2015 psevdomüxalifət ili olacaq

Azərbaycandan başqa keçmiş MDB-nin hər yerində psevdomüxalifətə hakimiyyətin “şestyorka”ları deyirlər. Bu səbəbdən həmin ölkələrdə onların apardığı hər hansı kampaniya birbaşa rejimin ayağına yazılır. Yəni bu o deməkdir ki, bu gün Azərbaycanın siyasi səhnəsində gedən və şərti adı “siyasi məhbusları dəstəkləmə” kampaniyası heç də müxalifətdaxili çəkişmə deyil, birbaşa hakimiyyətin layihəsidir. Məqsəd müxalifəti zəiflətmək, yeni həbs olunan siyasi məhbuslar arasında şaşqınlıq, onlardan bəzilərini ələ almaq və əlbəttə, müxalifət sıralarından ictimailəşmiş şəxsləri qoparmaq. Fikir verirsinizsə, həmin “şestyorka” şəbəkəsi həm hakimiyyəti, həm də müxalifəti tənqid edir. Bu, köhnə və sınanmış metoddur. Müxalifətə qarşı kampaniyada mütləq yumşaldılmış dozada iqtidarın tənqidi də olmalıdır. Yəni iqtidar güclüdür, amansızdır, amma siz də ardıcıl mübarizə aparmırsınız, az döyülürsünüz, kütləvi şəkildə həbslərə şərait yaratmırsınız və sairə. Mən bir az açıq şəkildə ifadə etdim, amma inanın ki, ittihamların sətiraltı mənası budur. Konkret sitat gətirirəm, buyurun. “Yeni Müsavat” qəzetinin yazarı Azər Rəşidoğlu Leyla Yunusun həbsinə həsr etdiyi köşəsində yazır: “11:45-də evinin qarşısından oğurlanandan və 20:30-da barəsində 3 aylıq həbs-qətimkan tədbiri çıxarılan Leyla Yunusun taleyinin necə olacağını izləməyə demək olar ki, jurnalistlərdən başqa heç kəs gəlmədi. 11:45-20:30 arası kifayət qədər böyük müddət idi ki, məhkəmənin və yaxud prokurorluğun qarşısı insanlarla dolu olsun… Hakimiyyətin cəza aparatı ilə başlı-başına buraxılan hüquq müdafiəçisi həbs edildi. Bu, Azərbaycan siyasətinin, demokratiyasının üzqarası idi”.

Bu tip yazıları oxuduqca, Azərbaycanın monoetnik dövlət olduğuna şükr etməkdən özünü saxlaya bilmirsən. Sizi inandırıram, bunlar dövləti parçalayardılar. Nə isə, müəllifin yazısından yuxarıda gətirdiyim sitatı hansı məqsədə xidmət etdiyini açıqlamaq, düşünürəm, sizin üçün də maraqlı olardı. Bəri başdan deyim ki, bu tipli çağırış bu günədək, bir neçə gəncin həbsinə səbəb olub. Buyurun…

Leyla Yunusun həbsi, cəbhə bölgəsindəki “gərginlik”lə paralel baş verdi. Həmin günlərdə elə yazarın yazdığı qəzet başda olmaqla, digər mətbu orqanları Azərbaycan Ordusunu bir neçə yüz kilometr “irəli aparmağa” nail olmuşdu. Belə bir “uğur”un dalğasında qondarma “erməni ilə işbirliyi” ittihamı ilə həbs edilən hüquq müdafiəçisinin həbsinə kütləvi reaksiya zamanı hakimiyyətin edə biləcəyini özünüz düşünün. Yazarın “məntiq”indən belə çıxır ki, müxalifət, daha doğrusu, AXCP və ona yaxın gənclər təşkilatları növbəti, daha genişmiqyaslı bir “2 aprel”ə getməli idilər. 

Azər Rəşidoğlunun son yazısı isə… “Müxalifətin növbəti savaşı” adlanır. Ona görə, Iqbal Ağazadə, Sərdar Cəlaloğlu, Əhməd Oruc və digər müxalifət liderləri hazırda Əli Kərimli, Cəmil Həsənli ilə “savaş” vəziyyətindədir və müxalifət parçalanır… Razılaşın ki, müəllifin Qarabağın “vot-vot” alınması ilə bağlı “anal – tik” yazıları daha əyləncəli idi…

Fikir verirsinizsə, bu psevdomüxalifət liderlərinin yeganə hədəfləri liderlərdir. Onların düşüncəsinə görə, Cəmil Həsənli, Əli Kərimli və digərləri siyasi səhnədən gedərsə, sıravi müxalifətçilərin hamısı onların partiyasına axışacaq. Odur ki, hər fürsətdə bu kəsimi sadəlövh və aldanmış, bəzən də fanatik adlandırırlar. Iqtidar süfrəsinin qırıntıları ilə dolanan bu “şestyorka”lar bilmirlər ki, hər bir sıravi müxalifətçi onların partiyasından belə güclüdür. 

Rejimin himayəsində olan müxalifətin bu qədər aqressiv olmasının başlıca səbəbi, günlərin bir günü hakmiyyətin real müxalifətlə danışıqlara başlamasıdır. Fikrimcə, dünyada baş verən qlobal dəyişiklərin fonunda bu proses nəzəri cəhətdən mümkündür. Ukraynada bərpa olunacaq ədalət və demokratiya dünyanın birqütblü olmasına həlledici təsir göstərəcək. O zaman nə demokratiyanın imitasiyasına ehtiyac olacaq, nə də psevdomüxalifətə. 

Hətta Qarabağ müharibəsinin başlanması belə, iqtidar-müxalifət dialoqlarına start verilməsi deməkdir. Bu olduqca geniş mövzudur və gələn yazılarımın birində mütləq bu haqda yazacam. 

Hələlik isə, ölkə parlament seçkiləri ərəfəsinə qədəm qoyur. Və ilk təəssürat budur ki, real müxalifətin taktikası bu dəfə fərqli olacaq. Bundan narahat olanlar isə, çox “qayğılı” görünür. Adət etdiyimiz klassik savaş və ayrılıqlar gözlənilmir. Bir sözlə mandat “aslanın ağzında” olacaq. Deməli, 2015-ci il çox fərqli olacaq.