İlahi, bizi çarımızdan qoru!

Siyasi sifarişli həbslər, saxta ittihamlar, qondarma məhkəmə hökmləri davam edir və bizi sual bürüyüb. Nə baş verir? Dönüb arxaya baxırsan, əmin olursan ki, qeyri-adi bir hal yoxdu, sadəcə, rejim tezliyi bir artırır. Həmişəki iş üslübundadılar, fəqət, dünyanın başının bir az qarışmasını fürsət bilib cana doyduqları adamları zindana yollayırlar.

Zülmkar rejimlər həmişə ömürlərini uzatmaq üçün qəddarlıqdan istifadə ediblər. Ancaq bu heç zaman onlara əbədiyyət qazandırmayıb. Tarixdə elə günlər olub ki, hakimiyyətlər öz əleyhdarlarını şərləyib türməyə salmaq nədi, hətta şaqqalayıblar. Öldürdükləri müxaliflərin cəsədlərini örnək üçün aylarla, illərlə meydanlarda nümayiş etdiriblər. Bu da çarə olmayıb. Haqqın acı şapalağını məzlumun ahı üzərində qurulan bütün rejimlər dadıb. Bu baxımdan, indi həvəsə düşüb hər həftə ən cəfəng maddələrlə müxalifləri şərləyənlər vaxt edib arada tarix kitablarını da vərəqləsinlər. Öyrənmək heç vaxt gec deyil. Həm də deyirlər, ziyanın yarısından qayıtmaq da xeyirdi.

***

Azərbaycanın, xüsusən şifahi xalq ədəbiyyatı keçmişdə ədaləti yerbəyer etməli olan qazılər, məhkəmələr barədə xeyli sayda materialla zəngindi. Onların hesabınadır ki, bu gün qazı adı hələ də müsbət yük daşımır. Bütün bunlarla yanaşı, qədim ədəbi nümunələrdə ədalətli qazılara, onların verdiyi düzgün qərarlara da az rast gəlinmir. Məntiqlə, biz o keçmişdən, Marks demiş, gülə-gülə ayrılmalıydıq, ancaq 21-ci əsrdə Azərbaycanın başında mağara təfəkkürlü adamların oturması ucbatından indi biz o kitablardakı qazılara şükr deyirik. Bunu, hətta hüquqçu dostlarımdan, vəkillərdən də eşitmişəm: kağız üzərində hüquq dövləti olan, sonsuz beynəlxalq konvensiyalara qoşulan Azərbaycanda ədaləti məhkəmələr yetim qoyur. Artıq bizdə müstəntiqin, hakimin, prokurorun Allahsız, vicdanı defisit, ədalətsiz olması heç kimi təəccübləndirmir. Sanki bu elə belə də olmalıymış.

Axı bu oyuncaq məhkəmələr nəyə lazımdır? Bir halda ki, məhkəmələrdə heç bir cinayət əsaslı araşdırılmır, ədalətin bərpasından söz belə getmir, hökmü “yuxarıdan” gələn zənglər müəyyən edir, onda bu oyuncaq quruma milyonlar xərcləyib saxlamaq nəyə gərək?

Dünən bu suallarla özümü növbəti dəfə giriftar edərkən 2011-ci ildə cəbhəçi fəal Cabbar Savalanlıya hökm oxunandan sonra yazdığım məqalə qarşıma çıxdı. Nəzərə alsaq ki, o vaxtdan bəri hakimiyyətin təbiətində müsbətə doğru heç nə dəyişməyib, əksinə, artıq Cabbar kimi yeniyetmələrin şərlənməsi daha sensasiya deyil, o zaman yazdığım qeydlər aktual sayılmalıdır. Ona görə də bəzi əlavə və redaktələrlə “Ilahi, çarı hifz et!” yazımı yenidən təqdim edirəm.

***

Məhkəmə ədaləti bərpa etmək üçün yaradılan təsisatdır, bizdə isə o məhkəmə Azərbaycan dövlətinin adından vətəndaşları şərləmək, haqq-ədaləti zindana basmaqla məşğuldur. Cabbarı tanıyanlar və məhkəmə adlanan tamaşanı izləyənlərin insanlıqda zərrə qədər payı varsa, ona yönələn ittihamın və verilən cəzanın qondarma olduğuna zərrə qədər də şübhə etməz. Adam öz atasının kimliyinə şübhə edər, ancaq Cabbarın narkotikdən uzaq bir gənc olmasına yox.

“Rusiyada nəyi bacarmasalar da, qandal düzəltməyi bacarırlar”

 F.E.Dzerjinski

Bəs tərtəmiz bir gənc tələbəni qanunlarıÿayaq altına ataraq, vicdana kor olaraq necə həbsə yollayırlar? Tutaq ki, Ilham Əliyevin Cabbar Savalanlını görməyə gözü yoxdur. Bəs bu şərləmə prosesində iştirak edən polislər, müstəntiqlər, hakimlər, prokurorlar? Belə görünür ki, bu adamlar öz vicdanları qarşısında hesabatlılığı itiriblər. Ən pisi odur ki, onlar tarix kimi nəhəng müəllimə də saymamazlıq edirlər. Axı, doğrudan da heç kim və heç nə unudulmur. Olmaya, adamlar alnında lənət damğası ilə gələcəyə getmək kimi bir arzuya düşüb?

Cabbarın məhkəməsi Feliks Dzerjinskini və onun timsalında Çar Rusiyasını yada saldı. Dzerjinski də elə Cabbar yaşda həbs olunub. Ancaq hamımızın qəddar və amansız kimi tanıdığı Çar rejimi onun cibinə nə nəşə atmışdı (indi türmədə cibinə nəşə, silah qoyulub saxlanılan siyasi məhbusların sayı yüzü aşır), nə də onun üzünə hansısa ata-anasından xəbərsizi qoyaraq şərləmişdi. Feliks 6 dəfə həbs, 3 dəfə sürgün olunub. Ancaq Çar rejimi heç vaxt ona qondarma ittiham irəli sürməyib.

Heç vaxt Çar, onun siyavuşnovruzovları, mübarizqurbanlıları, rəbiyyətaslanovaları çıxıb Feliksin siyasi məhbus olduğunu danmayıblar. Əksinə, Dzerjinski və onun kimilərin siyasi məhbus statusu tanınaraq, onlara müəyyən imtiyazlar da verilib.

Məhkəmə şərəfinin qorunması

Ən maraqlısı bilirsinizmi nədir? Çar üsul-idarəsi üçün məhkəmənin şərəfi çox uca tutulub.ÿDzerjinski iki dəfə agent məlumatları əsasında tutulur. Agent məlumatları çox dəqiq olur, lakin onu məhkum etmək üçün qanun başqa dəlillər də tələb edir. Bu dəlilləri bizim məhkəmələr kimi “göydən” yığmaq mümkün olsa da, bunu etmirlər. Hakimlər və yerli idarəedicilər prosesin biabırçı olacağını nəzərə alıb məhkəmədən imtina edirlər. Əvəzində Feliks intizam qaydasında sürgünə yollanır. Nə olur olsun, təki məhkəmənin adı şərəfsizlikdə, ədalətə kölgə salmaqda hallanmasın deyə, bunu edirlər.

Iki gün əvvəl Gəncədəki siyasi məhbus Şahin Həsənliyə aparılan yeməyin türmədə qəbul edilməyərək geri qaytarılması da (yada sal, iki gün əvvələ qədər Leyla Yunus və həyat yoldaşı Arif Yunusa da sovqat çatdırmağa imkan yaratmırdılar)ÿÇar rejimi ilə Əliyevçi amorf sistemi müqayisə etmək üçün yenə Dzerjinski nümunəsinə baxmağa məni vadar etdi.

Müqayisə etmək belə çətindir

Günlərin birində Feliks sürgündə yaşadığı Nolinski qəzasında mənşəyi bilinməyən 50 rubl pul alır. Uzun müddət sonra bəlli olur ki, pulu şəhərin general-qubernatoru onun bacısı Aldonanın xahişi əsasında yollayıb. Pulu Aldona general-qubernatora yollayır, ancaq görün necə bir müşayiətedici məktubla. Məktubda general-qubernatordan xahiş olunur ki, qardaşı ailəni artıq xərcə salmamaq üçün evdən pul qəbul etmir, buna görə qubernator özü bir yolla Dzerjinskiyə yetirsin. Əlicənablığa heyrətlənməmək əldə deyil…

Mən təsəvvür edirəm, bizim generallar siyasi məhbus ailəsindən o sayaq məktub alsaydı, nə edərdi? Yəqin ki, məhbusu yanına çağırar, nadancasına, irişə-irişə bacısı ilə maraqlanardı…

Nəhayət,ÿFeliksin ilk dəfə həbs edilməsindən 110 il keçdiyini nəzərə alaraq, bir müqayisəni də sizin ixtiyarınıza verirəm: Bu gün Azərbaycan hökuməti heç bir qanun, etika-filan tanımadan insanların özəl həyatına burun soxur, onların telefonunu dinləyir, elektron və ənənəvi qaydada yazışmalarını izləyir. Feliks də sürgündə olanda hiss edir ki, onun məktubunu qəza rəhbərliyi açıb oxuyub. 20 yaşlı gənc onları hədələyir, deyir ki, məktubların açılmaması haqda Daxili Işlər nazirinin sərəncamı var…

Və daha onun məktubuna toxunmurlar.