Çexiya qəzeti atəşkəsin pozulmasına sarkazmla yanaşdı və bunu son həbslərlə bağladı
“The Prague Post”: “Tvitter hücumları və hüquq müdafiəçilərinə geniş basqılarla tanınan prezidentin ölkəsi Avropa Şurasında sədrlik edir”
Çexiyanın “The Prague Post” qəzeti ermənilərlə cəbhə xəttində atəşkəsin pozulması, İlham Əliyevin buna reaksiyası, Soçi görüşü və Azərbaycanda ictimai fəalların həbsi ilə bağlı bir qədər sarkazmla məqalə dərc edib. Məqaləni cüzi ixtisarla diqqətinizə çatdırırıq.
***
Azərbaycan prezidenti İlham Əliyevin beynində çoxlu fikirlər vardı və o, düşüncələrinin nöqtəsini qoyaraq nə fikirləşdiyini dünyaya aşkar edə bildi. Avqustun 7-də təmas xəttində 1994-cü ildən bəri davam edən atəşkəs pozuldu və atışmalar şiddətləndi. Prezident Əliyevin cavabı özünü çox gözlətmədi və bu cavab sərt oldu. Cavab onun rəsmi Tvitter hesabında ingiliscə tvit atəşi oldu. “Erməni işğalçı qüvvələrinin hücumu nəticəsində bizim ordumuz itki verib və bir neçə hərbçimiz yaralanıb”, – deyə o, yazıb.
Bir neçə saat ərzində Əliyev daha 55 tvit atəşi atdı və nəhayət, belə bir sonluqla başa çatdırdı: “Dağlıq Qarabağ ərazisi Azərbyacana məxsusdur. İşğal edilmiş əraziləri qaytaracağıq və dağıntıları bərpa edəcəyik. Biz o torpaqlara qayıdacağıq, biz bu ideya ilə yaşayırıq və yaşayacağıq!”.
Prezident Əliyevin təşkil etdiyi söz atəşlərindən sonra o və Sərkisyan Putinlə görüşdülər. Ukrayna ilə sərhədlərində hərbi gərginlik olan Rusiyanın prezidentinə regionda sabitlik gərəkdir. Avqustun 9-da, şənbə günü Soçidə Putin hər iki prezidentlə ayrılıqda görüşdü, bir gün sonra isə onun vasitəçiliyi ilə prezidentlərin görüşü davam etdi. Rusiya prezidentinin mətbuat xidmətinin yaydığı stenoqram məlumatlarına görə, prezidentlərin görüşü səmimi şəraitdə keçib və bu münaqişənin aradan qaldırılmasının sülh variantları barədə söhbət ediblər.
İlham Əliyev 2003-cü ildə atasını əvəz edərək prezident olub. Rəsmi məlumatlara inansaq, o, 2013-cü ildə keçirilən seçkilərdə 85 faizdən yuxarı səs alıb.
Dağlıq Qarabağdakı narahatlıqlardan əlavə, Azərbaycanda daha bir həyəcanlı tendensiya başlayıb. “Human Rights”ın yaydığı məlumata görə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus dövlətə xəyanət, vergidən yayınma kimi ittihamlarla iyulun 31-də həbs edilib. Bundan 5 gün sonra isə onun həyat yoldaşı Arif Yunus həbs edilib. Arif də dövlətə xəyanət və dələduzluq ittihamı ilə həbsə alınıb. Eyni gündə başqa bir hüquq müdafiəçisi Rəsul Cəfərov da oxşar ittihamlarla həbs edilib. Arif Yunusun həbsindən az sonra tanınmış vəkil İntiqam Əliyevi də dövlətə xəyanət və guya ermənimeylli QHT-lərlə əməkdaşlıq etdiyinə görə həbsxanaya göndəriblər. Avqustun 8-də Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin hüseynovun ölkədən çıxışına yasaq qoyulub, onun indi harada olduğu da bəlli deyil. Bir ara onun ABŞ səfirliyində gizləndiyi iddia edilsə də, səfirlik bunu təkzib etdi.
Fərqli fikirliliyə qarşı bu dözülməzliyin özəlliyi ondadır ki, bu olaylar İnsan Haqları üzrə Avropa Konvensiyasını imzalayan 48 dövlətin birləşdiyi Avropa Şurasına sədrlik edən ölkədə baş verir. Avropa Şurasının KİV-lə əlaqələr üzrə rəsmisi cənab Fişekin “The Prague Post”un elektron ünvanına göndərdiyi cavab məktubunda yazır: «Biz Azərbaycanda baş verənləri diqqətlə izləyirik. Bu məsələlərlə bağlı Prezident Administrasiyasının və vətəndaş cəmiyyəti nümayəndələrinin birgə iştirak edəcəyi və AŞ PA nümayəndələrinin də qatılacağı Komitənin yığıncağı çağırılıb. Bu Komitənin yığıncağının çağırılması ideyası Azərbaycan prezidenti ilə Avropa Şurasının baş katibi Tornbörn Yaqlandın telefon danışığı zamanı müzakirə edilib».