Dünən saytlarda belə bir xəbər vardı: orada deyilirdi ki, Şabranın Qələgah kəndində qəribə heyvan tapılıb, hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da bu heyvanın adı və cinsi barədə məlumatsızdırlar, güman edilir ki, bu yenotdur, üstəlik, onların Azərbaycanda necə peyda olması dərin müəmma imiş.
Məncə, müəmmalı heç nə yoxdur. Yenotlar yırtıcılar dəstəsinə məxsusdurlar. Odur ki, onlara ölkəmizdə rastlanması təbii haldır, məntiqə və qanunauyğunluqdur. Görünür, büdcəni yeyib-dağıtmaq, müxalifətçiləri didib-parçalamaq kimi ümummilli məsələlərdə öz töhvələrini vermək üçün təşrif buyurublar. Xoş gəliblər, səfa gətiriblər. Gözümüz üstə yerləri var.
Ölkəmizdə yenotlara rastlanması ilə bağlı başqa variantlar da mümkündür. Hamımız bilirik ki, Azərbaycan tarixən əmin-amanlıq, analoqsuz inkişaf yurdu olmuş, demokratiyanın beşiyi sayılmışdır. Hələ 80 il əvvəl şair yazırdı:
…Afrikadan, Hindistandan
Qonaq gəlir bizə quşlar,
Zülm əlindən qurtulmuşlar…
Bu o deməkdir ki, öz ölkələrində istibdad görən canlıların bizə qonaq gələrək, beləliklə də zülm əlindən qurtulmasının qədim tarixi vardır. Kim bilir, bəlkə, yenot olduğu güman edilən bu canlılar da zülm əlindən qurtulmaq üçün gündən-günə çiçəklənən, bu şən, hər yeri gülşən vətənimizə sığınmışlar?!
Yeri gəlmişkən, yuxarıdakı misralar Səməd Vurğunun “Azərbaycan” şeirindəndir, şair bu şeiri 1935-ci ildə yazıb. Bir sözlə, “Afrikadan, Hindistandan quşlar zülm əlindən qaçıb bizə qonaq gələrkən” bizim özümüzdə işıqlı insanları məhv etmək üçün hazırlanan nəhəng repressiya planı artıq işə düşməyə başlamışdı, zülm maşınının təkərləri aydın fikirli insanları əzmək üçün hazır dayanmışdı. Indi gəl bu təzadı başa düş, izah et!
Tariximiz belə absurdluqlarla doludur, təzəlikcə isə bunun tipik nümunələrindən birini yaşadıq. Belə ki, siyasi məhbusların işi sayəsində ün qazanan Elçin Sadıqov ad-soyadlı vəkil daim Ilham Əliyev siyasətinin dəstəkçisi olduğunu açıqladı. Guya həmin siyasətin alternativi yox imiş-zad.
Dəhşətdir, düşündükcə insanın tükləri biz-biz olur! Adam illərdir siyasi sifarişli işlərə çıxır, bu ölkənin aydın, vicdanlı, ləyaqətli adamlarının fərqli düşündüyünə görə necə gülünc, qondarma ittihamlarla şərləndiyini, ömrünü dəmir barmaqlıqlar arxasında keçirməyə məcbur edildiyini vəkil kimi hamıdan daha yaxşı, daha yaxından görə bilir, sonra da belə bir hakimiyyətin dəstəkçisi olduğunu, belə bir hakimiyyət başçısının siyasətinə alternativ görmədiyini söyləyir. Nə deyəsən, nə yazasan? Güləsən, ağlayasan?
Gedib internetdə axtarış verin, Elçin Sadıqovun vəkil kimi ayrı-ayrı siyasi məhbusların necə axmaq, qondarma üsullarla şərləndiyinə, barələrində necə absurd, cəfəng ittihamnamələr düzülüb-qoşulduğuna dair saysı-hesabsız açıqlamalarını görəcəksiniz. Üstəlik, belə həbslərin heç biri Ilham Əliyevin izni, razılığı olmadan həyata keçirilə bilməz və bunu da Sadıqov az dilə gətirməyib, siyasi məhbuslar məsələsinin məhz hakimiyyətin ən yüksək qatında siyasi iradəyə bağlı olduğunu dəfələrlə deyib.
Indi isə, siz allah, ortaya çıxan ürəkbulandırıcı mənzərəyə baxın: həm bu qədər haqsızlığa, ədalətsizliyə, çağdışı əməllərə imza atan bir siyasəti müdafiə edirsiniz, həm də belə bir siyasətin qurbanlarını!
Bu, Mikayıl Müşfiqlər, Hüseyn Cavidlər, Yusif Vəzirlər, Almas Ildırımlar zülmün pəncəsinə keçmək üzrə ikən oturub “Qonaq gəlir bizə quşlar, zülm əlindən qurtulmuşlar” misralarını yazan şair, vətəndaş əxlaqının günümüzdəki yeni, həm də daha idbar görsənişidir. Bir yandan zülmü dəstəkləmək, o biri yandan zülmü dadanların müdafiəçisi olmaq… vallah, şəxsiyyətin ikiləşməsi olar, amma daha bu qədər də yox!
Sənə qurban olum, ay vətən! Torpağına, suyuna qurban olum! Nə dahilər, nə qəhrəmanlar, nə vəkillər… yetirirsən, adamın ağzı açıq qalır.