Liviya diktatorunun əsgərləri Tripolidəki xarici təmsilçiliklərə hücum etdi
Liviyada Müəmmər Qəzzafi rejiminə qarşı NATO komandanlığı altında aparılan hərbi əməliyyatlar davam edir. Koalisiya qüvvələrinə aid qırıcılar dünən gecə yarısı üsyançıların nəzarətindəki Zinta qəsəbəsinin yaxınlığındakı Qəzzafiyə sadiq qüvvələrin mövqelərinə zərbələr endirib. Hava hücumu nəticəsində diktatorun əmrindəki əsgərlərin istifadə etdiyi ondan çox tank və zirehli maşın sıradan çıxarılıb.
Müəmmər Qəzzafiyə bağlı silahlılar isə xarici ölkələrin və beynəlxalq təşkilatların Liviyadakı təmsilçiliklərini hədəfə alıb. Ingiltərə və Italiyanın bu ölkədəki səfirlikləri, NATO-nun Müəmmər Qəzzafinin ailə üzvlərinin ölümlərilə nəticələnən hava zərbələrinə cavab olaraq hücumlara məruz qalıblar. Ingiltərənin xarici işlər naziri Uilyam Hoque diplomatik korpusa edilən hücumları pisləyib və bildirib ki rəsmi London Liviyanın krallıqdakı səfirini ölkədən qovacaq. Və artıq Liviya səfirinin Ingiltərədən çıxması üçün ona 3 gün vaxt verilib. Nazir diplomatik missiyalara qarşı hücum aktlarının Vyana Konvensiyasına zidd olduğunu da söyləyib.
Italiya hökuməti də Tripolidəki səfirliyinə hücum edildiyini təsdiqləyib. Rəsmi Roma Qəzzafi rejimini xarici səfirlikləri qorumamaqda ittiham edib. Əksər Qərb dövlətləri öz səfirliklərini Tripolidən bir neçə həftə əvvəl çıxarıblar. BMT isə Tripolidəki beynəlxalq heyəti evakuasiya edib.Ingiltərənin baş naziri Devid Kameron Müəmmər Qəzzafinin fiziki məhvinə yönəlik əməliyyatları “legitim” adlandırıb. Onun sözlərinə görə, NATO qüvvələri spesifik adamları deyil, Liviyanın komandanlıq və nəzarət strukturunu hədəfə alır.
Kameron Liviya diktatorunun oğlunun hava zərbələri nəticəsində öldürülməsi haqda xəbərlərə şərh verməkdən imtina edib.
Baş nazir bildirib ki, hədəfə alma prosedurları BMT qətnaməsinə uyğundur. Yəni, mülki vətəndaşların qorunması üçün hərbi komandanlıq və nəzarət strukturlarının, o cümlədən hərbi texnikanın vurulmasına icazə verir.
Informasiya şöbəsi