İlqar Nəsibovu ölümcül döyüblər; döyənlərdən biri saxlanılıb; “Bizi maraqlandıran işin arxasında kimlərin dayanmasıdır”
AXCP hakimiyyətin məsuliyyət daşıdığını bəyan etdi; ATƏT hadisədən şoka düşüb
İlqar Nəsibovu döyənlərdən biri, Fərid Əsgərov saxlanılıb. Bu barədə Naxçıvan Şəhər Polis İdarəsinin istintaq təhqiqat bölməsinin rəisi Nemət Cəfərov onun həyat yoldaşı Məlahət Nəsibovaya məlumat verib (meydan tv).
Məlahət Nəsibova deyib ki, onlar dəfələrlə oxşar zorakılıqlarla üzləşiblər, amma istintaq işləri sona qədər aparmayıb: “Bizi maraqlandıran Fərid Əsgərovun arxasında kimlərin dayanmasıdır. Düzdür, o, bizim ofisə tez-tez gələrdi, atası da müxalifətyönlü insanlarla yaxın olub. İlqar deyir ki, o yaxınlaşanda telefonla kimdənsə təlimat alırdı. Telefonda açıq şəkildə “vur onu” sözlərini eşidirmiş”.
Nəsibova bildirib ki, İlqarın durumu çox ağırdır: “Qabırğaları zədələnib, körpücük sümüyü sınıb, böyük zərbələri başından alıb, burnu, almacıq və üst çənə sümüyü qırılıb. Gözü açılmır…”.
Məlahət Nəsibova bildirib ki, xəstəxana təmir olduğundan İlqar Nəsibovu evə gətiriblər: “Çünki İlqarın toz-torpağa alergiyası var, hər dəfə açqırdıqca beyninə ziyan edir. Həkimlər artıq hərəkət etməmək üçün hələ onu Bakıya gətirməyə icazə vermirlər. Güman ki, 5-10 gün sonra bu barədə nəsə danışmaq olar”.
***
ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Naxçıvanda jurnalist və hüquq müdafiəçisi İlqar Nəsibovun vəhşicəsinə döyülməsi ilə bağlı qəzəbini bildirib.
“Azərbaycan hakimiyyətini Nəsibova bu dəhşətli hüumu tam və müstəqil şəkildə araşdırmağa və təqsirli şəxsləri məsuliyyətə cəlb etməyə çağırıram. Bu cinayət ifadə və mətbuat azadlığının səmərəsini tamamilə dondurur və jurnalistlərə qarşı yeni cinayətlərə səbəb ola bilər.
Bu cinayət Azərbaycan KİV-nə qarşı bitmək bilməyən repressiyalar dalğası fonunda baş verib. Belə ki, son günlər Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna təzyiq başlayıb. Onların bank hesabına həbs qoyulduqdan və əmlakı müsadirə edildikdən sonra hüquq-mühafizə orqanları ofislərinə möhür vurub.
Müstəqil mətbuatın, media fəallarının və ifadə azadlığının bu şəkildə boğulmasına dərhal son qoyulmalıdır. Azərbaycan hakimiyyəti bu təcrübəyə son qoymaq üçün əlindən gələni etməlidir”, – deyə Miyatoviç qeyd edib (contact.az).
***
Azərbaycan Xalq Cəbhəsi Partiyası İlqar Nəsibovun döyülməsi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
“Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Naxçıvanda fəaliyyət göstərən hüquq müdafiəçisi İlqar Nəsibova qarşı misli görünməmiş zorakılıqla bağlı hiddətini ifadə edir və onun taleyindən ciddi şəkildə narahat olduğunu bildirir.
Həyat yoldaşı Məlahət Nəsibovanın verdiyi məlumatlara görə, İlqar Nəsibovu avqustun 21-də naməlum şəxslər təsisçisi olduqları ictimai təşkilatın ofisində ölümcül döyərək, huşsuz vəziyyətdə atıblar. İlqar Nəsibovun necə misli görünməmiş vəhşiliklə döyüldüyü onun al qan içindəki fotolarından da aydın görünür. Fotoların həqiqi olduğunu onun həyat yoldaşı təsdiqləyir. Açıq-aşkar görünür ki, cinayətkarların məqsədi İlqar Nəsibovun həyatına qəsd etmək olub və o, yalnız möcüzə sayəsində sağ qalıb.
AXCP yada salır ki, bir qədər əvvəl Nəsibovlar ailəsi evlərinin kilidinə müdaxilə olunması ilə bağlı açıqlama yaymışdılar. O zaman və daha əvvəl də bu ailə yerli hakimiyyətin və hüquq-mühafizə orqanlarının təqibi altında olub.
Bu dəfə baş verənləri isə AXCP xüsusi amansızlıq kimi dəyərləndirərək, beynəlxalq aləmi bu cür vandalizmə aydın və obyektiv mövqe göstərməyə çağırır.
AXCP ölkə ictimaiyyətinə, eləcə də demokratiyanı amal seçən təşkilatları baş verən bu cür qeyri-insani cinayətlərə laqeyd qalmamağa, “məndən ötdü qardaşıma dəydi” yanaşmasından uzaq mövqe tutmağa dəvət edir.
AXCP hakimiyyət orqanlarından tələb edir ki, baş vermiş bu ağır cinayətin üstünü ən qısa zamanda və obyektiv şəkildə açmaq üçün bütün vacib tədbirlər görülsün və cinayətkarlar tapılaraq layiqli cəzalarını alsınlar.
İlqar Nəsinova qarşı o cür vandallığın son vaxtlarda ölkədə hüquq müdafiəçilərinə qarşı həyata keçirilən repressiyanın tərkib hissqsi plduğu haqda cəmiyyətdə əsaslı şübhələr var. AXCP şübhə etmir ki, İlqar Nəsibov ümumilikdə Azərbaycan hakimiyyətinin, ayrılıqda götürüldükdə isə Naxçıvan rəhbərliyinin onun hüquq müdafiəçisi olaraq göstərdiyi fəaliyyətə görə o cür cəzalandırılıb. İndi Azərbaycan hakimiyyəti bu ağır cinayətdə maraq və iştirakının omadığını sübut edə bilmək üçün ictimaiyyətin inanacağı obyektiv istintaq aparmalı və cinayətkarların qanun qarşısında cavab verməsini təmin etməlidir. Hələliksə İlqar Nəsibovun tökülən qanı siyasi hakimiyyətin üzərindədir”.
***
Avqustun 21-də Naxçıvanda fəaliyyət göstərən Demokratiya və QHT-nin İnkişaf Resurs Mərkəzinin həmtəsisçisi, hüquq müdafiəçisi İlqar Nəsibova hücum olub. Hazırda o, Naxçıvan şəhər xəstəxanasının travmatologiya şöbəsindədir. “Azadlıq” radiosu Mərkəzin rəhbəri, İlqar Nəsibovun həyat yoldaşı Məlahət Nəsibova ilə əlaqə saxlayıb:
– İlqarı vəhşicəsinə döyüblər. Məqsəd onu öldürmək olub…
– Hadisə nə vaxt olub?
– Avqustun 21-i axşam saatlarında onu evdən ofisə çağırıblar. Şikayətçilər olduqlarını bildiriblər. Ofisdə ona birdən hücum olub. Həmin adamlar ona xeyli bədən xəsarəti yetiriblər. İlqarın başına qayçı ilə bir neçə yerdən xəsarətlər yetiriblər. Sol və sağ qaşlarının üstünə 6 tikiş vurulub. Sol gözünün altına iki tikiş qoyulub. Burnu və almacıq sümükləri, çənəsi sınıb. Qabırğaları zədələnib. Beyni silkələnib…
– Hadisədən necə xəbər tutdunuz?
– O döyüləndən sonra bir müddət ofisdə huşsuz vəziyyətdə qalıb. Təxminən saat 22 radələrində mənə zəng elədi. Getdim ki, pis vəziyyətdədir, xeyli qan itirib. Hamısını lentə almışam…
– Hazırda İlqar haradadır?
– İndi biz Naxçıvan şəhər xəstəxanasının travmatologiya şöbəsindəyik. Bir az olar İlqar özünə gəlib. Hazırda həkimlər hansı addımlar atacaqları ilə bağlı məsləhətləşmələr aparırlar.
– Hücum edənlərin kimliyi bəllidirmi, hansı səbəbdən belə bir addım ata bilərlər. Ehtimallarınız varmı?
– İlqar bir nəfəri tanıyıb, o tez-tez bizim ofisə gələn adamdır. Biz Milli Təhlükəsizlik Nazirliyindən şübhələnirik. Son vaxtlar Bakıda QHT-lərə hücumlardan sonra bizə də təzyiqlər artmışdı. Bundan başqa Turac Zeynalovun işi Avropa Məhkəməsində kommunikasiyaya başladığına görə hakimiyyətdə bizə qarşı aqressivlik yaranmışdı. Ay yarım əvvəl İlqarı maşınla vurmuşdular, kiçik xəsarət almışdı deyə onu ictimailəşdirmədik. İlqara son hücumu planlı hücum hesab edirik. Özü də bu döyülmə onun öldürülməsinə hesablanmış hadisədir. Təsəvvür edin ki, qayçı ilə başının ortasından üzü aşağı bir neçə yerdən cıza-cıza ona xəsarətlər yetiriblər.
– Hüquq mühafizə orqanlarına müraciət etmisinizmi?
– Dünən elə hadisə yerinə çatan kimi dərhal Naxçıvan şəhər polisinə zəng elədim. Təcili yardıma müraciət olundu və elə polislərlə İlqarı birgə xəstəxanaya gətirdik. Ona ilkin tibbi yardım göstərildi. O xəstəxanaya yeni gətiriləndə yaddaşında heç bir şey qalmamışdı, o hadisəni belə xatırlamırdı. Bir neçə saat sonra özünə gələndən sonra prokurorluq əməkdaşları xəstəxanaya gəlib ondan izahat aldılar. İndi danışa bilir, hadisəni xatırlayır, amma həkimlər danışmasına icazə vermirlər.
***
Naxçıvanda tanınmış hüquq müdafiəçisi, Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin əməkdaşı İlqar Nəsibov vəhşicəsinə döyülüb. Kimlikləri bəlli olmayan bir dəstə adam İlqar Nəsibovu küçədə vuraraq, gətirib Mərkəzin ofisinə atıblar.
Aldığı qəfil zərbələrdən huşunu itirən İlqar Nəsibov kimlər tərəfindən döyüldüyünü xatırlamır. Onun həyat yoldaşı, hüquq müdafiəçisi Məlahət Nəsibova MTN əməkdaşlarının onları dəfələrlə təhdid etdiklərini bildirir.
Məlahət Nəsibova Meydan TV-yə deyib ki, hadisə avqustun 21-də saat 21 radələrdinə baş verib: “Vəziyyət çox dəhşətli dərəcədə pisdi. İlqarı ölümcül döyüblər, biz onu ofisimizdə al qanın içində tapdıq, üzü tamam tanınmaz hala gəlib, çoxlu qan itirib. Onu başından vurub, huşsuz vəziyyət salıb, ofisə gətiriblər. İlqar indi heç nə xatırlamır, görünür ofisin açarlarını cibindən tapıblar. Bircə onu xatırlayır ki, üstünə xeyli adam hücum edib. Ofisdə də onu çoxlu döyüblər. O ayılandan sonra güclə də olsa bizə zəng edə bilib. Hələ də huşu özünə tam gəlməyib”.
Məlahət Nəsibovanın sözlərinə görə, jurnalisti polis çağırıb, təcili tibbi yardım xəstəxanasına çatdırıblar. Hüquq müdafiəçisinin sözlərinə görə, təxminən ay yarım öncə də İlqar Nəsibovun üstünə maşın sürürərək xəsarət yetiriblər:
“Mən Naxçıvan Milli Təhlükəsizlik Nazirliyindən şübhələnirəm. MTN əməkdaşları bizə dəfələrlə tədə-qorxu gəliblər. Bu, ancaq jurnalist, hüquq müdaifə fəaliyyətinə görədir. Biz neçə ildir Naxçıvanda işləyirik, bu qədər təhdid, hücum görməmişdik”.
Avqustun 6-da günorta saatlarında Nəsibovların mənzilinə daxil olmağa cəhd də göstərilib. Naməlum şəxs onların Heydər Əliyev prospekti, ev 37, mənzil 91 ünvanındakı evinin qapısını qırmağa çalışıb. Kilid mexanizmini bayır tərəfdən ciddi zədələsələr də, qapını açmağa müvəffəq olmayıblar. Məlahət Nəsibova bu hadisədə də xüsusi xidmət orqanlarının əlinin olduğundan şübhələndiklərini deyir.
Məlahət Nəsibova Naxçıvanda Demokratiyaya Dəstək Resurs Mərkəzinin rəhbəri, həmçinin jurnalistdir. İlqar Nəsibov da bu mərkəzdə işləyir və bir sıra KİV-lərlə əməkdaşlıq edir.
Əvvəlki illərdə də Nəsibovlar yerli hakimiyyəti tənqid etdiklərinə və vətəndaş hüquqlarını müdafiə etdiklərinə görə müntəzəm olaraq təqiblərə məruz qalıblar.