Xədicə İsmayıl: «Qrant almamışam, qrant almağa da iddialı deyiləm»
Hakimiyyət yenə ənənəsinə sadiq qalaraq vətəndaş cəmiyətinə qarşı apardığı repressiv siyasətə bəraət qazandırmaq üçün beynəlxalq təşkilatları hədəf götürüb. Yenə beynəlxalq təşkilatlar Azərbaycan «inqilab» etməkdə ittiham olunurlar. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) 2,4 milyonluq qrant müsabiqəsi hakimiyyətyönlü saytlara «inqilab» üçün əlverişli zəmin hazırlamaq üçün əlavə qida verib. Artıq bir neçə gündür ki, bir sıra saytlar bu mövzuda müxtəlif məqalələr dərc edirlər.
Qərbin ölkədə «inqilabı» etmək üçün seçdiyi simalar müsabiqəyə sənəd təqdim edən 3 iddiaçı göstərilir. Bunlar Amerikanın Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (İREX), “İnternyus” və “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıldır.
Yayılan məlumatlarla bağlı öncə X.İsmayılın mövqeyini öyrəndik. O, yayılan məlumatları təkzib etdi: «Qrant almamışam, qrant almağa da iddialı deyiləm. Ona görə yox ki, qrant pis şeydir. Ona görə ki, layihə yazıb, sonra onu müxtəlif təşkilatlara göndərib, sonra onun hesabatlarını vermək mənlilk iş deyil. O işə sərf edəcəyim vaxta bir araşdırma eləyərəm, könlüm xoş olar, xalq da məlumatlanar. Amma fakt da faktlığında qalır. Azərbaycanda media sahəsində qrant ayıran təşkilatların əksəriyyəti gəlib məndən məsləhət alır – hansı sahəyə ayıraq, necə, kimlərlə işləyək deyə. Məsləhətləri pulsuz verirəm».
İREX proqram direktoru Ələsgər Məmmədli də yayılan məlumatların reallıqdan uzaq olduğunu bildirdi. Onun sözlərinə görə, istər layihə, istərsə də onun məqsədi ilə bağlı məlumatlar bir sıra saytlar tərəfindən bilərəkdən təhrif olunub.
Xəyal


