Balakənə aparılan “paraşütçülər” qəzaya düşdü; ölən və yaralananlar var; polis xəstəxannı mühasirəyə alıb
Balakən rayonunda yük maşınının aşması nəticəsində xəsarət alan xəstələrdən biri dünyasını dəyişib. Bu barədə APA-ya Balakən Mərkəzi Rayon Xəstəxanasının (MRX) baş həkimi Hacıömər Nuruyev məlumat verib. Onun sözlərinə görə, dünən Balakən rayon ərazisində yük maşınının aşması nəticəsində xəstəxanaya 15 nəfər gətirilib: “Onlardan 10 nəfərinə ilkin yardım göstərildikdən sonra evlərinə buraxılıb. Həkimlərin səyinə baxmayaraq, yük maşının sürücüsü, 1958-ci il təvəllüdlü Zaqatala şəhər sakini Mollacıyev Fazil Bayram oğlunu xilas etmək mümkün olmayıb. Digər xəsarət alan 1993-cü il təvəllüdlü, Qax rayon Dəymədağlı kənd sakini Məmmədov Rəşid Məmmədəli oğlunun isə ayaq barmaqları amputasiya edilib”.
Digər müxtəlif dərəcəli bədən xəsarətləri alan üç xəstə isə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına göndəriliblər. Zaqatala MRX-nin baş həkimi Zülfüqar Mahmudov Balakən rayonu ərazisində baş vermiş yol qəzasında xəsarət alan 5 nəfərin xəstəxanaya daxil olduğunu deyib.
Qeyd edək ki, Balakən Aviasiya Mərkəzində təşkil edilmiş paraşütlə tullanma yarışlarına Zaqatala sürücülük məktəbinin dinləyicilərini aparan “Zil” markalı, 62 AC 476 dövlət nişan nömrəli yük avtomobili Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 145-ci kilometrliyində, Balakən rayonunun “Beş bulaq” adlanan ərazisində yol qəzası törədib. Nəticədə sürücü ilə birlikdə yük maşınında olan Zaqatala sürücülük məktəbinin 15 nəfər dinləyicisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ancaq Tia.az agentliyinin yaydığı məlumata görə, hadisə zamanı ölən və yarlananların sayı 40 nəfərdən artıq olub. Hadisənin şahidlərinin verdiyi xəbərə görə, yük maşınında məktəbin 50 nəfər müdavimi olub. Xəstəxana polis tərəfindən mühasirəyə alınıb. Xəstəxanaya yalnız yaralıların ailə üzvləri buraxılıb. Ölənlərin Zaqatala və Qax rayonunun kəndlərindən olduğu bildirilir. Polis və rayon rəhbərliyi hadisəni gizlətməyə çalışır.
“Azadlıq”a məlumat verən qaynaq deyir ki, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) Balakən rayonunda yerləşən bazasında Heydər Əliyevin ad günü münasibəti ilə paraşütdan tullama yarışı keçiriləcək. Qəzaya uğrayan tələbələr də yarışı izləməyə aparılırmış. Tələbələrin hamısının üzərində Heydər Əliyevin şəkli olan köynəklər olub: “Yaralıların Balakən Mərkəzi Rayon Xəstəxanasına aparılması xəbəri yalandır. Hamısı Zaqatala Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Həkim az olduğundan yaralıları başqa yerə köçürüblər”.
Qaynağın sözlərinə görə, müdavimlər onları aparan “Zil” maşınının yük yerində olub: “Balakən rayonunun “Beş bulaq” adlanan ərazisinin yolları aşırımdır. Yük yerində oturacaqlar olmadığı üçün müdavimlər ayaq üstə olublar. Yük maşını “pereval”lardan keçən də ağırlıq bir istiqamətə köklənib, nəticədə maşın dərəyə düşüb. Məlumata görə, müdavimləri məcburi qaydada yük maşını ilə aparıblar”.
Qaynaq eyni zamanda yarışmanı izləməyə Bakıdan KHVTİC-in rəhbərliyinin və ordu generallarının gəldiyini deyib.
Ramin DEKO


