Təzəlikcə Tomas Vulf haqqında oxuyurdum. Bu yazıçını bizdə yaxşı tanımırlar. Acınacaqlı haldır ki, onun ən yaxşı mətnləri hələ də bizim dilimizə çevrilməyib.
Dünyasını tez dəyişən Vulfun həyatı təlatümlərlə, məhrumiyyətlərlə doludur. Onun 38 illik həyatı maddi və mənəvi sıxıntılar içərisində keçmişdi.
Uzun illər əvvəl onun anasına məktublarını oxumuşdum və həmin məktublardakı ağrı, iztirab məndə dərin sarsıntılar yaratmışdı. Eyni hissləri sonradan Vulfun digər məktublarını, esselərini oxuyarkən də keçirmişdim.
Vulf barədə yenidən oxuyarkən isə iki məqam diqqətimi çəkdi. Bunlardan biri Vulfun hələ həyatda ikən ən çox dərc olunduğu ölkə olan Almaniyaya qarşı protestosudur. 1936-cı ildə Vulf kitablarının bu ölkədə çap olunmasına qarşı çıxdı. Səbəb aydın idi: Tomas faşizmi qəbul edənlərin onun kitablarını oxumasını istəmirdi.
Ikinci məqam isə Vulfun ömrünün son çağları ilə bağlıdır. Tomas xəstəxanada, yarıhuşsuz vəziyyətdə ikən qardaşı Fred ona təsəlli vermək, onu ruhlandırmaq üçün deyəndə ki, o mütləq sağalacaq və hər şey yaxşı olacaq, Vulf yaxınlaşan ölümün qaranlığından boğuq səslə, amma nikbinliklə cavab vermişdi: “Mən buna inanıram, inanıram”.
Indi – bu ölkədə Şərin hər gün daha da amansızlaşdığı, bir ölüm qaranlığı kimi Xeyirin üzərinə yeridiyi və onu tamamilə məhv etmək istədiyi günlərdə soruşmaq istəyir adam: hər şeyin əvvəl-axır yaxşı olacağına Vulf kimi inanan neçə nəfərik?
Sizi bilmirəm.
Amma mən inanıram.
Inanıram!
Yeni azərbaycanlı tipi
Azərbaycanda yeni, eybəcər insan kateqoriyası yaranıb: illər uzunu Elçibəyin ünvanına hər cür həqarət yağdırılarkən susub, etiraz etməyib, hətta bəlkə bu qaralama kampaniyalarında birbaşa və dolayı yolla iştirak edib, amma indi eks-prezident statusu verildikdən sonra Elçibəyi sevməyə başlayanlar…
Belələrini başa düşmək, anlamaq necə də asandır!
Çünki bunlar elə zənn edirlər, eks-prezident də nazir, icra başçısı, deputat təyin edə bilir.
Ən komik işlərdən biri
Dünyanın hər yerində siqaretin üzərinə iri hərflərlə belə yazılır: “Siqaret öldürür”.
Azərbaycanda isə bunu Səhiyyə Nazirliyinin xəbərdarlığı kimi yazırlar: “Siqaret çəkmək sizin sağlamlığınıza ziyandır”.
Gülməlidir, çünki bizdə səhiyyə özü elə siqaretdən az öldürmür.
Dağlar, şairlərimiz və Dostoyevski
Leonid Qrossmanın “Görkəmli adamların həyatı” seriyasından Dostoyevskinin həyatından və yaradıcılığından bəhs edən kitabını oxuyuram, məlum olur ki, Isveçrəyə səyahəti zamanı yazıçı özünü burada heç də yaxşı hiss etmirmiş.
Qrossman davam edir: “O, aydın üfüqləri xoşlayırdı. Cenevrə gölünü əhatə edən dağlar onu kədərləndirir, darıxdırırdı. Ədib arvadına deyirdi: ”Onlar mənim dünyagörüşümü daraldırlar, mən burada heç bir qiymətli şey yaza bilməzdim…”
Dostoyevskinin dağlara bu cür münasibəti yəqin bizim şairlərin 99 faizini heyrətə və dəhşətə gətirərdi. Axı bizdə dağları sevməyən və dağlardan yazmayan şair çətin tapılar. Hətta dağlardan yazmaq, onları aşağı-yuxarı eyni cür vəsf etmək bizdə yaxşı şairliyin görsənişi sayılır. Mütləq “ədəbi qayda” hesab olunur.
Dostoyevski isə dağları onun dünyagörüşünü daraltmaqda günahlandırırdı.
Belə görünür, böyük yazıçı bir o qədər də haqsız deyildi.
Illər uzunu dağlar mövzusunda ilişib qalan Azərbaycan şeirinin indinin özündə də davam edən acınacaqlı halını, həddən artıq dar görüşlü, məhəlləçi olmasını, aydın, geniş üfüqlərə yelkən aça bilməməsini düşünəndə Dostoyevskiyə haqq qazandırmamaq mümkündürmü?