Keçmişin adamları gələcəyin adamını həbs etdi

Bilirəm ki, bu gün Cabbar Savalanı xatırlamadan nəsə yazmaq mümkün deyil. Cabbar saf və təmiz bir gəncdir. Öz oğlumuza da bu cür saflıq arzu edə bilərik. Hələ Emin Milli və Adnan Hacızadə həbs ediləndə mən illərdir tanıdığım və hörmət bəslədiyim Hikmət Hacızadəyə yaxınlaşıb dedim: “Bəy, sizə yalnız bir şeyi deyə bilərəm. Iki oğlum var, kaş onlar da böyüyəndə Adnan və Emin kimi mənəviyyatlı olsunlar. Oğul sarıdan xoşbəxtsiniz.”

Cabbar tutulan gün onun Facebook səhifəsini mən analiz etmişdim. Gördüm ki, tanımadığım bu gəncin profil şəkli Mübariz Ibrahimovun fotosudur. Profil fotoları ya özünün olur, ya da  simvol seçdiyin bir fotonu ora qoyursan. Milli Qəhrəman Mübarizi sevib, onun fotosunu öz şəklinin əvəzinə yerləşdirən Cabbar indi həbsdədir.  Çünki o yaltaqlıq və karyera yolunu tutmadı. O, düz adam olmaq istədi. Əsl vətəndaş olmaq istədi. Əsl insan olmaq istədi.

Cabbarın çox sevdiyi bir fotosu var – Məmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsi önündə dayanıb və çiyinlərində Azərbaycan bayrağı. Necə ki, bu ölkədə Məmməd Əminə yer verilmir, elə də Cabbara yer yoxdur. Ilham Əliyevin hakimiyyəti Məmməd Əmindən də, onu sevən Cabbarlardan da qorxur. Odur ki, bu sevgi ilə yaşayanlara bu ölkədə yer verilmir. Yer almaq üçün yaltaq olmalısan. Cabbarın özü bunu deyib dünən:  “Azərbaycanda insanlara ya azadlığı,  ya da çörəyi seçmək təklif olunur. Çörəyi seçənlər azadlıqlarını itirirlər.”

Amma günün ən yaxşı sözünü yazıçı Əli Əkbər söylədi: ı”Sən çıxanda yaşın 21 olacaq. Həyat hələ yeni başlayacaq sənin üçün. Səni həbsə atanlar isə dünənin adamlarıdır. Sabahları yoxdur. Ümumiyyətlə, zalımların sabahları olmur.”

Bəli, hələlik bizim ölkədə dünənin adamları gələcəyin adamlarını həbs edirlər…

Amma zaman dəyişib. Ərəb dünyası Bin Ladenlərlə Mübarəklər arasında seçimdən imtina etdi və bunu keçmiş elan edərək, yeni gələcəyi, yeni seçimi yaratdı. Təkcə ərəb dünyası üçün yox, bütün dünya üçün. Artıq bu dünya 30 yaşlı bloqçu, Facebookçu Viil Qonimin azadlıq çağırışını eşidir. Bu mənada, Bin Laden hələ ölmədən öncə iflasa uğramışdı. Mübarək hakimiyyətdə ikən keçmişə çevrilmişdi. Iran artıq mənən viran olub – onun ideyalarının müsəlmanlara nəsə vermədiyi göz önündədir. Rusiyanın mürtəce dayaqları çat verib. Sosialist Kuba mövcudluğu naminə kapitalizmə sinə açmağa da razı olub…

Bir sözlə, bütün dünyada avtoritarizmin çöküşünün yeni dalğası dayanmaq bilmir. Cabbarın seçdiyi gələcək başlayıb…

Imişlidə şam işığında gül əkənlər

Dünən qaranlıq düşəndən sonra Imişlidən bir neçə xəbər aldıq. Internet fəalları yazır ki, hətta kibrit işığında yollara gül və ağaclar əkirlər. Hətta gülləri dibçəklə bir yerdə basdırırlar. Dövlət idarələrində işləyənlər neçə gündür iməciliyə cəlb olunublar. Məcburi iməciliyə. Rayon Ilham Əliyevin gəlişinə hazırlaşır. Onun keçəcəyi yollar gözəl görünməlidir. Elə bil abadlıq filmi çəkəcəklər. Pavilyon və dekorasiyalar düzəldilir.

Internet istifadəçilərindən biri yazıb: “Mən çox narahatam, deyəsən, bunlar işi sona çatdıra bilməyəcəklər. Hələ çox iş var…”

Başqa biri yazır: “Yaxınlaşıb vəzifəli fəhlələrin birindən həyətdə əkmək üçün gül istədim. Dedi ki, iki gün sonra gəl, neçəsini istəsən verəcəyik.”