Azərbaycana sanksiyalar tətbiq edilə bilər

Hakimiyyətin repressiv siyasəti daha kəskin addımların atılmasını zəruri edir

Bugünə qədər Azərbaycanla bağlı xeyli sayda tənqidi hesabatlar olub, beynəlxalq təşkilatların hakimiyyət qarşısında tələbləri irəli sürülüb və demokratik islahatların qaçılmaz olduğu bildirilib.

Ancaq son həbslərdən sonra Azərbaycan hakimiyətinə qarşı daha kəskin bəyanatlar səsləndi. Ilk dəfə olaraq Avropa Birliyi eyni məsələylə bağlı ard-arda kəskin bəyanatlar verdi. Hətta bir çox dairələrdə Azərbaycana qarşı sanksiyaların tətbiq olunması təşəbbüsü də irəli sürüldü.
Avropa Birliyinin Azərbaycandakı həbslərlə bağlı son bəyanatında da bildirilir ki, hakimiyyət vətəndaş cəmiyyəti üçün fəaliyyət məkanını sistemli şəkildə daraldır və biz Azərbaycan hakimiyyətini həbs olunanların hamısına normal münasibət göstərməyə çağırırıq. 

Avropa Birliyi eyni zamanda, Azərbaycan qanunvericiliyində QHT-lərin fəaliyyətini məhdudlaşdıran dəyişikliklərə də münasibət bildirib: “Bu addımlar Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaqla siyasi maraqlarının zəifləməsinə gətirib çıxarır. Avropa Birliyi dəfələrlə baş verənlərlə bağlı Azərbaycan hakimiyyətinə öz narahatlığını çatdırıb. Eyni zamanda, bu narahatlıq Avropa Komissiyasının sədri Joze Manuel Barrozonun iyunun 14-ü Bakıya səfəri zamanı Azərbaycan iqtidarına çatdırılıb. Avropa Birliyi bir daha bəyan edir ki, Azərbaycanla əlaqələrə mühüm önəm verir. Amma Azərbaycan üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətlə yanaşmadıqca, bu münasibətlər özünün tam potensialına çata bilməz”.

Bəyanata Avropa Birliyinə üzv olmayan Avropa ölkələrindən Norveç, Islandiya, Makedoniya, Çernoqoriya və Albaniya da qoşulub.

Göründüyü kimi, Avropa Birliyi israrla bildirir ki, Azərbaycanla münasibətlər demokratik islahatlardan asılı olacaq. Yəni hakimiyyətə o mesaj verilir ki, bugünə qədər olan manevrlər daha keçərli sayılmayacaq və bundan sonra da heç bir əməkdaşlıq forması demokratiyanı ikinci plana keçirməyəcək. Digər tərəfdən, bu bəyanatda Joze Manuel Borrozanın Bakı səfərinə işarə edilməsi də təsadüfi deyil. Çünki, Borrozo Bakı səfərində Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığı gücləndirəcəyini və öhdəliklərə əməl edəcəyini bildirmişdi. Ancaq Azərbaycan hakimiyyəti yenə də vədlərə əməl etmir və öz avtoritar siyasətini davam etdirir. Ona görə də Əliyev hakimiyyətinə bir daha xatırladılır ki, böyük siyasət “evcik-evcik” oyunu deyil və dünyanın tələbləri ilə razılaşmaq lazımdır.

Onu da qeyd edək ki, Avropa Birliyi dünyanın iqtisadi və siyasi güc mərkəzinə çevrilib. Indi bu qurum Avropa sərhədlərindən kənarda da söz sahibidir və istənilən məsələyə münasibət bildirmək iqtidarındadır. Xatırladaq ki, Avropa Birliyi Qarabağ münaqişəsi ilə bağlı 2 dəfə qətnamə qəbul edib və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Iqtisadi baxımdan Azərbaycanın əsas tərəfdaşları Avropa Birliyi ölkələridir.

Yəni bu qurumla münasibətlərin korlanması həm Qarabağ məsələsinin həlli baxımından, həm də iqtisadi sahədə vəziyyətin pisləşməsi deməkdir.
Ancaq Azərbaycan hakimiyyəti göstərir ki, onun üçün nə Qarabağ məsələsinin önəmi var, nə də əhalinin sosial vəziyyətinin pisləşməsindən natrahatdırlar.
Bütün bunları şərh etməklə onu vurğulamaq istəyirik ki, Azərbaycan hakimiyyəti dünyanın ən böyük ölkələri ilə qarşıdurma şəraitindədir və münasibətlər getdikcə kəskinləşir.

Avropa Birliyi ölkələrinin, BMT-nin və digər beynəlxalq təşkilatların son həbslərlə bağlı kəskin bəyanatları onu deməyə əsas verir ki, bu tendensiyanın davamı sanksiyalarla nəticələnə bilər.

Azərbaycandakı hazırkı siyasi xətt onu deməyə əsas verir ki, növbəti mərhələdə ölkəmizə qarşı ciddi sanksiyalar həyata keçirilə bilər. Rusiya kimi nəhəngə qarşı belə bir qərar həyata keçirildisə, Rusiyanın çətiri altına sığınmışların vəziyyəti daha ağırdır.

Akif