Cəbrayılın işğalına bir həftə qalırdı…

4 iyun hərbi qiyamından sonra Cəbrayılın eləcə də Ağdam, Fizuli, Qubadlı və Zəngilan rayonlarının düşmənə döyüşsüz təslim edilməsi və paralel olaraq on minlərlə əli silahlı könüllülərdən ibarət özünümüdafiə batalyonlarının ləğvi tariximizin ən qaranlıq və kədərli səhifələrindən biridir. O günlərin canlı şahidlərindən biri, AXC Cəbrayıl rayon şöbəsinin keçmiş sədri, Cəbrayılın könüllü özünümüdafiə batalyonunun yaradıcılarından biri Vaqif Əlisoyun xatirələrindən bəzi hissələri təqdim edirik. 

Başlanğıcı ötən sayımızda

22 avqust 1993-cü il

Səhər tezdən Mehdiyev Kamrangilə gəldim. Rayon cavanlarından Rövşən Rüstəmov, Həsən Əliyev, “ağsaqqal” Cəlil Fətəliyev, Elman Paşaoğlu, Tahir, Mahir qardaşları, Habil bir yerə yığışdıq. Dedik ki, mübarizəni axıra qədər aparacağıq.

Habillə biz Çinar kəhrizinə tərəf getdik. Mədəniyyət evinin müdiri Fikrət Məmmədova, həkim Sabirə dedik ki, Mahmudludakı adamlara deyin ki, hər evdən bir kişi silah götürüb gəlsin. Söz verdilər. Şəhidlər xiyabanına gəldik. Şəkillərə baxıram. Gəncəli Fərman, Bayram, Firdovsi, Füzulidən Əbdürrəhman, Mirələm, Faiq, Tofiq… Qardaşlar, yəqin qəbriniz od tutub yanır. Vətən, torpaq əldən gedir. Durun ayağa, qurban olum sizə. Axı, günahımız nə idi? Nəyə görə Cəbrayıl düşmən tapdağına çevrilməlidir? Hanı Surətin ordusu? Bakını, ətraf rayonları bir neçə gündə zəbt edən Surət niyə susur?

Habil məni sakitləşdirdi. Habilə dedim ki, qardaş, bunların şəkilləri ermənilərin əlinə düşməməlidir (şəhid qəbiristanlığına vurulmuş şəkillər). Əgər ermənilər şəhərə hücum etsələr, onları çıxarmaq lazımdır. Əgər mən ölsəm, bunu siz edərsiniz (günahımın ən böyüyü bu oldu ki, o şəkilləri çıxara bilmədim. Onların ruhu qarşısında borclu qaldım). Saat 11-də yolüstü posta qalxanda Kamran Mehdiyevə dəydim. O söz vermişdi ki, Faiqin qanını almamış ölməyəcək. Dedim ki, sən yeriyə bilmirsən. Imkan var, çıx get, biz qalırıq. Getmədi. Cəbrayılı ən axırıncı tərk elədi. Posta gəldim. Xəbər verdik ki, Xubyarlı kəndində 2 ədəd təzə kombayn və bir ədəd traktor var. Gəlin onları aparın. Söz verdilər, amma aparmadılar. Bakıdan gələn polis işçiləri Muradın, Mirinin, Elçinin yanında xəbər verdilər ki, sizdən arxada Laçın batalyonu dayanıb. “Raypo” istiqamətini isə Zəngilandan gələn Milli Ordu, Cəbrayıl “Ziyalı” batalyonu, bir də Bakıdan gələn yanğınsöndürənlər qoruyurlar. Artıq qaranlıq düşmüşdü. Hərəküldə işıqlar görünürdü. Bizimkilərə xəbər verdik ki, düşmən Hərəkülə qüvvə yığır. Oranı atəşə tutmaq lazımdır. Dedilər bilirik. Tədbir görürük.

23 avqust 

Səhər tezdən, Tahir, Habil, Mahirlə polis şöbəsinə gəldik. Rəis uşaqlardakı silahı görüb soruşdu ki, silahları sizə kim verib? Cavab verdilər ki, o gün Mahmudluda “kim döyüşmək istəyir, silah götürsün” dedilər. Biz də kitaba qol çəkib, növbətçi polis kapitanı Ramildən silah aldıq. Rəis silahları geri qaytarmağı tələb etdi. Onlar silahı qaytaranda mən də qaytardım. Məhərrəmov dedi ki, sən qaytarma. Dedim ki, uşaqlardan alırsan, mən də verirəm. Silahları rəis müavinləri Firat Məmmədovun, Vaqif Hüseynovun, Bakıdan gələn polis işçilərinin komandirləri Xanların və Mehdi müəllimin yanında qeyd etdirib, qaytardıq. Rəis bildirdi ki, şayiələr baş alıb gedir. Beş ildir bu Cəbrayıl yolunda can qoyursan, amma qədrini bilmirlər. Sənin salamat qalmağını istəyirəm. Mən bilirəm ki, siz təmiz adamlarsınız.

Hər şey mənim üçün aydın idi. AXC üzvü olduğum üçün məni düşmən kimi qələmə vermək istəyirdilər. Təbliğat öz işini görürdü…

Öz evimizə, Tahirgilin, Habilgilin evinə dəydik. Hər şey yerində idi. “Çinar” kəhrizinə dəydik. Xan Çinarın kölgəsində bir az oturub su içdik. Habil dedi ki, silahım olmasa da heç yerə gedən deyiləm. Biz söz verdik ki, silahsız olsaq da şəhərdən çıxmayaq. Əgər ermənilər şəhərə girsələr, silah əldə edə bilərik. Saat 16.00-da şəhər “Qrad”, minaatanlardan, toplardan atəşə tutuldu. Sonra avtomat səsləri gəldi. Döyüş “Raypo” tərəfdə gedirdi. Kamrangilə tərəf getdik. Bizim durduğumuz “Qartal” postu da güclü atəşə tutulurdu. Sonra polisə gəldik. Cəbrayıl polisinin qüvvəsi burada idi. Rəis yox idi. Polis işçiləri Ilham, Tahir tələb edirdilər ki, bu qüvvəni götürüb “Qurban təpəsi”nə qalxıb orada mövqe tutaq, ya da qabağa gedək. Kiçik leytenant Rəfael dedi ki, rəisin əmri olmadan mən heç nə edə bilmərəm. Bu zaman Zəngilandan köməyə gələn BMP-2 sürətlə şöbəyə yaxınlaşdı. Dedi ki, ermənilər “Raypo” tərəfdən müdafiəni yardılar. Kim irəli getmək istəyir, minsin maşına. Heç kəsin yerindən tərpənmədiyini görən BMP-dəkilər söyüş söyməyə başladılar. Bu zaman QAZ-66 maşın da sürətlə gəlib şöbənin qabağında dayandı. Maşının üstündəki qara bir oğlan avtomatdan atəş aça-aça söyüş söyür, maşındakı yaralıya kömək eləməyə çağırırdı. Sonra yerə düşdü ki, minaatanı burada qurmaq lazımdır ki, “Raypo” tərəfə atəş açaq, heç olmasa orada mühasirəyə düşənlər çıxa bilsinlər. Onlara kömək edib, minaatanı quraşdırdıq.

“Qartal”da dayanan polislər də qaça-qaça şöbəyə gəldilər. Həlak olan və yaralananlar var idi. Mən Mehdi müəllimdən soruşdum ki, nə üçün mövqeyi qoyub gəlmisiniz? Uşaqların hamısı dedi ki, o gün bizə sənin yanında demədilər ki, bəs arxada “Laçın batalyonu” dayanıb? Bax, oradan, həm də qabaqdan bizi atəşə tutdular. Güclə mühasirədən çıxdıq. “Raypo” tərəfə gedən BMP-2 də geri qayıtdı. Dedilər ki, ermənilər “Raypo” tərəfdən şəhərə girir, müqavimət göstərən yoxdur. Bu zaman QAZ-66-da Vilayət Əhmədoğlu 25 nəfərlik bir dəstə ilə şöbəyə yaxınlaşdı. Ermənilərin hansı istiqamətdən hücum etdiyini öyrənib, öz uşaqları ilə maşınla oraya yola düşdü. Yerdə qalan polis işçiləri, Milli Ordu əsgərləri Minbaşılı kəndinə tərəf çəkilməyə başladılar. Minbaşılıda onların qabağını Cəbrayılın müdafiəsinə rəhbərlik edən podpolkovnik Şabanov və icra hakimiyyətinin başçısı Kərim Kərimov kəsdi. Bizim isə silahımız yox idi. Həm də mülki şəxslər olduğumuzdan bizə heç nə demədilər. Ailəmizdən xəbər tutmaq üçün piyada, sonra isə Xələfli kənd sakini Atlıxanın maşınında Hacılı kəndinə, oradan piyada Mahmudluya gəldik.

Eşitdim ki, K.Kərimov, batalyon komandiri S.Mirzəyev həbs edilib. Icra başçısı K.Əliyev təsdiq edilib. Otaqda Ali Sovetin deputatları A.Fərzəliyev və Ə.Həsənov oturmuşdu. K.Əliyevlə mən uzun müddət qonşu olmuşuq. Qardaşı Asiflə dost idik. Deputatların yanında K.Əliyevə dedim ki, Heydər Əliyevə məlumat verilib ki, V.Əlisoyun batalyonu var. Onlar Cəbrayılda təxribatla məşğuldur. K.Əliyev bunun yalan olduğunu və anamın məni axtardığını söylədi.

…Növbətçi kapitan Familə “AKM” avtomatını və 3 ədəd F-1 qumbarasını qaytarıb, kitaba qol çəkib yola çıxdım.

Bir yük maşınına mindim. Beyləqana qədər nələr görmədim. Öz-özümə deyirdim ki, niyə bir gülləyə rast gəlmədim? Niyə həlak olmadım ki, bunları indi mən görürəm? Ancaq bir şeyə arxayın idim, gec-tez xalqı bu bəlaya düçar edənlər layiqli cəzalarını alacaqlar.

Anamı, ailəmi tapmaq mənimçün o qədər asan olmasa da, həyatım boyu Imişli cəbhəçiləri Tariyel bəyə, Rafiq bəyə, Fuad bəyə minnətdaram. Onlar mənim ailəmi tapıb, onlara qayğı göstərmişdilər.

…Müharibə vaxtı həmişə satqın da, təxribatçı da olub və olacaq. Bu kəslər öz mənafelərini hər şeydən üstün tutan nadanlardır. Bunları sadə adamlar arasında axtarırıq. Əslində isə onları yuxarıda oturanlar arsında axtarmaq lazımdır. O kəslər üçün hakimiyyət qoxusu ana südünün qoxusundan daha əziz, daha üstün tutulur.

Şuşalı, kəlbəcərli, laçınlı, ağdamlı, füzulili, cəbrayıllı, qubadlılı satqın, xəyanətkar ola bilməz. Çünki onların doğma torpağında əzizlərinin ruhu yatır.

Azərbaycanı şəhərlərə, rayonlara, muxtar qurumlara bölənlər xalq üçün canından keçənlərə qara yaxıb, əlini işdən soyudanlar, öz xidməti işindən çox var-dövlət həsrəti ilə yaşayanlar, özlərini reklam etdirənlər, xalqın ordusunun, Vətənin bu günə düşməsinə bais olanlar vaxt gələcək cavab verməli olacaqlar.

Heç bir hədə məni öz yolumdan döndərə bilməz. Həbsxana da görmüşəm, döyülmək də. Ermənilərə qarşı nifrətim sonsuzdur. Faiqin, Mirələmin, Allahverdi Bağırovun, Ramiz Qəmbərovun, Vəzirin, Yusifin, Bayramın, Kazımın, Şikarın qanını almayınca ölmək yoxdur.

Məni yaşadan Əliyar Əliyevin, Həsənqulunun, Qorxmazın ruhudur. Ermənidən qorxum yoxdur. Onların görüşünə dəfələrlə silahsız getmişəm.

Erməniyə güllə atanlar indi xəyanətkar olublar. Allahdan qorxsunlar, onları şərə salanlar. Onlara zindan yaraşmır. Öz baltalarımızdan qorxuram, yaman qorxuram…