“Qazaxıstan Avrasiya İttifaqından çıxa bilər”
“Qazaxıstanın maraqlarına toxunulsa, Astana Avrasiya İqtisadi İttifaqından imtina etmək hüququndan istifadə edəcək”. Belə bir bəyanatla Qazaxıstan prezidenti Nursultan Nazarbayev çıxış edib.
Qazaxıstanın dövlət başçısı yerli telekanallardan birinə müsahibəsində bildirib ki, əgər müqavilədə göstərilən qayda və şərtlərə əməl olunmasa, onun ölkəsinin Rusiyanın patronajlığı altında yaradılan Avrasiya İttifaqından çıxmaq hüququ heç bir halda mübahisə və müzakirə predmetinə çevrilə bilməz: “Qazaxıstanın belə bir addım atmaq, birliyi tərk etmək hüququ var. Mən bunu əvvəl də demişəm, bu gün də bir daha bəyan edirəm”.
Nazarbayev qeyd edib ki, ölkəsi onun təhlükəsizliyini və müstəqilliyini təhdid edəcək heç bir birliyin tərkibində olmayacaq.
Nazarbayev bu açıqlamanı Rusiya prezidenti Vladimir Putin Seliger forumunda Qazaxıstanın heç zaman dövlət olmadığı haqda dediklərindən sonra verib.


