Alov qülləsinin caduladıqları

Xaricdə yaşayan bir dostum 10 gün var ki, Bakıdadı. Gəlişindən 3-4 gün sonra baxıram, “facebook”da Bakının ponoram fotosunu yayıb və bəlağətlə dostlarına buranın çox gözəl olduğunu yazıb. Kaş ki, belə olaydı, amma deyil axı…

Dostumun Bakını bəyənməsi təəccüblü idi. Ona görə ki, yaşadığı yer təmizlik, təhlükəsizlik, xidmət, səliqə-sahman, hüququn aliliyi, ədalət baxımından Azərbaycandan çox-çox öndəydi. Əlbəttə, mən ona dəqiqləşdirici suallar verib, gözəlliyi nədə gördüyünü aydınlaşdırmaq istədim. Nə də olmasa, axı o, rejimin manqurtlaşdırdıqlarından, hökumətin açdığı süfrənin qırıntısından qidalananlardan deyil. Bəlkə, doğrudan da biz məddahların dediyi kimi, gözləri qara pərdə ilə örtülənlər, müsbətləri görməyənlərik…

Dostuma, “facebook” yazışmasında bizim bu gözəl Bakıda insanların əzildiyini, tapdandığını hər cür hörmətsizliyə tuş edildiyini xatırlatdım, bunların fərqinə varmadan gözəlliyi necə gördüyünü də xəbər aldım. Onun cavabı tutarlı olmadı, təxminən beləydi: sən də düz deyirsən, ancaq Bakı da gözəldi.

Fəqət, mən onu başa düşdüm. Turist həmişə gözəllikləri görür. Bundan başqa, həsrət, qürbətin yaşatdığı acının bir əclaf cəhəti var, torpaq adamı özünə çəkir, bağlayır.

Iki gün əvvəl dostumdan təzə xəbər aldım. Mənim və sizin hamınızın başa salmağa, izah etməyə çətinlik çəkdiyimiz Azərbaycan həqiqətlərini, sağ olsun, polislər ona gözəlcə izah edib. Polisin yekəxanalığını həzm etməyən azad ölkə vətəndaşı olan dostum ona iradlarını dilə gətirib və əvəzində kobud hörmətsizliklə qarşılaşıb. Polisə hər dəfə hüquq və vəzifəsini xatırladanda, o, “əəə” silsiləsindən növbəti haqsızlıqla üzləşib. Xülasə, Bakının ponoramı-filan hamısı bir kiçik hadisə-skandalla gedib işinin dalınca. 

Bu, kiçik, lakin ibrətlik hadisədir. Çox adam bu tələdən – yəni, Bakının çılçırağa dönən maketindən canını qurtara bilmir, tələyə, bəlkə də tilsimə düşür. Paytaxtın mərmərlənib al-əlvan işığa qərq edilən küçələri sabitqədəm olmayan bir çoxlarında hər şeyin yaxşı olması illüziyasını yaradır. Insanlara bəzən başa salmaq çox çətin olur ki, qan qusmaq üçün teştin qızıl və ya dəmir olmasının heç bir fərqi yoxdu. Insan məişət əşyası deyil ki, onu bahalı və gözəl mebellərin arasına qoymaqla ruhunu sakit edəsən, sakitlik, firavanlıq verəsən. Estetik təminat, səliqə-sahman çox lazımlıdır, parklar, yollar, bəzəkli binalar da olmalıdır. Ancaq onlar insana xidmət eləmirsə, onların fonunda adamlar boğulursa, haqları tapdalanırsa, cəhənnəm olsun hamısı.

Bir dəfə dostlarıma da səslənmişdim. Demişdim, bizim “Alov Qüllələri”, bulvar və bu kimi çox məhdud və təmtəraqlı yerlərdə foto çəkdirib yaymaqla özümüz də bilmədən rejimin təbliğatına işləmiş oluruq. Bu, AzTV rolunu könüllü və səmimi qəlbdən icra eləməkdi. Bu, eyni zamanda, Azərbaycan reallığını təhrif eləməkdir. Azərbaycan nə Alov Qüvvəsidir, nə də Bakı Bulvarı…

Azərbaycan alov (işıq, qaz) pulunu verə bilmədiyinə görə abrından keçərək oğurluğa qurşanan müəllimdi, həkimdi. Azərbaycan Bakı bulvarında öz övladı ilə gəzəndə ürəyi səksəkə içində çırpınan valideyndi. Axı uşaq anidən çay içmək (bulvarda 12 manat) istədiyini dilə gətirə bilər. AzTV-nin könüllü müxbiri olmaqdan özümüzü qoruyaq.

Istidə unudulmayanlar

Havalar isti keçir, belə günlərdə nəfəs almaq özü bu çirkli şəhərdə qəhrəmanlıq sayılır. Hər qış yağış, qar yağanda mən səngərdəki əsgərlərimizi (bunu vətənpərvərlik damarımı şişirtmək üçün yazmıram, Murovun qarında, Tərtərin yağışında hərbçilərin nə zülmlər çəkdiyini özü də yaşayan insan kimi vurğulayıram), yayın istisində isə dustaq yoldaşlarımızı xatırlayıram.

Sadəcə fikirləşin, əlimizin-qolumuzun azad olduğu, sərbəst hərəkət imkanı olduğumuz halda, bu günlər bizi necə əzir. Bəs onlar? Onlar, hətta hava üçün də rüşvət verirlər!

Siyasi və vicdan məhbuslarını unutmayaq!

Günümüzün heç olmasa 20 dəqiqəsini sərf edərək, o adamların azadlığı üçün nəsə etməyə çalışaq. Bizim ölkədə vicdan məhbusunun olması ağır hadisədi. Fəqət, bu həm də xoşdu.

Demək, bu ölkədə vicdanı oyaq, zülmlə, ədalətsizliklə barışmayan adamlar var. Daha pis o olardı ki, indiki idarəetmə qala-qala bir nəfər də siyasi, vicdan məhbusumuz olmasın.