayətkarları cəzalandırmaq əvəzinə tam sükut variantını seçdilər. Seymur Həzi isə zorakılığa boyun əymədi və “soyuq silaha çevirdiyi” qələminə sarılaraq mübarizəsini davam etdirdi, sonda isə təxribata çəkilərək həbs olundu. Mənim Seymur Həziyə kömək etmək imkanım yoxdur. Əslində onun mənim kömək və təsəllimə ehtiyacı olmadığına da əminəm. Çünki, taleyini özü seçənlər mübarizə üçün stimullarını daxili inamlarından alırlar. Lakin Seymur Həzinin yaşadıqlarından almalı olduğumuz dərslər var. Anlamalıyıq ki, Azərbaycan xalqı öz hüquq və haqları uğrunda mübarizəyə qalxmasa, Seymur Həzinin yaşadıqları hər birimizin alın yazımızdı.