Helsinki İnsan Haqları Fondu “Atletiko Madrid”i Əliyev rejimilə əməkdaşlıqdan imtinaya çağırdı
«Formadakı şüar belə olmalıdır: «Azərbaycan – demokratik dəyərləri və insan haqları prinsipini yandıran ölkə!»
Polşanın nüfuzlu təşkilatlarından olan Helsinki Insan Haqları Fondu Azərbaycandakı son vaxtlar daha da güclənən repressiyalarla əlaqədar “Atletiko Madrid” futbol klubunun rəhbərliyilə müraciət edib. Təşkilatın vitse-prezidenti Adam Bodnar və layihə koordinatoru Dominika Biçavska-Siniarskanın imzaladığı məktubda klub rəhbərliyinə Əliyevin başçılıq etdiyi diktatura rejimilə əməkdaşlıqdan çəkinmək çağırışı öz əksini tapıb. Məktubun mətnini təqdim edirik:
“Biz Helsinki Insan Haqları Fondu olaraq, Polşanın aparıcı qeyri-hökumət təşkilatlarından biri kimi, diqqəti Azərbaycanda hazırkı ciddi narahatlıq doğuran vəziyyətə cəlb etmək istəyirik. Azərbaycanda hazırda mövcud olan siyasi vəziyyət bizi vadar etdi ki, bu ölkənin hökumətilə aranızda olan sponsor razılaşmasına yenidən baxmağınız çağırışı ilə sizə müraciət edək.
Heç bir şübhə yoxdur ki, 2013-2014-cü illərdə sizin komandanız böyük uğurlar qazanaraq, bütün dünyanın, o cümlədən polşalı azarkeşlərin diqqətini cəlb edib. Biz çox istərdik ki, “Atletiko Madrid” kimi böyük futbol klubu Avropanın ən sərt avtoritar rejimlərindən birinin hökm sürdüyü Azərbaycana dair demokratiyanın dəstəklənməsilə bağlı mesajlar versin.
Bu yaxınlarda paytaxt Bakıdan uzaqda yerləşən Gəncə şəhərində insan hüquqlarının müdafiəçisi kimi tanınmış Həsən Hüseynli həbs edilib. Eyni zamanda, bu ölkənin çox tanınmış hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus da həbsə məruz qalıb. 2012-ci ildə Bakıda “Eurovision” musiqi yarışması keçirilən ərəfədə keçirilən “Demokratiya naminə oxu” kampaniyasının təşkilində böyük rol oynamış 30 yaşlı hüquq müdafiəçisi Rəsul Cəfərov da həbs olunub. Leyla Yunus və Rəsul Cəfərov ölkədəki siyasi məhbuslarla bağlı genişmiqyaslı kampaniya aparırdı. Onların həbsindən bir neçə gün sonra görkəmli hüquqşünas Intiqam Əliyev də həbs olundu. Intiqam Əliyev Avropa Insan Hüquqları Məhkəməsində Azərbaycan hökumətinə qarşı bir neçə iş üzrə qələbə qazanıb. Adları çəkilən hüquq müdafiəçilərinə qarşı ittihamların saxta olduğu açıq-aşkar görünür.
Bundan başqa, ötən ilin sonlarında Azərbaycanda keçirilmiş prezident seçkilərinin anti-demokratik və ədalətsiz keçdiyinə dair rəy vermiş Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli də bir müddət əvvəl həbs olunub. Həmçinin Ilqar Məmmədov, Tofiq Yaqublu, Sərdar Əlibəyli və s. siyasətçi və jurnalistlər də həbsxana həyatı yaşamağa məcbur ediliblər.
Bütün bunlardan sonra, Avropanın ən böyük futbol klublarından biri olan “Atletiko Madrid”in formasında dünyanın ən repressiv rejimlərindən birinin hökm sürdüyü ölkə reklam olunur. Ilham Əliyevin rəhbərlik etdiyi diktaturanı Avropanın demokratik ölkələrindən birinin komandasının reklam etməsi paradoks təşkil edir. Biz ümid edirik ki, “Atletko Madrid” klubu çağırışımıza biganə qalmayacaq. “Atletiko Madrid”in formasında “Azərbaycan – Odlar Yurdu” yazılıb. Amma bu ölkədə elə bir vəziyyət yaranıb ki, şüar belə olmalıdır: “Azərbaycan – demokratik dəyərləri və insan haqları prinsipini yandıran ölkə!”
Biz dərin təəssüf hissilə bildiririk ki, Azərbaycan hökuməti əlində olan böyük neft gəlirlərindən demokratik dəyərləri və insan haqları prinsipini yandırmaq üçün istifadə edir. Bu ölkədə dəyişikliklər, o cümlədən insan haqlarının müdafiəsi, demokratik dəyərlərin bərqərar olması üçün “Atletiko Madrid”dən də bir addım atmaq istənilir”.